PDF Oxu

MİA

  • 24 028

Əssar Təbrizinin insana və insanlığa hümanist münasibəti

image

Nizami və Tusinin ardınca Əssar da insana və insanlığa nəcib hisslər və ehtiramla yanaşır. Görkəmli Azərbaycan tədqiqatçısı Aqşin Quliyev yazır: "Onun insana münasibəti dərin mənəvi-əxlaqı təmələ söykənən humanist münasibət tərzidir. Bu münasibət mütəfəkkirin sosial-siyasi doktrinasında həll edilməli əsas problemlərdən biri olub, özündə, eyn zamanda siyasi-fəlsəfi məzmun ehtiva edir. Cəmiyyətin ilkin hüceyrəsi olan insan-fərd bütün sosial-siyasi hadisə və proseslərin fövqündə dayanır. Onsuz cəmiyyətin heç bir problemi həll edilə, əyər-əksiyi düzələ bilməz. Mənəviyyatı gözəl, əxlaqı təmiz və ədaləti olan insanın əməlləri və yaratdıqları da ürəklərə fərəh gətirir, cəmiyyətin xoşbəxtliyinə xidmət edir".

Dahi sələfi Nizaminin sosial-siyasi görüşlərində olduğu kimi, Əssarın da analoji ideyalarında cəmiyyətin təbəqələşdirilməsinə təsadüf olunmur. Qasım Cahani yazır: "Əssar cəmiyyəti siniflərə, təbəqələrə deyil, mənəviyyatı yüksək maarifpərvər və mənəviyyatsız insanlara bölür". A.Quliyevin fikrincə, bu nöqteyi-nəzərdən, o, Tusinin cəmiyyətin təbəqələrə bölgüsünə dair mövqeyindən fərqli mövqeyə malikdir. Belə ki, cəmiyyətin təbəqələrə bölgüsü Tusi tərəfindən sosial-siyasi mövqedən aparılır. Əssar isə belə bölgüyə mənəvi-əxlaqi cəhətdən yanaşır. Mütəfəkkirin fikrincə, cəmiyyət yalnız əxlaqı zəngin (dərin mənəviyyatlı) və əxlaqı kasıb (mənəvi cəhətdən yoxsul) adamlardan ibarət ola bilər. Göründüyü kimi, Əssar cəmiyyətin təbəqələrə bölgüsü məsələsində şəxsiyyətin cəmiyyətdəki iqtisadi (sosial-maddi), siyasi və hüquqi vəziyyətinə görə mövqeyinin müəyyənləşdirilməsi problemindən yan keçmişdir. Deməli, Əssarın ideyasına uyğun olaraq cəmiyyət zəngin mənəviyyatlı və mənəviyyatsız fərdlərin məcmusundan ibarət olan insan birliyidir. Haqqın və ədalətin tərəfdarı olan adamlar yüksək mənəviyyatın, zülm və zorakılıqların səbəbkarı olan adamlar isə mənəviyyatsızlığın daşıyıcılarıdır.

A.Quliyev yazır: "Təsadüfi deyildir ki, Ə.Təbrizi cəmiyyətdə öz yüksək mövqeyi ilə seçilən feodalları etik adət-ənənələrə xor baxan, yalanı həqiqətdən və düzlükdən yüksək tutan, ədalətə böhtan və riya ilə arxadan zərbə vuran zümrə qismində təsəvvür edir. Yalnız mənəviyyatsız adamlar başqalarının rahat həyatını pozur. Tüfeyliliyin daşıcısı olan belə şəxslərin işi və peşəsi məzlumlara xəyanət etməkdən ibarətdir. Sadə insanların ləyaqətini alçaltmaq, onların təmiz hissləri ilə oynamaq mənəviyyatsız əsilzadələrə xas olan keyfiyyətdir. Bu əsilzadələr ədalətin önünə möhkəm hasar çəkən, özləri isə onun arxasında gizlənən, bundan sanki "mənəvi zövq" alan ziyanvericilərdir. Böyük mütəfəkkir feodal-patriarxal dünyasının qüsurlarını tənqid edir.

Ə.Təbrizi poemanın "Mehrin Allaha müinacatı" sərlövhəli hissəsində zəmanənin, müstəbid əhlinin törətdiyi cinayətlərdən məzlumların ərşə qalxan ah-naləsi, acı fəryadı son dərəcə məzmunlu ifadə edilir. Əsərin bu parçası Allaha müraciətdən ibarət olsa da, burada məzlumların və sadə insanların, məruz qaldığı sosial bəlaların geniş mənzərəsi yaradılır".

Görkəmli mütəfəkkirin ideyasına görə, hökmdarın ədalətdən uzaq olması qəbahətdir. Ədalətsiz hökmdarın bu keyfiyyəti qəddarlığın eynidir. Müstəbid hökmdarlar isə tarixdə yalnız öz zalımlığı ilə ad çıxarmışdır. Dövlət başçısına, "şahım, ədalətdən kənar olmaq düz deyil" - deyə müraciət edən Əssar, hökmdar qəddarlığını insanlığa qarşı edilən böyük həqarət və günah kimi qiymətləndirir. Hökmdarın çətinlikləri ədalətsizliklə aradan qaldırması, yaxud nöqsanların qarşısını qəddarlıqla alması nə tərbiyə, nə də qanuni cəza deyil, əksinə, qeyri-əxlaqi üsullara söykənən vəhşilikdir. Hökmdar hər hansı müşkül işi həll etmək üçün möhkəm iradə ilə hərəkət etməli və haqqa sığınmalıdır. Hökmdar haqdan ümidini heç vaxt kəsməməlidir. Həqiqət də məhz bundan ibarətdir.

A.Quliyev yazır: "Ə.Təbrizi haqqın, ədalətin tapdalanmasına, habelə müasiri olduğu cəmiyyətdə xalq mənafeyinin pozulmasına qarşı kəskin etirazlı fikirlərini öz obrazlarının - Mehrin və Müştərinin dili ilə ifadə edir. Zəmanənin əyər-əskiklərinə və quruluşun nöqsanlarına cəsarətli zərbələr endirən qabaqcıl və demokratik fxkirli bu gənclər öz əqli kamillikləri ilə müasirlərindən fərqlənirlər. Onlar siyasi cəhətdən də geniş dünyagörüşünə malik olan ziyalılardır. Gənc olmalarına baxmayaraq, onlar fikir və düşüncələrinin azadlığı, aydınlığı və ardıcıllığı ilə seçilirlər. Mətinlik və əzmkarlıq, insanpərvərlik və qayğıkeşlik, eləcə də haqsızlıqla barışmazlıq, ədalətsizliklərə qarşı mübarizlik onlara xas olan əsas cəhətlərdir. Qeyri-humanist qanunları, feodal cəmiyyətinin köhnəlmiş qaydalarını, adət-ənənələrini qamçılayan Müştəri "gecə fəzilət əhlinin günü kimi qaradır" - deyə dövrünü qaranlıq gecəyə, gecəni isə arif adamların gününə bənzədir. Əssarın qəhrəmanı öz zəmanəsinin mütərəqqi ideyalara malik şəxsiyyəti kimi insan hüquqsuzluğunu və geriliyi ittiham edir, cəmiyyətdə hökm sürən ədalətsizliklərə və özbaşınalıqlara göz yuma bilmir. Mütəfəkkir bu obrazın köməyilə sadə, zəhmətkeş xalqın sosial-iqtisadi və siyasi vəziyyətinə aydınlıq gətirmiş, hakim dairələrin məzlumlara qarşı qeyri-insani münasibətini ifşa etmişdir. Yaratdığı obrazın dili ilə humanist və alovlu bir natiq kimi danışan Əssar, insan hüquq və azadlıqlarının, sosial ədalətin müdafiəçisi və demokratik ideyaların carçısı kimi çıxış edir."

Müəllif qeyd edir ki, orta əsrlərdə hüquq və azadlıqların, haqq sözün boğulduğu, həqiqətlərin danıldığı, azad və sərbəst iradənin məngənəyə salındığı, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldıldığı, bütün bunların əksinə olaraq, ədalətsizliklərə haqq qazandırıldığı, yalanın, iftira və böhtanın meydan suladığı, mütiliyə və riyakarlığa rəvac verildiyi, simasız adamların yüksək mərtəbəyə qaldırıldığı bir şəraitdlə demokratik və humanist ideyalarla çıxış etmək cəmiyyətin qabaqcıl fikirli hər bir üzvündən böyük cəsarət, əzm və iradə tələb edirdi. Feodal-patriarxal cəmiyyətinin sosial-siyasi və hüquqi təbiətinə, köhnəlmiş və insan əxlaqına zidd olan qaydalarla işləyən sosial institutlara, qəddar və bürokratik dövlət strukturlarının yarıtmaz fəaliyyətinə, eləcə də məzlumlara qarşı hər cür fitnəkarlıqlara haqq qazandıran hökmran ideologiya hər hansı bir mütərəqqi ideyanın yaranmasına qarşı çıxır, onun varlığına son qoymağa çalışırdı. Əsl həqiqətlər və real gerçəkliklər ədalətsizcəsinə inkar olunurdu.

A.Quliyev yazır: "Qeyd etmək lazımdır ki, istər Yaxın və Orta Şərq, istərsə də Qərbi Avropa ölkələrində hökmran ideologiyanın tələbləri ilə razılaşmayan, yaxud ümumiyyətlə, barışmayan qabaqcıl fikirli ziyalılar müxtəlif dini təşkilatlar və bu təşkilatların bəzən hətta təzyiqi altında dövlətin özü tərəfindən təqib edilirdilər. Humanist və demokratik quruluş uğrunda ideoloji mübarizə aparan ayrı-ayrı sənət və peşə sahibləri, hətta tanınmış mütəfəkkirlər bir çox hallarda öz ideya və mülahizələrinin, təlim və doktrinalarının xalq ruhuna yaxınlığına və ya xalq mənafeyini ifadə etdiyinə görə sərt işgəncə və cəzalara məruz qalmışlar. Buna baxmayaraq, onlar öz fəal mübarizəsini heç vaxt dayandırmamış, əksinə, daha da gücləndirmiş, müəyyən məqamlarda öz ətraflarına çoxsaylı həmfikirlər toplamışlar. Belə ziyalı və mütəfəkkirlər öz xeyirxah niyyət və məqsədlərinə nail olmaq üçün hər cür maneə və çətinlikləri şəxsi səyləri, bəzən xalqın səyi ilə aradan qaldırmağa çalışmış, bu yolda hətta həyatlarını belə əsirgəməmişlər. Deməli, ədalətsiz və zorakı qanunlarla yaşayan cəmiyyət, bu qanunlarla barışmayan və xalqı oyatmağa, onu maarifləndirməyə çalışan şəxsiyyətləri də özü yetirmişdir. Çünki sosial-siyasi ziddiyyətlər bütün cəmiyyətlərdə bir-birini inkar edən əks-baxışlardan doğmuş, ideoloji mübarizə onları həmişə müşayət etmişdir".

Bu nöqteyi-nəzərdən, Əssarın "Mehr və Müştəri" poemasında bir-birinə tamamilə zidd olan iki dünyagörüşü, iki əks-qütblərdə dayanan əqidə, təfəkkür qarşılaşdırılmışdır. Bunlardan biri Mehr, Müştəri və onların həmfikirləri, digəri isə Bəhram və onun mənsub olduğu zümrənin nümayəndələridir.

A.Quliyevin fikrincə, istər Mehr, istərsə də Müştərinin xalq içərisindən çıxmayan ziyalı olmalarına baxmayaraq, onlar sadə xalqın, məzlumların mənafeyinin təmsilçiləri kimi təsvir edilirlər. Onların həyatda ümumiləşdirilmiş canlı prototipi məhz Əssarın özüdür. Sadə xalqın istəyi həm Mehrin, həm də Müştərinin və onların tərəfdarlarının istəyidir. Bu gənclərin fəaliyyət proqramına zülmü və istibdadı məhv etmək, sitəm və zorakılığı aradan qaldırmaq, insan azadlıqlarını gerçəkləşdirmək, cəmiyyətdə haqqın və ədalətin zəfər çalmasını təmin etmək vəzifələri daxildir. Mütəfəkkir onları həm də elmi və mədəniyyəti qiymətləndirən və hər yerdə düzlüyün, həqiqətin və ədalətin bərpasına nail olmağa çalışan müdrik şəxslər kimi təqdim edir. Xalq kütlələrinin köklü mənafelərinə yad olan hər şey onları həmişə narahat edən və dərindən düşündürən problemlərdir. Əssar bu obrazları yaratmaqla öz xeyirxah məqsədinə nail olmağa səy göstərmişdir. Mütəfəkkirin təxəyyül qəhrəmanları ən yüksək zirvədə dayanmağa layiq olan gənclərdir. Mütəfəkkir onları siyasi məsələlərdə və dövlətin idarə edilməsi məsələsində yüksək pilləyə qaldırmaqla, qarşısına qoyduğu sosial-siyasi problemləri cəmiyyətin və insanlığın mənafeyi naminə həll etməyə böyük səy göstərmişdir.

"Mehr və Müştəri" poemasını ətraflı təhlil etmiş Q.Cahaninin göstərilən məsələ ilə bağlı mülahizələri çox maraqlıdır. Tədqiqatçı yazır: "Mehr və Müştəri" gələcək cəmiyyətə şah və vəzir kimi hazırlansalar da, onlar insanpərvərlik hissləri ilə sələflərindən fərqlənirlər. Poemada təsvir olunan əks- qüvvələrin fəaliyyəti ... bu fikri sübut edir. Şər qüvvələrin başçısı Şapur şah Bəhramın uydurmasına inanaraq, hadisənin mahiyyətini öyrənmədən Müştərini öldürməyi əmr edir. Bəhram vəzir olmaq xatirinə ... cinayət törətməkdən çəkinmir. Əksinə, Mehr məğlub etdiyi Qaraxanı insanlıq naminə bağışlayır, Müştəri onun uğrunda işgəncələrə məruz qalmış Mehri xilas etmək üçün canını belə əsirgəmir. Bütün bunlar şər qüvvələrin qorxaqlığını, daxili yoxsulluğunu açıb göstərməklə xeyirxah qüvvələrin zəngin mənəviyyatını nümayiş etdirir. Əssar Təbrizi şöhrət və rəyasətpərəstliyi, qatilliyi bir qanun kimi qəbul edən və onu bütün gücü ilə qoruyan şər qüvvələrə qarşı hər cür qeyri-insani qaydalara baş əyməyən bu gəncləri qoyur. Feodal-patriarxal cəmiyyət öz qanunlarına biganə qalanları yaşatmırdı. Lakin bu qəhrəmanlar güclü idilər".

Ə.Təbrizi ədalətsizlik və haqsızlıqları, fitnəkarlığı, ucuz şöhrəti mənfur simalı və böhtançı Bəhramın şəxsində ümumiləşdirməklə, bilavasitə Bəhramı deyil, onu və ona bənzər digər şər qüvvələri, habelə onların çirkin əməllərini yetişdirən sosial mühiti, cəmiyyətdə hökm sürən natəmiz ab-havanı təqsirləndirir. Cəmiyyətdə mövcud olan hakim ideologiyanın mənfur cəhətləri, çatışmazlıqları sosial həyatın və quruluşun, bilavasitə özünün təbiətindən irləi gəlir. Qüsurlarla dolu sosial həyatın büründüyü mühit tədricən öz mənfiliklərinin daşıyıcısı olan ayrı-ayrı fərdləri yaradır və onların şüuruna təsir göstərir. Ayrı-ayrı fərdlər tədricən qəbahətli ideologiyanı təmsil edən əlahiddə qruplara, qruplar isə, öz növbəsində genişlənərək cərəyanlara çevrilirlər. Cəhalət və fitnə-fəsadlar törədən yuvanı xatırladan belə cərəyanlar mühitinin yetişdirdiyi şər qüvvələrin çirkin əməllərinin ilkin səbəbi qismində, məhz həmin sosial-siyasi və ideoloji mühitin özü çıxış edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər