ABŞ-da insanlar arasındakı ünsiyyət, əsasən, qeyri-siyasi xarakter daşıyır və bu təzahürün özü də dərin siyasi mənaya malikdir.
M.Parenti yazır: "Bununla belə, kütləvi mədəniyyətin beyini kütləşdirən əyləncəli tədbirlərinə, informasiya-teleradio proqramlarına, bütün diqqəti siyasətin məzmununa yox, mənasız proqramlara və imicin manipulyasiyalarına yönəldən televiziya şərhçilərinə, plutokratiyanın ictimai institutları tərəfindən həyata keçirilən təbliğata və ideoloji emal prosesinə baxmayaraq, amerikalılar öz həyat şəraitlərinə real maraq göstərirlər. Hakim maraqların nə müəyyənləşdirməsi ilə bu maraqların təcrübədə nə etdiyi arasındakı uyğunsuzluq isə getdikcə, daha çox insana aşkar olur. Effektivliyin elə bir həddi var ki, bu hədd çərçivəsində kapitalist mədəniyyətinin şirinləşdirilmiş pərdəsi Amerika vətəndaşlarını iqtisadi həyatın real acısını dərk etməkdən yayındırmaq iqtidarındadır.
Üstəlik, siyasi sosializasiya bir çox hallarda gözlənilməz və ziddiyyətli nəticəyə gətirib çıxarır. İctimai rəyi formalaşdıran ustadlar bizə azad və çiçəklənən bir xalq olduğumuzu təlqin edərkən, biz azad və çiçəklənən olmaq hüququnu özümüz üçün tələb etməyə başlayırıq. Demokratik ritorikadan qeyri-demokratik ictimai idarə üsulunun maskalanması üçün istifadə etmək kimi məharətli üsul əks- nəticələrə gətirib çıxara bilər. Belə halda, xalq bu ritorikanı ciddi qəbul edir və onun əsasında demokratik tələbləri formalaşdırmağa başlayır.
Bundan başqa, elə adamlar var ki, ədaləti puldan və peşə uğurundan daha çox sevir, özü üçün daha çox əşya toplamağa yox, hamının yaxşı yaşamasına çalışırlar. Bu, o demək deyil ki, onların özünəməxsus maraqları yoxdur. Onlar öz maraqlarını elə tərzdə müəyyənləşdirirlər ki, bu, dünyanın imtiyazlı və güclü maraqları ilə münaqişəyə girir. Ümumiyyətlə, əgər amerikalılara dürüst məlumat almaq imkanı verilsəydi və onlar dəyişikliklərə gedən yolu görə bilsəydilər, bu halda, iqtisadiyyatın və siyasətin bütün problemləri üzrə doğru istiqamətdə irəliləyə bilərdilər. Yeri gəlmişkən, onlar bunu etmək istəyində, olduqlarını müəyyən əlamətlərlə nümayiş etdirirlər.
Müəllifin fikrincə, müxtəlif siyasi düşüncəli amerikalılar özlərinin demokratiyaya bağlılıqlarını bəyan edir, lakin onların hamısı bu anlayışa müxtəlif məna verirlər. Bu kitabdakı "demokratiya" sözü dövlət-idarəetmə sistemi kimi başa düşülür və həm forma, həm də məzmununa görə, əhalinin geniş təbəqələrinin maraqlarını ifadə edir. Dövlət qərarları qəbul edən şəxslər imtiyazlı azlığın mənafeyi üçün deyil, əhalinin əksəriyyətinin maraqları üçün idarə etməlidirlər.
Xalq öz nümayəndələrini elə tərzdə seçir ki, həmin nümayəndələr ona hesabat verə bilsinlər. Hesabat vermək nümayəndələrin açıq tənqidi, onların seçki yolu ilə mərhələli yoxlanılması kimi başa düşülür və zərurət yarandıqda, vəzifələrindən geri çağırılırlar. Demokratik idarə üsulu məhdud xarakterə malik olub zəminkar mütləqiyyətə ziddir.
Lakin demokratik xalq öz azadlığını iqtisadi və siyasi əsarətdən müdafiə etmək zəmanətlərinə malik olmalıdır. Əsl demokratiyada xalqın maddi həyat şəraiti humanist olmalıdır. Maddi şərait vətəndaşların müxtəlif qrupları üçün təzadlı şəkildə qeyri-bərabər ola və ya dözülməz şəkildə qəbul edilə bilməz. Kimsə bununla razılaşmayıb, bəyan edə bilər ki, demokratiya, sadəcə, siyasi oyunlar üçün qaydalar sistemidir, bu sistemdə konstitusiya və qanunlar, bir növ, qaydaların külliyyatını ifadə edir. Biz isə, mümkün düzəlişlərlə də olsa, bu oyunun xüsusi iqtisadi şərtlərini sırımağa çalışmamalıyıq. Belə yanaşma, şübhəsiz ki, demokratiyanı oyuna çəkib aparacaq. Bu, onu nəzərdə tutur ki, formal qaydalar real varlıqdan asılı olmayaraq da mövcud ola bilər.
Fransız yazıçısı Anatol Frans qeyd etmişdir ki, qanun özünün möhtəşəm hüquq bərabərliyi ilə həm kasıblara, həm də varlılara çörək oğurlamağı və küçədə dilənçilik etməyi eyni dərəcədə qadağan edir. Bununla belə, "hamının hüququ" barədə danışanda sinfi şərtlər nəzərə alınmır və qanun sanki məzhəkəyə, fiksiyaya çevrilir. Belə sinfi şərtlər isə bir çox hallarda varlıları qanundan üstün, kasıbları isə qanundan kənar qoyur. Müəyyən maddi şərtlərlə bağlılığı olmayan formal hüquqlar milyonlarla insan üçün böyük əhəmiyyət kəsb etmir. Belə insanlar həmin hüquqlarını təcrübədə reallaşdırmaq üçün vəsaitlərə malik deyillər.
Məsələn, "hər bir vətəndaşın eşidilə bilmək" hüququna baxaq. Hamı üçün hüquqların bərabərliyi qanunu həm varlılara, həm də kasıblara öz siyasi səslərini yüksəltmək imkanı verir. Həm varlılar, həm də kasıblar dövlət məmurlarına təsir göstərmək üçün azad surətdə nüfuzlu lobbiçiləri və Vaşinqton hüquqşünaslarını muzdla tutmaq hüququndan azaddırlar. Həm varlılar, həm də kasıblar özləriniri qəzet və ya televiziya stansiyası vasitəsilə ictimai rəyi azad şəkildə formalaşdırmaq hüququna malikdirlər. Həm varlılar, həm də kasıblar özlərinə və ya öz siyasi favoritlərinə "yüksək vəzifə qazandırmaq üçün dəyəri bir neçə milyon dollar olan seçki kampaniyasında iştirak etmək hüququna malikdirlər. Lakin bu formal bərabərlik bir uydurmadır. Siyasi oyundan kənarlaşdırılmış yollarla insana bu hüquqlar yaxşı nə vəd edir?
Mühafizəkarlar, liberallar və sağ cinahdan mərkəzə qədər olan digər siyasi təmayüllərin nümayəndələri üçün kapitalizm və demokratiya bir-birindən ayrılmazdır. Onların fikrincə, azad bazar müxtəlif növlü siyasi qruplardan plüralist "vətəndaş cəmiyyəti" yaradır. Bu cəmiyyət dövlətdən asılı olmadan fəaliyyət göstərir və siyasi azadlığın əsasını təmin edir. Real həyatda faşist Almaniyasından tutmuş, "üçüncü dünya"nın indiki diktatura rejimlərinə qədər bir çox kapitalist cəmiyyətlərində azad sahibkarlıq sistemi mövcuddur. Lakin siyasi azadlıq yoxdur. Belə sistemlərdə siyasi azadlıq kasıbların əməyini istismar etmək və ağlasığmaz şəkildə varlı olmaq azadlığı deməkdir. Transmilli korporasiyaların kapitalizmi siyasi demokratiyanın heç bir təminatlarını vermir, bir çox hallarda isə, onun üçün əngələ çevrilir. Böyük biznes əhalinin nisbi azlığının maraqları çərçivəsində şəxsi gəlirlərin maksimal dərəcədə artırılmasında maraqlıdır və eyni zamanda, istehsalın mənfi nəticələrinin çox hissəsini bu cəmiyyətin çiyninə qoyur. Bunlar işsizlik, yoxsulluq, ətraf mühitin deqradasiyası, peşə travmatizmidir. Bütün bunlar şəxsi mülkiyyətə əsaslanan iqtisadiyyatın fəsadlı məhsulu, yəni tərs tərəfidir.
Bütün bu sistem müəyyən effektiv fəaliyyət göstərdiyi zaman azlığın imtiyazlarına baxmayaraq, demokratiya özünü əksəriyyətin rifahının müdafıəsinə həsr edir. Demokratiya hesab edir ki, hər bir insan eyni dərəcədə qiymətlidir və zəruri olan hər şeyi etməyə çalışır ki, var-dövləti və xüsusi istedadı olmayan insanlar da yaşayış vəsaitlərini daima qazana bilsinlər. "Kapitalist demokratiayısı"nın ziddiyyətli təbiəti ondan ibarətdir ki, bir tərəfdən siyasi bərabərlik prinsiplərini elan edir, digər tərəfdən isə, böyük siyasi təsir və maddi rifah bərabərsizliyi yaradır.
Bəziləri fikirləşir ki, əgər onlar istədikləri şeylər barədə azad danışa bilirsə, deməli, demokratiya şəraitində yaşayırlar. Lakin demokratiya təkcə söz azadlığı demək deyil. Söz azadlığı demokratiyanın zəruri şərtlərindən yalnız biridir. Bir çox hallarda istədiyimizi danışmaqda azadıq. Lakin varlılar və güclülər də onlara nə deməyimizə fikir vermədən, bizdən nə istədiklərini deməkdə azaddırlar. Demokratiya seminar deyil, hər hansı hakimiyyət kimi bir sistemdir. Söz azadlığı da, siyasi təşkilatlar və toplantı azadlığı kimi, yalnız o halda müəyyən bir məna kəsb edir ki, bu azad söz eşidilsin, hakimiyyətə sahib olanlar isə, idarə etdikləri qarşısında məsuliyyət daşısınlar.
Müəllifin qeyd etdiyi kimi, seçkilər və partiyaların rəqabəti demokratiyanın mövcudluğu üçün birmənalı test deyil. Ümumi baxışlarla birləşmiş maliyyə elitaları bəzi ikipartiyalı və çoxpartiyalı sistemlərə elə dəqiq və ardıcıl nəzarət edirlər ki, siyasi həyatda iştirak etmək marağı tamamilə öldürülür. Onlar elə siyasət təklif edirlər ki, rəhbər siyasi vəzifələrə kimin seçilməsindən asılı olmayaraq, isteblişmentin maraqlarına xidmət etsin. Növbəti fəsillərdə biz nəzərləri öz siyasi sistemimizə doğru yönəldəcəyik. Bu sistemi onun seçki keçirmək bacarığının olmaq nöqteyi-nəzərindən yox, konkret demokratik məqsədlərə nail olmaq qabiliyyəti baxımından analiz edəcəyik. Bizim gətirəcəyimiz dəlillər, onu nəzərdə tutur ki, siyasi sistemin demokratik və ya qeyri-demokritik adlandırılması onun siyasi prosedurlarından yox, fəaliyyətinin nəticələrindən, cəmiyyət üzvlərinə təqdim etdiyi nəzərəçarpacaq maddi xeyirdən, sosial ədalətdən və ya ədalətsizlikdən asılıdır. Yürütdüyü siyasət qərəzli və ya qərəzsiz şəkildə ədalətsiz olub, insanları ən zəruri həyat şəraitindən məhrum edən hökumət keçirdiyi seçkilərin sayından asılı olmayaraq, demokratik adlandırıla bilməz.
Bir daha qeyd etmək lazımdır ki, biz ABŞ-ı əsl demokratiyanın kasadlığına görə tənqid edən zaman öz dövlətimizə qarşı çıxmırıq və ona qarşı qeyri-loyallıq göstərmirik. Əksinə! Demokratik vətəndaşlar dövlət qarşısında tənqidolunmaz sitayiş vəziyyətinə düşməməlidirlər. Onlar dövlətimizin və xalqın demokratik maraqlarına qarşı fəaliyyət göstərən imtiyazlara qarşı tənqidi münasibət göstərməlidirlər.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru