Birləşmiş Millətlər Təşkilatının cinayətkarlığın qarşısını almaq və qanun pozucuları ilə davranışa dair 1955-ci ildə Cenevrədə keçirilən Birinci Konqresdə "Məhbuslarla davranışın minimal standart qaydaları" qəbul edilmiş və həmin qaydalar İqtisadi və Sosial Şura tərəfindən onun 663 (XXIV) saylı 31 iyui 1957-ci il və 2076 (XII) saylı 13 may 1977-ci il tarixli qətnamələri ilə bəyənilmişdir.
Namiq Əliyev yazır: "Həmin qaydalar nümunəvi həbs cəzası müəssisələri sistemini müfəssəl təsvir etmək məqsədi daşımayıb, yalnız müasir fikrin hamı tərəfindən qəbul edilmiş nailiyyətləri əsasında və hazırda daha qənaətbəxş olan sistemlərin başlıca elementləri nəzərə alınmaqla, adətən, məhbuslarla davranış və həbsxana müəssisələrinin idarə olunması sahəsində prinsipial və praktik baxımdan düzgün sayıtlanları ifadə etmək üçün təxsis edilmişdir. Hüquqi, sosial, iqtisadi və coğrafi şəraitin müxtəlifliyi nəzərə alınmaqla aydındır ki, bu qaydaların heç də hamısını hər yerdə və eyni vaxtda tətbiq etmək olmaz. Bununla belə, bu qaydalar daim onların həyata keçirilməsində qarşıya çıxan praktik çətinliklərin aradan qaldırılmasına yönəldilmiş səylər doğurmalıdır. Belə ki, onlar, ümumiyyətlə və bütövlükdə, BMT-nin məqbul saydığı minimal şərtləri əks etdirir.
Digər tərəfdən, onlar fikrin daim irəli getdiyi fəaliyyət sahəsini əhatə edirlər. Bu qaydalar onlarda əksini tapmış prinsiplərə uyğun və onlarda nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəldilmiş təcrübələrin keçirilməsinə və praktikanın tətbiqinə əngəl törətmək məqsədi daşımır. Qaydalardan bu ruhdan kənara çıxmağa yol verilməsi mərkəzi həbsxana idarəsi üçün həmişə bəraətverici olacaqdır.
Qaydaların I hissəsi müəssisələrin ümumi idarə edilməsinə və cinayət işi, yaxud mülki iş üzrə həbsdə olmasından və yalnız istintaqda olmasından, yaxud məhkum edilməsindən - hakimin təyin edilməsindən - hakimin təyin etdiyi "təhlükəsizlik tədbiri", yaxud islah tədbirləri məqsədilə həbs edilənlər daxil olmaqla - asılı olmayaraq, bütün kateqoriyadan olan məhbuslara aiddir.
II hissədə haqqında hər bölmədə bəhs edilən xüsusi kateqoriyalara tətbiq edilən qaydalar ifadə edilir. Lakin A bölməsi üzrə məhkum edilmiş məhbuslara aid qaydalar eyni dərəcədə barəsində B, C, D bölmələrində söhbət gedən kateqoriyalardan olan şəxslərə də - bu kateqoriyadan olan şəxslər üçün işlənib-hazırlanmış qaydalara zidd olmamaq və sonuncuların vəziyyətini yaxşılaşdırmaq şərtilə - aid edilməlidir.
Qaydalar azyaşlılar üçün bu cür müəssisələrin - Barstalın müəssisələri, yaxud islah evləri kimi - idarə olunmasını nizama salmaq məqsədi daşımır. Bununla belə, I hissə bu müəssisələrə də tətbiq edilə bilər. Azyaşlılar kateqoriyasına, heç olmasa, azyaşlı cinayətkarları mühakimə etmək səlahiyyətinə malik məhkəmələrə aid olan bütün gənc məhbuslar daxil edilməlidir. Bir qayda olaraq, belə gənc adamlar həbs cəzasına məhkum edilməməlidir".
Müəllif göstərir ki, aşağıdakı qaydalar qərəzsiz tətbiq edilməlidir. İrq, dərinin rəngi, cins, dil, dini, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, mülki vəziyyət, ailə mənşəyi, yaxud sosial vəziyyət əlamətlərinə görə ayrı-seçkilik yolverilməzdir. Digər tərəfdən, əhalinin bu və ya digər qruplarına mənsub məhbusların dini etiqadlarına və əxlaqi görüşlərinə hörmət edilməlidir.
Bütün həbsxanalarda səhifələri nömrələnmiş cildli jurnal şəklində reyestr olmalıdır. Orada hər bir məhbusa aid aşağıdakı məlumatlar qeyd edilməlidir;
1) onun şəxsiyyətinə dair məlumatlar;
2) həbs edilməsinin səbəbləri və həbs edilməsi barəsində qərar qəbul etmiş hakimiyyət orqanları;
3) həmin həbsxanaya daxil olduğu və oradan çıxdığı gün və saat.
Heç kəs təfərrüatı qabaqcadan reyestrdə qeyd edilən həbsedilmə barəsində əsl əmr olmadan dustaqxanaya qəbul edilə bilməz.
Məhbuslar kateqoriyalara bölünürlər. Müxtəlif kateqoriyalardan olan məhbuslar onların cinsi, yaşı, əvvəllər məhkum olunması, həbs edilməsinin hüquqi səbəbləri və onlarla davranışa dair sərəncam nəzərə alınmaqla, ayrı-ayrı müəssisələrdə, yaxud eyni müəssisənin müxtəlif hissələrində saxlanırlar. Beləliklə:
1) kişilər və qadınlar, mümkün qədər, ayrı-ayrı müəssisələrdə saxlanılmalıdır; kişilər və qadınlar eyni müəssisədə saxlanırsa, tamamilə ayrı-ayrı binalarda yerləşdirilməlidir;
2) məhkum edilməmiş məhbuslar məhkum edilmişlərdən ayrı yerləşdirilməlidir;
3) borc öhdəliklərini yerinə yetirmədiyinə görə məhkum edilmiş şəxslər və mülki işlərə görə həbs edilmiş məhbuslar cinayət törətmiş şəxslərdən ayrı yerləşdirilməlidir;
4) azyaşlı qanun pozanlar yaşlılardan ayrı saxlanılmalıdır.
N.Əliyev yazır: "Məhbusların istifadə etdiyi yerlər, xüsusilə, yatacaq yerləri bütün sanitariya tələblərinə cavab verməli, həm də belə yerlərin iqlim şəraitinə, kubaturasına, minimal sahəsinə, işıqlandırılmasına və qızdırılmasına lazımi diqqət yetirilməlidir.
Məhbusların yaşadıqları və işlədikləri yerlərdə:
1) pəncərələr məhbusların gün işığında oxuması və işləməsi üçün kifayət edəcək irilikdə olmalı və elə düzəldilməlidir ki, süni ventilyasiya sisteminin olub-olmamasından asılı olmayaraq, təmiz havanın gəlməsi təmin edilsin;
2) süni işıqlandırma məhbusların görmə qabiliyyətinə xələl gətirmədən oxumasına və işləməsinə kifayət etməlidir.
Sanitar qurğuları hər bir məhbusa təbii ehtiyaclarını, ona lazım olduqda, təmizlik və ədəb şəraitində ödəməsinə kifayət etməlidir.
Hamam qurğularının və duşların sayı hər bir məhbusun hər iqlimi uyğun temperaturda çimə bilməsi, yaxud duş qəbul edə bilməsi və bunu etməyə borclu olması və bunu ilin fəsli və coğrafi rayon nəzərə alınmaqla, ümumi gigiyena şərtlərinin tələb etdiyi qədər tez-tez, yəni mülayim iqlimdə, heç olmasa, həftədə bir dəfə etməsi üçün kifayət etməlidir.
Müəssisənin məhbusların müntəzəm istifadə etdikləri bütün hissələri həmişə lazımi qaydada ən ciddi təmizlik şəraitində saxlanılmalıdır.
Məhbuslardan özlərini təmiz saxlamaları tələb edilməlidir. Bunun üçün onlar təmizliyi və sağlamlığı qoruyub-saxlamaq üçün lazım olan su və tualet ləvazimatı ilə təmin edilməlidir. Məhbusların zahiri görkəmlərini özlərinin insan ləyaqətinə uyğun saxlamaları üçün onlara öz saç və saqqallarına qulluq etmək imkanı yaradılmalı, kişilərə üzlərini müntəzəm surətdə qırxmalarına icazə verilməlidir".
Mülki paltar geymək hüququ olmayan məhbuslara mövcud iqlimə uyğun və sağlamlıqlarını qənaətbəxş saxlamağa imkan verən geyim dəsti verilməlidir. Bu paltar təhqiredici və alçaldıcı xarakterli olmamalıdır. Paltar təmiz və sahmanda saxlanmalıdır. Dəyişəyin yuyulması, yaxud yeni dəyişək verilməsi gigiyena tələblərinə uyğun təmin olunmalıdır. Məhbusun müəssisəni tərk etdiyi müstəsna hallarda, hakimiyyət orqanlarının icazəsi ilə, onun öz şəxsi paltarını, yaxud gözə çarpmayan digər paltar geyməsinə icazə verilməlidir. Məhbuslara onlar, həbsxanada olarkən mülki paltar geyməyə icazə verildikdə, onun təmiz və geyməyə yararlı olması üçün tədbirlər görülməlidir. Hər bir məhbus milli, yaxud yerli normalara müvafiq olaraq ayrıca yatacaq ləvazimatı ilə təchiz edilmiş ayrıca çarpayı ilə təmin olunmalıdır. Yatacaq ləvazimatı verildiyi vaxt təmiz olmalı, sahmanda saxlanılmalı və təmiz qalması üçün kifayət qədər tez-tez dəyişdirilməlidir.
Həbsxana idarəsi hər bir məhbusun sağlamlığına və qüvvəsini qorumaq üçün onu eyni saatlarda kifayət qədər qidalı, keyfiyyətli və yaxşı hazırlanmış yeməklə təmin etməlidir. Hər bir məhbusun istəyəndə içməli suyu olmalıdır.
Açıq havada işləməyən məhbusların hava əlverişli olduqda hər gün, heç olmasa, bir saat həyətdə münasib fiziki məşğələ etmək hüququ var. Azyaşlılara və müvafiq fiziki vəziyyətdə olan münasib yaşlı məhbuslara fiziki məşq keçmək və məşğələ zamanı idman oyunu oynamaq imkanı verilməlidir. Bunun üçün lazımı meydançalar, qurğular və avadanlıq olmalıdır.
Tibbi xidmət. Bütün müəssisələrin sərəncamında psixiatriya sahəsində biliyi olan, heç olmasa, bir nəfər ixtisaslı tibb işçisi olmalıdır. Tibbi xidmət yerli, yaxud dövlət səhiyyə orqanları ilə sıx əlaqədə təşkil edilməlidir.
O, psixiatriya diaqnostikası xidmətinin və lazım gəldiyi yerlərdə, psixi cəhətdən normal olmayan məhbusların müalicəsini əhatə etməlidir. Mütəxəssis xidmətinə ehtiyacı olan xəstə məhbuslar xüsusi müəssisəyə, yaxud adi xəstəxanaya keçirilməlidir. Həbsxana xəstəxanaları xəstələrə lazımi tibbi qulluq göstərilməsi və onların müalicəsi üçün zəruri olan avadanlığa, qurğu və dərmanlara, həmçinin, kifayət qədər ixtisaslı personala malik olmalıdır. Hər bir məhbusun ixtisaslı diş həkiminin xidmətindən istifadə etmək imkanı olmalıdır.
Müəllif qeyd edir ki, qadın müəssisələrinin hamilə və zahı qadınlara qulluq etmək üçün xüsusi otaqları olmalıdır. Mümkün olan yerlərdə çalışmaq lazımdır ki, (doğum həbsxanada yox, adi xəstəxanada baş versin. Uşaq həbsxanada doğularsa, bu hadisə doğum haqqında şəhadətnamədə göstərilməlidir. Məhbus qadınlara öz körpələrini yanlarında saxlamağa icazə verilən yerlərdə uşaqları ana qayğısı görmədiyi vaxtlarda yerləşdirmək üçün ixtisaslı personala malik körpələr evi yaradılması nəzərdə tutulmalıdır. Hər bir məhbus qəbul edilərkən və sonralar lazım gəldikdə, onun fiziki və ya əqli cəhətdən xəstə olub-olmamasını müəyyən etmək, müvafiq tədbirlər görmək, hansısa yoluxucu xəstəliklərə mübtəla olması güman edilə bilən xəstələri təcrid etmək, onların yenidən tərbiyəsinə mane ola bilən fiziki, yaxud əqli naqisliyini üzə çıxarmaq və onların əmək qabiliyyətlərini müəyyənləşdirmək üçün tibbi müayinədən keçirilməlidir. Məhbusların fiziki və peşə sağlamlıqlarının qayğısına həkim qalmalıdır. O, hər gün bütün xəstələri, xəstəlikdən şikayət edənləri və onun xüsusi diqqətinin yönəldildiyi hamını ya qəbul etməli, yaxud onların hamısına baş çəkməlidir. Həkim məhbusun həbsi, yaxud hər hansı dustaqlıq şəraiti ilə əlaqadar fiziki, yaxud əqli müvazinətinin pozulduğunu və ya pozulmaq qarşısında olduğunu hesab etdiyi hər dəfə bu barədə direktora məruzə edir. Həkim müntəzəm surətdə inspeksiya keçirməli və direktora aşağıdakı məsələlər barədə məruzə etməlidir:
a) yeməyin miqdarı, keyfiyyəti, hazırlanma və paylanma şəraiti,
b) müəssisənin və orada saxlanan şəxslərin gigiyenası və təmizliyi;
c) müəssisənin qızdırılması, sanitariyası, işıqlandırılması və ventilyasiyası,
d) məhbusların paltarının və yatacaq ləvazimatının yararlığı və təmizliyi;
c) xüsusi personalar həvalə edilmədiyi hallarda bədən tərbiyəsi və idman işlərinə dair qaydalara riayət edilməsi.
Direktor həkimin ona göndərdiyi məruzə və tövsiyələri nəzərə almalı və sonuncunun tövsiyələri ilə razıdırsa, onların yerinə yetirilməsi üçün dərhal tədbirlər görməlidir; bu tövsiyələr onun səlahiyyət çərçivəsindən kənara çıxırsa, yaxud onlarla razı deyilsə, o, dərhal həm öz məruzəsini, həm də həkimin tövsiyələrini yuxarı orqanlara təqdim etməlidir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru