PDF Oxu

MİA

  • 5 493

İnsan hüquqları tarixindən: ABŞ

image

İlkin Amerika cəmiyyətini eqalitar, Avropa ölkələri üçün səciyyəvi olan yoxsulluqla zənginlik arasında dərin uçurumun olmadığı bir cəmiyyət kimi təsvir edirlər. Əslində, müstəmləkə dövrlərindən başlayaraq, nüfuzlu şəxslər kral hakimiyyətindən hədiyyə qismində böyük torpaq payları alırdılar. 1700-cü ildə Nyu-Yorkun bütün torpaqları on nəfərdən də az sahibkarın mülkiyyətində idi. Artıq 1760-cı ildə 500-dən az adam ABŞ-ın şərq sahilindəki ticarət, kommersiya donanması, gəmi daşınması, bank işi, emaledici sənaye və dağ-mədən işinin böyuk hissəsinə nəzarət edirdi. Amerika inqilabı ilə Konstitusiya Konventi (1776-1787) arasındakı dövrdə iri torpaq sahibləri, tacirlər və bankirlər siyasi-iqtisadi həyata güclü təsir göstərir və bir çox hallarda bunu yerli qəzetlərə birbaşa sahiblik edərək, həyata keçirirdilər. Həmin qəzetlər ticarət -sənaye dairələrinin ideya və maraqlarını ifadə edirdilər."

M.Parenti yazır: "12-13 ştatda (Pensilvaniya ştatı istisna olmaqla) yalnız mahiyyəti olan ağdərili kişilər səsvermədə iştirak edə bilərdi. Bu isə yaşlı əhalinin 10%-dən çox olmayan hissəsini təşkil edirdi. Yerli əhalinin bütün nümayəndələri (hindular), Afrika mənşəli şəxslər, qadınlar, şagirdliyə götürülmə barədə razılaşma ilə işləyən qulluqçular (müqavilə ilə işləyənlər) və nəzərəçarpacaq mülkiyyəti olmayan ağdərili kişilər seçki prosesindən uzaqlaşdırılmışdılar. Seçkili vəzifə tutmaq üçün zəruri əmlak senzi elə yüksək idi ki, seçkidə iştirak edən mümkün namizədlər sırasından səs hüququna malik olan kişilərin böyük əksəriyyətini çıxarırdı.

Nyu-Cersi ştatının qanunverici orqanın üzvü dəyəri 1000 dollardan az olmayan mülkiyyətə, Cənubi Karolina ştatının senatoru 7000 dollardan (indiki qiymətlərlə təqribən 1 milyon dollar ekvivalentində) az olmayan məbləğdə (borclardan azad) mülkiyyətə malik olmalı idi. Merilend ştatında qubernator vəzifəsinə namizəd dəyəri 5000 dollardan az olmayan mülkiyyətə sahib olmalı idi. Qeyd etmək lazımdır ki, gizli səsvermənin və namizədlərlə proqramlar arasında real seçimin olmaması seçicilər arasında süstlük yaradır. Konstitusiya Konventindən bir qədər əvvəl Fransanın Avstraliyadakı səfirliyinin işlər müvəkkili öz hökumətinə yazırdı: "Hərçənd Amerikada zadəgan titullları yoxdur, burada "centlmenlər" adlanan insan təbəqəsi var... Onların demək olar ki, hamısı ehtiyat edir ki, xalq onları malik olduqları mülkiyyətdən məhrum edə bilər. Onların hamısı kreditləşmə ilə məşğul olduqlarından, hakimiyyətin güclənməsində və qanunların ciddi icrasında maraqlıdırlar...

Bu adamların əksəriyyəti ticarətlə məşğul olduqlaruna görə, borcların dəqiq ödənilməsi şərti ilə Avropadan Birləşmiş Ştatlar üçün kreditlərin alınmasında maralıdırlar. Onlar Konqresə kifayət qədər geniş səlahiyyətlər verib, xalqı bu məqsədə çatmaq üçün çalışmağa məcbur etmək istəyirlər."

1787-ci ildə bir-biri ilə qohumluq, nikah və iş münasibətlərində olan məhz belə varlı və nüfuzlu "centlmenlər" Konfederasiya Maddələrini yenidən nəzərdən keçirmək və mərkəzləşmiş hakimiyyət sistemini möhkəmləndirmək üçün Filadelfiya şəhərinə toplaşdılar. Bu maddələrə əsasən, Birləşmiş Ştatların Kontinental Konqresi müqavilələr bağlamaq, ticarət aparmaq, valyutanı müəyyənləşdirmək, müxtəlif dövlətlərlə danışıqlar aparmaq, hərbi əməliyyatlar keçirmək, milli müdafiənin qorunması barədə müstəsna və mühüm səlahiyyətlərə malik idi. Lakin bu və digər tədbirlər, o cümlədən, müxtəlif məqsədli borc və təxsisatların təqdim edilməsi azı 9 ştatın razılığını tələb edirdi. Konqres vergiqoyma sahəsində səlahiyyətlərə malik deyildi. Bu isə vergi yığımında onu ştatların razılığından asılı vəziyyətə salırdı. Konqres xalqı məcbur edə bilmirdi ki, böyük hissəsi varlı şəxsi kreditorlara aid olan dövlət borcunun tam ödənişinə öz köməkliyini göstərsin. Filadelfiyada toplaşan nümayəndələr daha güclü mərkəzi hakimiyyətin yaradılmasını istəyirdilər ki, aşağıdakıları həyata keçirmək qabiliyyətində olsun:

1) On üç ştat arasında ticarət və rüsum problemlərini həll etsin;

2) Xarici diplomatik və ticarət maraqlarının müdafiəsini təmin etsin;

3) Varlılar sinfinin maliyyə və ticarət maraqlarını fəal şəkildə irəli çəksin;

4) Varlıları cəmiyyətin digər siniflərinin rəqabət yönümlü maraqlarından müdafiə etsin.

Tarixçilərin çoxu 2) və 4) bəndlərini nəzərə almır və ya inkar edirlər".

Konstitusiya müəlliflərini narahat edən əsas məqam xalqda müşahidə edilən qiyamçı ruh idi. 1787-ci ildə Corc Vaşinqton orduda qulluq edən keçmiş xidmət yoldaşına yazırdı: "Hər bir ştatda yanacaq materialı var və onu istənilən qığılcım alovlandıra bilər". Hətta Konstitusiya Konventi ərəfəsində güclü federasiyaya qarşı çıxış edən Qavernir Morris kimi plutokrat da artıq tərəddüd etmədən mövqeyini dəyişdi: "Digər ştatlardan olan mühafizəkarlarla siyasi alyans radikallar ştat hökumətində hökmranlığı ələ keçirdiyi halda, müəyyən təminat verə bilər. Bu faktı nəzərə alaraq, ştatların hüquqlarını bütün millətə verməyə hazıram". Lakin onların dövlət yaratmaq cəhdi qəfil bir şəfəq kimi meydana çıxmamışdı. Aralarındakı yazışma göstərir ki, bu, tam mənada, praqmatik reaksiya idi və ümumi sinfi maraqlardan doğan maddi şərtləri ləngitmədən müdafiə etməklə təzahür olunurdu."

Onlar həmin dövrün sadə insanlarını məhdud maraq dairəsi olan bədxərclər, borcunu heç zaman qaytarmayan, hesablaşmanı isə inflyasiya nəticəsində qiymətdən düşmüş kağızlarla aparanlar kimi təsvir edirlər. Tarixçilərin əksəriyyəti sadə insanların vəziyyəti haqqında çox az yazır. Əhalinin əksər hissəsi kasıb torpaq mülkiyyətçilərindən, icarədarlardan, müqavilə ilə işləyən fəhlə və qulluqçulardan (bir çox hallarda onlar uzun müddət qul kimi işləməyə məhkum olurdu) ibarət idi. Konstitusiya Konventi dövründə Delaver ştatının fermer təsərrüfatının tədqiq edilməsi göstərir ki, tipik fermer ailəsi çox böyük torpaq sahəsinə maük olsa da, digər zəruri şeylərdə sıxıntı çəkirdi. Ailə birotaqlı mənzildə və ya ağac komada yaşayırdı, onun nə atı, nə tövləsi, nə çardağı, nə də işlək heyvanı var idi. Fermer və ailəsi kotanı özləri sürürdülər. Fərqli fermerlər yüksək icarə haqqı ödəməyə və cüzi gəlirlərlə iflasedici vergilər verməyə məhkum idilər. Bir çox hallarda onlar acından ölməmək üçün yüksək faizlə pul götürürdülər. Borclarını qaytarmaq üçün gələcək məhsullarını girov qoyur və bununla da, borc girdabına yuvarlanırdılar. Bu isə onları dövrü şəkildə borclu vəziyyətə salırdı. Bu cür borc girdabı indi də bizim və digər ölkələrin aqrar əhalisinin ümumi taleyinə çevrilmişdir. Borc üzrə faiz dərəcələri 25-40 faiz olurdu. Gəlirləri az olan insanlara vergilər daha çox zərbə vururdu. Vergini ödəməməyə görə heç kimin miilkiyyəti müsadirə olunmaqdan sığortalanmırdı. Yalnız borclunun əynindəki paltar istisina idi.

Müəllif qeyd edir ki, bütün bu dövr ərzində qəzetlər küçələrdə azyaşlı dilənçilərin sayının artmasından narahatlıq bildirirdilər. İqtisadi hökmlə həbs olunanlar həbsxanaların kameralarını doldurmuşdular. Onları borclara və vergi öhdəliklərinə görə həbs etmişdilər. Xalq arasında belə bir fikir yaranmışdı ki, Britaniya taxt-tacına qarşı inqilab əbəs yerə imiş. Qəzəblənmiş insanlardan silahlı kütlələr bir neçə ştatda girov əşyalarının satış məntəqələrinə hücüm etməyə və girov saxlanılan insanları zorla həbsxanalardan azad etməyə başlamışdılar. 1787-ci ilin qışında Massaçusets ştatının qərbindəki borclu fermerlər Deniel Şeysin rəhbərliyi altında silaha sarıldılar. Lakin onların üsyanı yatırıldı, 11 nəfər öldürüldü, onlarca insan yaralandı.

Üsyandan üç ay sonra Filadelfiyada toplaşan ştat nümayəndələrinin başı üstündə Şeys qiyamının ruhu fırlanırdı. Üsyan onların ən pis qorxularını təsdiq edirdi. Onlar əmin idilər ki, dövlət işləri ilə nüfuzlu, varlı insanlar məşğul olmalıdır və tərkibi "əksəriyyət fraksiyası" olan kasıb əhalidən irəli gələn bərabərləşdirici münasibət cəhdlərini saxlamaq zəruridir. Ceyms Medison "Federalist" külliyyatının 10-cu sayında yazırdı: "Belə fraksiyadan gələn təhlükələrə qarşı dövlət mülkiyyətinə və şəxsi hüquqlara təminat vermək, eyni zamanda, xalq idarəçiliyinin ruhunu və formasını saxlamaq indi bizim iclasların ən böyük məqsədidir". Burada Medison problemin mahiyyətinə toxunmuşdu: xalq idarəçiliyinin məzmununa uyğun xarici görnüşünü, yəni "formasını" necə saxlamalı? Xalqın etimadını qazanan, lakin cəmiyyətin mövcud sinfi strukturunu dəyişməyə cəhd göstərməyən idarəetmə sistemini necə yaratmalı? Sahibkarlar sinfinin artan tələbatlarını təmin edə bilən və xalqdan olan hüqüq bərabərliyi tərəfdarlarının demokratik tələblərinə qarşı duracaq kifayət qədər güclü idarəetmə sistemini necə qurmalı?

M.Parenti yazır: "Konstitusiya müəllifləri Medisonun "Federalist" külliyyatının 10-cu cildində yazdıqları ilə razılaşa bilərdilər. O yazırdı: "Bu fraksiyanın (əksəriyyətin) getdikcə genişlənmasinin ən əsas və daimi səbəbi mülkiyyətin qeyri-bərabər bölüşdürülməsidir". Mülkiyyətə sahib olanlar da, olmayanlar da müxtəlif ictimai maraqların daşıyıcılarıdır. Buna görə də, "dövlət-idarəetmə sisteminin əsas vəzifəsi mülkiyyətin əldə edilməsinin müxtəlif və qeyri-bərabər imkanlarının təmin olunmasıdır".

Konstitusiya müəllifləri hesab edirdilər ki, demokratiya, Elbris Cerrinin dediyi kimi, "bütün siyasi cərəyanlardan ən pisidir". Edmund Randolfun sözlərinə görə, ölkənin problemləri demokratiyanın sərsəmliklərindən və axmaqlıqlarından doğmur. Rocer Şerman bununla razılaşırdı: "İnsanlar hakimiyyət işlərinə mümkün qədər az müdaxilə etməlidirlər". Aleksandr Hamilton isə yazırdı: "Hər bir insan cəmiyyəti azlığa və çoxluğa bölünür. Birincilər varlı olub məşhur nəsillərə aid edilirlər, ikincilər isə sadə xalq kütlələridir. Xalq, adətən, narahat və dəyişkəndir. O, nadir hallarda sağlam və məntiqli düşünür". Hamilton "demokratiyanın ehtiyatsızlığını cilovlamaq üçün" güclü mərkəzləşmiş dövlət hakimiyyəti qurmağı tövsiyə edirdi. Filadelfiyada konventin sədri vəzifəsini icra edən Corc Vaşinqton isə nümayəndələri inandırırdı ki, yalnız "xalqın xoşuna gəlmək üçün" sənədləri çoxaldıb artırmasınlar.

Bütün bu müzakirələrdə böyük təhlükə yox idi. Nümayəndələr bir neçə həftə sərf edib, öz maraqlarını müzakirə və müdafiə edirdilər. Bunlar iri tacirlərin, quldarların və sənayeçilərin maraqlarındakı fərqlər və varlıların varlılarla mübahisələri idi. Bu mübahisələrdə hər bir qrup konstitusiyada öz maraqlarının təminatlarını axtarırdı. Bütün bunlara hakimiyyət strukturlarının konstitusion təşkili ilə bağlı fikir ayrılıqları da əlavə olunurdu. Qanunverici hakimiyyət təsisatlarını necə təşkil etməli? İri və xırda ştatların nümayəndəlikləri nə dərəcədə çoxsaylı olmalıdır? İcra hakimiyyətini necə seçməli? Müxtəlif vəzifəli şəxslərin vəzifədə qalma müddəti necə olmalıdır?"

Yaradıcılar qanunverici hakimiyyətin ikipalatalı orqanını - iki ildə bir dəfə tamamilə yenidən seçilən və altı ildən bir yenidən seçilən Nümayəndələr Palatasını və Senatı (Senatın üçdə bir hissəsi iki ildən bir yenidən seçilir) yaratmaq qərarına gəldilər. Qərara alındı ki, Nümayəndələr Palatasındakı yerlər ştatların əhalisinin proporsionl sayına mütənasib şəkildə bölüşdürülsün, Senatda isə hər bir ştata, əhalisinin sayından asılı olmayaraq, iki yer verilsin.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər