Hələ XIII yüzilliyin ikinci yarısında Yaxın və Orta Şərq ərazilərini zəbt etmiş Hülakü xanın işğalçılıq siyasəti Azərbaycandan da yan keçmədi. Həmin işğalla əlaqədar olaraq beşinci böyük monqol xanı Xubilay, Çingiz xanın nəvəsi Hülakü xana "elxan" ("ilxan") titulu vermişdi ki, onun da yaratdığı imperiya o vaxtdan Elxanilər və ya Hülakülər dövləti adlandırılmışdır. Aqşin Quliyev yazır: "Elxanilərin hakimiyyəti Azərbaycanda təqribən bir əsr davam etmişdir. Hülakülər dövləti möhkəm və mərkəzləşdirilmiş dövlət deyildi. Onun tərkibinə daxil olan ölkə və vilayətlər iqtisadi və etnik cəhətdən bir-birindən kəskin şəkildə fərqlənirdi. Ali dövlət hakimiyyətinin nüfuzunun yüksək olmasına baxmayaraq, vilayətlərdəki hakimiyyət elxan ailəsinin və ya onun yaxın qohumlarının əlində idi. Dövrün çətinliklərinə və ziddiyyətlərinə baxmayaraq, Azərbaycanın görkəmli mütəfəkkirləri öz ədəbi-elmi fəaliyyətlərini belə ağır şəraitdə də dayandırmamışlar. Elm və mədəniyyətin başqa sahələrində olduğu kimi, sosial-siyasi və hüquqi fikrin inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur.
XIV yüzillikdə Azərbaycanda fəlsəfi poeziyanın panteist xəttinin inkişafında filosof-panteist, alim, poetikanın bilicisi Şəmsəddin Hacı Məhəmməd Əssar Təbrizi mühüm yer tutur.
Ə.Təbrizi Azərbaycan elmi və mədəniyyəti tarixinə humanist və demokratik fikrin təbliğatçısı kimi daxil olmuşdur. Sözü ilə əməli bir olan mütəfəkkir alim hökmdarların sarayında xidmət etməkdən imtina edərək, öz əlinin əməyi ilə yaşamışdır".
Ə.Təbrizi Nizami ədəbi məktəbinin layiqli davamçısıdır. Nizamidən sonrakı dövrdə yaşayıb-yaratmış şairlər içərisində Nizami ideyalarını davam etdirən, onun ideallarına Əssar qədər sadiqlik nümayiş etdirən ikinci mütəfəkkir tapmaq çətindir. O, Nizami yaradıcılığını dərindən mənimsəmişdir. Əssar özünün məşhur "Mehr və Müştəri" poemasında Nizamini böyük bir idrak sahibi kimi tərifləmiş, onun şagirdi olması ilə fəxr etmişdir.
Ə.Təbrizinin yaradıcılıq irsi lirik qəzəllərdən, naməlum "Saqinamə" əsərindən, ona bütün Yaxın və Orta Şərqdə şöhrət qazandırmış "Mehr və Müştəri" məsənəvisindən ibarətdir. Mütəfəkkir "Saqinamə"də insan, onun iztirabları və dövrün ziddiyyətləri haqqında fikirlərini ifadə edir. O öz başına gələn müsibətlərdən danışır, zəmanəsinin haqsızlıqlarına etirazını bildirir".
Müəllifin fikrincə, görkəmli mütəfəkkirin sosial-siyasi görüşlərinin formalaşmasına müasiri olduğu dövrün iqtisadi, ictimai-siyasi vəziyyəti böyük təsir göstərmişdir. Mövcud quruluşun ədalətsizlikləri Əssarı haqq səsini ucaltmağa vadar etmişdir. Zəmanənin qəddarlığına qarşı barışmaz mövqe tutan humanist mütəfəkkir xeyirxah insanları bir-birinə köməyə çağırdı. Əssarın fikrincə, zəmanə qəddar olduğu qədər də xəsisdir. "Zəmanənin ifritəsi süd verməz bir cocuğa", - deyən mütəfəkkirin fikirlərindən onun yaşadığı dövrün sosial-siyasi mənzərəsini aydın təsəvvür etmək olur. Ə.Təbrizi insan qanına susayan cahil və müstəbidləri, onların sadə zəhmət adamlarına qarşı törətdiyi cinayətləri kəskin pisləyirdi.
A.Quliyev yazır: "Ə.Təbrizinin sosial ədalətlə bağlı ideyaları başlıca olaraq zəmanədən şikayət motivləri çərçivəsində ifadə olunmuşdur. Onun dövrün ədalətsizliklərinə və haqsızlıqlarına qarşı güclü etirazı cəhalət və qəddarlıq səltənətinin başı üzərində yandırıcı şimşəyin çaxmasını xatırladır. Zəmanənin əxlaqa və insanlığa zıdd olan adət-ənənələri, qanunsuzluqlar və kor-koranə mütilik, mənsəb xatirinə yaltaqlıq və xainlik qətiyyətlə rədd edilir. Belə mənfiliklərə sanki müharibə elan edən mütəfəkkir insanı istər mənəvi, istərsə də maddi çətinliklərə məruz qoyan mövcud quruluşun qəbahətlərini ağır sosial bəla kimi qiymətləndirir. O, insanlara zülm və səfalətdən savayı heç nə verməyən zəmanəni amansız olduğu qədər də cəhalətin hökmranlıq etdiyi dövran adlandırır, min cür əzab-əziyyətə düçar olan insanların halına və güzəranına acıyır.
Görkəmli mütəfəkkiri narahat edən məsələlərdən biri müasiri olduğu dövrdə mütərəqqi fikirli ziyalıların, nüfuzlu siyasi xadimlərin və alimlərin cəmiyyətdə hökmranlıq edən ədalətsiz qanunlara danışıqsız tabe olmalarıdır. Əssarın şikayət, eləcə də dərin nifrət hədəfinə çevrilmiş zəmanə haqsızlıqlar dənizini xatırladır və onun amansız fırtınası nə alimə, nə şəxsiyyətə, nə də sadə insana rəhm etmir, mərhəmət və şəfqət göstərilir. Mövcud quruluş və onun söykəndiyi üsul-idarə hamını özünün sanki köləsinə çevirmişdir".
Müəllifin fikrincə, cəmiyyətin ədalətsiz elementlərin meydanına çevrilməsi mütəfəkkirdə dərin təəssüf hissi yaradır. Əssarın qarşılaşdığı haqsızlıqlar, insanın başına gətirilən müsibətlər onda elə bir bədbin rəy yaratmışdı ki, ədalət mülkü sanki viran edilmişdir. Zəmanə insan qəlbinin dərinliklərində kök salmış ədalət arzularını elə bil darmadağın etmişdir. İnsanlığın yüzillik və minilliklər ərzində qurduğu haqq-ədalət binası sanki təməlindən dağıdılmışdır.
Zəmanənin ədalətsizliyi humanist mütəfəkkiri bəzən o dərəcədə bədbinləşdirir ki, onun hətta gələcəyə olan inamını qırır. "Sabahadək yaşamaqçın ümid varmı dünyada?" sualı, Əssarın yaşadığı dövrün nə dərəcədə zalım və qaniçən olduğunu təsdiq edir. Həyatın insana və insanlığa verdiyi hətta ani bir sevinc və fərəhdən təsəlli tapan humanist mütəfəkkir öz mənəvi sakitliyini bircə şeydə tapırdı:
"Çünki qəmlə fərəh daim bir yerdədir dünyada".
Orta əsr feodal-patriarxal dünyasının ədalətsizliklərinə dərin nifrət bəsləyən Əssar, bununla belə öz müasirlərinə vəfalı olmağı tövsiyə edir. O, hər hansı bədxahlığa, mütiliyə və riyakarlığa qarşı çıxaraq, insanları həyatın belə eybəcərliklərinə qarşı mübariz olmağa çağırır. İnsan öz ömrünü riyakarlıqla başa vurmamalı, cəmiyyətə sədaqətlə qulluq etməli, həyatı ayıq başla yaşamalı və insanlığa, onun varlığına xidmət edən müqəddəs amallara laqeydlik göstərməməlidir''. Əssarın fikrincə, insanlığa vəfalı olmaq riya və yalana qalib gəlməyin ən yaxşı yoludur.
Əssar Təbrizi panteizmə aid fikr və mülahizələrini "Mehr və Müştəri" poemasından əvvəl yazdığı "Saqinamə"sində irəli sürmüşdür. O, "Saqinamə"nin əvvəlində fəal iştirakçısı olduğu ariflər məclisində içdiyi meydən bəhs edir. Onun içmək istədiyi mey cəhalətin düşmənidir. O, əhl ilə naəhli fərqləndirməkdə insana kömək edr. Onu içən adamın bədəni də ürəyə dönür. Bu mey fövqəladə qüvvəyə malikdir. O, təbiətdə insana ziyan vuran qüvvələri məhv etmək üçün günəşin qılıncına su verdiyi kimi, mütəfəkkirə də dövranın ətəyindən tutub yuxarıdan aşağı salmağa güc verə bilər. Əssarın dövrana hədsiz kini və hiddəti səbəbsiz deyildir. Çünki bu dövran insanı ucuz şöhrət, ətalət bataqlığında boğub məhv edir. Mütəfəkkir ictimai mühitin açıq-aydın mənzərəsini... göstərir. Bu mühit ikirənglidir. O, hiyləgərdir, kinlidir. Gücü çatana, onun eyblərini, yaramazlıqlarını üzünə çırpana yaralı pələng kimi hücum edir və rəhimsizcəsinə didib-dağıdır.
A.Quliyev bir daha yazır: "Ə.Təbrizinin sosial-siyasi ideyalarında ümidsizlik motivlərinə təsadüf olunsa da, həmin ideyalarda dərin inam hisslərini də görməmək mümkün deyil. Zəmanənin, dövrün ağırlıqlarına və cəhalətpərəstliyin meydan sulamasına baxmayaraq, mütəfəkkir haqqın və ədalətin bir gün zəfər çalacağına möhkəm inam nümayiş etdirir. O, dünyanın yalnız qəddar və riyakar adamlardan ibarət olduğunu qəti şəkildə rədd edir və gələcəyə nikbin nəzərlərlə baxır. Müstəbidlik və zalımlıq heç vaxt əbədi ola bilməz. Ədalətsiz hökmranlıq bir gün ölümə məhkumdur.
Xalqın ağır və dözülməz vəziyyətini göz önünə gətirərək cəmiyyətdəki çirkinlikləri, sosial haqsızlıqları, zülm və zorakılıqları sağdan-soldan qamçılamaq, feodal cahilliyini və özbaşınalıqlarını çəkinmədən ifşa etmək Əssarın sosial ədalətə dair ideyalarına parlaqlıq verən cəhətlərdir. Onun ideyasına görə, cəmiyyətdə hökm sürən rəzalətlər cahil adamların əxlaqsız və qeyri-insani hərəkətlərinin nəticəsidir. İnsanlığa yad olan belə hərəkətlər nəticəsində məzlumların sonsuz məhrumiyyətlərə düçar olmasından mütəfəkkir bərk qəzəblənir".
Müəllifin fikrincə, Ə.Təbrizi cəmiyyətin inkişafına və insanların xoşbəxtliyinə mane olanları, təbiətinə yalnız sitəm etməyin xas olduğu məmurları kəskin tənqid edərək, onları rəzil və nanəcib məxluq adlandırır. Bunlar qorxaq və əxlaqsız olduqları qədər də ədalətin düşmənidir. Belə tiplər yalnız ziyan vurmaqda, pis və şər əməllər törətməkdə mahirdilər. Haqqa, ədalətə düşmən kəsilən, insanların xoşbəxtliyinə mane olmaqdan usanmayan və bütün bədbəxtliklərə rəvac verən bu yaramaz ünsürlərin nəfsi cinayət törətməyə bilməz. Bunu "Mehr və Müştəri" poemasının mənfi obrazı olan Bəhramın timsalında daha aydın müşahidə etmək olur. Bu mənfur, simasız adamın mənsub olduğu eybəcər mühitdən əxz etdiyi yalnız qeyri-əxlaqi və vəhşi keyfiyyətlərdir. Həmin mühit bundan artığını yetirə bilməzdi. Əssar bəhramları və belələrini yetişdirən mühiti aşağıdakı kimi təsvir edir.
Cəmiyyətdə hökm sürən qanunsuzluqlara, haqsızlığa və hüquqsuzluğa qarşı barışmaz vətəndaş mövqelərində dayanan Əssar feodal üsul-idarəsində tətbiq edilən qeyri-humanist qayda və normalara öz nifrətini gizlədə bilmirdi. Mütəfəkkirin sosial-siyasi fikirlər XIV yüzillikdə Azərbaycan feodal cəmiyyətinin həqiqi simasını və təbiətini əks etdirən güzgüdür. Məhz bu güzgüdə Bəhramın və bəhramkimilərin mənfur siması bütün təfərrüfatı ilə əks olunur. Bəhram obrazı feodal-patriarxal dünyasının insani keyfiyyətlərdən tamamilə uzaq olan tipik və son dərəcə heyrətləndirici mənfi xislətə malik subyektidir. Onun təbiətinə yalnız ziyanxorluq və fitnə-fəsadlar törətmək hissləri hakim kəsilmişdir. O, başqa cür yaşaya bilmir, çünki insanlığa qarşı bədxahlıqlar törətmək onun qanında və canındadır. Q.Cahani yazır: "Bəhram... şər qüvvə kimi təsvir olunmuşdur. O, yırtıcı və zalım olduğu kimi də hiyləgərdir, fitnəkardır. Bəhram... insan düşməni, öz səadəti üçün başqasını məhv etməyə hazır olan cəllad, qatildir... Bəhram feodal mühitinin tipik nümayəndəsidir. Onun ürəyinə insanpərvərlik hissi yaddır. O, elə qaraqəlbli adamlar içərisində tərbiyə almışdır ki, işığa, insan səadətinə düşmən kəsilmişdir". Başqa sözlə, Bəhram cəmiyyəti və nemətlərini məhvə sürükləyən bədniyyət məxluqatın ümumiləşdirilmiş obrazıdır.
Əssarınsa ideyasına görə, cəmiyyət yalnız pak və xeyirxah əməllərin dışıyıcısı olan insanların məkanı olmalıdır. Ədalət də məhz belə bir məkanda pərvaz edə bilər. Ədalətin çiçəklənməsi və pöhrələnməsi saf niyyətli insanların əməlinə məxsusdur. Belə insanların işıqlı və parlaq niyyətləri ədalət ağacını sönməyə qoymur, bu ocağın istisinə isə bütün cəmiyyət, insanlıq qızınır və səadətə qovuşur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru