PDF Oxu

MİA

  • 3 526

İnsan hüquqları və siyasi-ideoloji ənənələr

image

Qərbdə belə bir fikir aşılayırlar ki, kapitalizm demokratiyanın ayrılmaz hissəsidir. Lakin kapitalizmin ən qəddar repressiv rejimlərdə çiçəklənməsi barədə az danışılır. Transmilli korporasiyaların maraqları bir çox "üçüncü dünya" ölkələrində demokratiyanın devrilməsinə və həmin ölkələrdə sağ yönümlü diktaturların hakimiyyətlərinin qurulmasına kömək etmişdir. Belə hakimiyyətlər isə həmin ölkələri korporativ investisiyaların etibarlı sələflərinə çevirmişlər. Bizə deyirlər ki, azad sahibkarlıq sistemi imkanların bərabərliyini yaradır, qabiliyyəti olanları və təşəbbüs göstərənləri mükafatlandırır, tüfeyliləri və fərsizləri sosial pillələrin aşağılarına keçirir. Bizə deyirlər ki, azad sahibkarlıq sistemi digər xalqların həsəd apardığı milli inkişaf prosesini təmin edir, insan azadlığına, siyasi müstəqilliyə zəmanət verir (göstərilməyən vəsaitlərin istifadəsi ilə).

Qərb tədqiqatçıları Maykl Pareniş yazır: "Azad sahibkarlıq sistemi bazar dəyərlərinə necə satmaq, rəqabət aparmaq və irəli çıxmaq kimi müssisələlərə çox böyük önəm verir. Ralf Naderin qeyd etdiyi kimi, azad bazar "ictimaiyyətdə yalnız bir dəyəri - tamahkar və materialist olan gəlirin ümumi həcmini stimullaşdırır". Bəs ədalət, sağlamlığın vəziyyəti, əməyin təhlükəsizliyi, istehlakçıların müdafiəsi, gələcək nəsillər barədə qayğı və hökumətin hesabat verməsi kimi dəyərlər necə olsun?

Plutokratik sistemin institutlarından biri bizim təhsil sistemidir. İbtidai məktəbdən başlamış ali təhsil müəssisələrinə qədər bütün şagird və tələbələrə Amerika Birləşmiş Ştatlarının digər dövlətlər üzərində mənəvi üstünlüyünə və məziyyətlərinə inam aşılayır. ABŞ-ın siyasi-iqtisadi institutlarında tələbələrə qeyri-tənqidi baxışların olma keyfiyyətləri də aşılanır. Keçirilən sorğular göstərir ki, onların böyük əksəriyyəti bizim siyasi liderlərimizi alicənab, xeyirxah və etibarlı hesab edirlər.

Müəllimlər diqqəti dövlət idarəetməsinin təmsilçilik sisteminin formal aspektlərinə yönəltməyə çalışır, böyük sənaye qruplarının ölkənin siyasi həyatına təsirindən isə az danışırlar. ABŞ-ın siyasi-iqtisadi institutlarına münasibətdə tənqidi fikirlərini ifadə etmək istəyən müəllimlər öz karyeralarını risk altında qoyurlar. Oxşar xarakterli məsələləri tələbə qəzetlərində müzakirə etməyə çalışan tələbələr tez-tez müdiriyyətin təzyiqi və barələrində inzibati tədbir görülməsi təhlükəsi ilə üzləşirlər.

Müəllifin fikrincə, dərs vəsaitlərində zəhmətkeşlərin öz hüquqları uğrunda mübarizə tarixi, ölkə daxilində və xaricində onların korporasiyalar tərəfindən istismarı barədə ötəri xatırlatmalardan başqa, anlaşıqlı bir şeyə nadir hallarda rast gəlmək olar. "Bizim ölkənin ilk xalqı"nın mübarizəsi ("köklü amerikalılar" və "hindular" adı ilə də tanınırlar), müqavilə ilə işləyənlər, kiçik fermerlər, Latın Amerikası, Asiya və Avropa ölkələrindən olan miqrantlar haqqında, demək olar ki, heç nə deyilmir. Bizim tədris müəssisələrində köləliklə tariximiz mübarizə tarixi, ABŞ-ın işğalçı müharibələrinin təsiri təsvir olunmur.

Məktəblər hərbçiləri və silahlı qüvvələri mədh edən Pentaqon iri korporasiyalar tərəfindən pulsuz verilmiş çap materialları, filmlər və videokasetlərlə dolmuşdur. Bu materiallarda, eyni zamanda, iqtisadiyyata dövlət müdaxiləsinin azaldılması zərurəti sübut edilir. Cəmiyyətdə və təhsil müəssisələrində azad bazarın möcüzələrini reklam edən iri biznesin təbliğat materialları geniş yayılmışdır. İri korporasiyalar və sağ təmayüllü fondlar tərəfindən səxavətlə maliyyələşən çoxlu sayda analitik qrup və mühafizəkar istiqamətli akademik mərkəzlər, jurnallar, assosiasiya və professorlar yaranmışdır.

Kiminsə "dar" maraqları ilə "bağlı olmamaq" kimi görünmək cəhdlərinə baxmayaraq, Amerika universitetləri geniş spektrli tədqiqat işləri aparır, silahlı qüvvələr və iri korporasiyalar üçün mühüm əhəmiyyət kəsb edən hazırlıq kursları keçirirlər. Hətta "neytral" universitet belə, korporativ struktrla birbaşa maliyyə əlaqəsinə malikdir və bu əlaqə onun böyük həcmli səhm portfeli formasında olur.

"Fərqli düşüncəyə görə cəzalandırmaq və baxışlardakı konformizmə görə təqdir etmək üçün iqtisadi təsir üsullarından geniş istifadə olunur. Elmi cəmiyyətlərdə professor-müəllim heyəti və tələbələr tərəfindən siyasiləşdirilmiş baxışlar aşağı qiymətləndirilir ki, bu da maaşların, qrantların və işin itirilməsi ilə nəticələnir. Karyeralarında irəliləmək istəyən jurnalistlər, menecerlər, məmurlar və digər azad peşə və ya intellektual əmək nümayəndələrinin əksəriyyəti bərqərar olmuş qaydalarla eynilə bu tərzdə razılaşmağı vərdiş edir, kapitalist cəmiyyətinin əsas iqtisadi maraqlarına zidd fikir yürütməkdən qaçırlar.

Siyasi tərbiyənin digər institutu hökumətin özüdür. Prezident və ya digər yüksək vəzifəli rəsmi məmur, demək olar ki, hər həftə bizi iqtisadiyyat barədə ruhlandırıcı fikirlərə və ya xaricdən tuşlanan düşmən təhlükəsi barədə həyəcanlı bəyanatlara "qonaq edir". Bu işdə onlara kütləvi informasiya vasitələri də kömək edir. Beyinlərin siyasi emalını həyata keçirən KİV-in fəaliyyətinə kitabda bir fəsil ayrılmışdır.

Bizi yalnız özümüz barədə düşünməyə sövq edirlər, lakin bir məsələni bilmək maraqlıdır ki, Amerikanın sosial adaptasiya prosesi bunu həyata keçirməyə bizə necə imkan verəcək. İdeoləji ortodoksluq isə "plüralizm", "demokratiya" və "açıq cəmiyyət" tərzində olan plutokratiya ruhunu mədəniyyətə elə aşılayır ki, bəzən heç ideoloji emal kimi də qəbul olunmur. İstibdadın ən pis formaları daha çox kök salmışlarıdır. Onlar insanı elə məharətlə idarə edən təsir formlarıdır ki, şüur tərəfindən olduğu şəkildə qəbul edilə bilmir".

Kapitalist cəmiyyətində biznes insanları daha çox istehlak etməyə, hətta bacardıqlarından da çox istehlak etməyə məcbur edir.

Kütləvi reklam, nəinki konkret mal və məhsulları, eyni zamanda, həyat tərzini satır, istehlakçılar cəmiyyətini və qazanc əldə etməsini tərifləyib göylərə qaldırır. Bazar iqtisadiyyatı kimi yaranmış kapitalist mədəniyyəti mahiyyəti etibarilə bazar mədəniyyətidir. O, insanların birgə səylərini və qarşılıqlı əlaqələrini zəiflədərək, bizi israrla istehsalçılar və istehlakçılar qismində rəqabət aparmağa məcbur edir.

Bizi qovaraq tələsdirirlər ki, "istədiyinizə nail olun, ötüb keçin". Kimi və nəyi ötüb keçməli? Başqalarını, yoxsa özümüzün bugünkü maddi vəziyyətimizi ötüb keçməliyik? "Fərdiyyətçiliyin" bu növünü səhvən siyasi və ya iqtisadi praktikanın alternativi olan seçim azadlığı hesab etmək olmaz. İnsanlardan fərdi şəkildə, lakin bir istiqamətdə fəaliyyət göstərməyi istəyirlər. Hər bir adam başqaları ilə rəqabət aparır, lakin bu, yalnız eyni məqsədlərin əldə edilməsi uğrunda olur. Korporasiyaların hökmranlıq etdiyi mədəniyyətdə "fərdiyyətçilik" mülkiyyətə və istehlaka aid edilir. Onlar gözləyirlər ki, biz bacardığımız qədər özümüz üçün əldə etməyə cəhd göstərək, lakin digərlərinin problemlərini ürəyimizə salmayaq. Digər cəmiyyətlərdə bu mövqeyi qeyri-humanist hesab edirlər. Amerika cəmiyyətində isə, onu təqdir edərək, "şöhrətpərəsllik" adlndırır və dəyərli ictimai nailiyyətlərin biri kimi nəzərdən keçirirlər.

M.Pareniş yazır ki, belə fərdiyyətçiliyin insanın öz həyatını idarə etməsinə imkan verib-verməməsi başqa məsələdir. Çoxlarımız yediyimiz qidanın, aldığımız malların, udduğumuz havanın, ödədiyimiz qiymətlərin, aldığımız maaşın, istifadə etdiyimiz nəqliyyat növlərinin, kütləvı informasiya vasitələrinin bizə nümayiş etdirdiyi tamaşaların keyfiyyəti barədə qərar qəbul etmirik.

Cəmiyyətin iyerarxiyasında imtiyazlı mövqelər tutan şəxslər bu iyerarxiyanı qoruyub-saxlamağı zəruri hesab edir və daha ədalətli ictimai sistem yaratmaq tələblərini narazılıqla qarşılayırlar. 1970-ci illərin axırlarında aparılmış bir tədqiqata əsasən, gəlirləri yüksək olan şəxslər əhalinin müxtəlif qruplarının siyasi təsirlərinin bərabərləşdirilməsinə qarşı çıxırlar, gəlirləri az olan insanlar isə bərabərliyin ən ardıcıl və qəti tərəfdərlarıdır.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər