İkinci Dünya müharibəsindən sonra insan hüquqlarının səmərəli müdafiəsi məqsədilə milli səviyyədə bir çox ölkədə insan hüquqları təsisatları yaradılmağa başlandı. Bu BMT tərəfindən də müsbət hal kimi qarşılanırdı. 1993-cü ildə İnsan Hüquqları Dünya Konfransı tərəfindən qəbul edilən Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında hər bir dövlətin, öz ehtiyaclarına uyğun bir insan hüqüqları təsisatı üçün lazımi çərçivənin müəyyənləşdirə biləcəyi məsələsi xüsusilə vurğulanmışdır.
"İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq" kitabında göstərilir: "Ancaq bununla belə yaradılan təsisatların pərakəndə şəkildə fəaliyyət göstərməsi, onların fəaliyyətlərində nizamlayıcı və universal qaydaların təcrübə mübadiləsi baxımından əlverişli şəraitin olmaması, keyfiyyətli xidmətin göstərilməsi baxımından ciddi maneə təşkil edirdi. Bu səbəbdən, BMT Baş Məclisi 20 dekabr 1993-cü il tarixdə "Paris Prinsipləri" adı altında 48/134 saylı qətnamə qəbul etdi. Həmin qərar milli insan hüquqları təsisatlarının səlahiyyətləri, quruluş və vəzifələri ilə bağlı məsələləri ehtiva edirdi. Sözügedən qərarda BMT insan hüquqlarının səmərəli şəkildə müdafiəsini təmin edən milli insan hüquqları təsisatlarının qurulması, mövcud olanların isə daha da gücləndirilməsini tövsiyə edirdi. BMT-nin rəsmi sənədlərində də Milli İnsan Hüquqları İnstitutları və ya Təsisatları insan hüquqlarını qorumaq və təbliğ etmək məqsədilə konstitusiya əsaslı qanunla və ya digər normativ aktla dövlətlər tərəfindən yaradılan bir orqan kimi qəbul edilir.
Paris Prinsiplərinin tələblərinə cavab verən insan hüquqları təsisatları BMT sistemində Milli İnsan Hüquqları İnstitutları kimi tanınır. Paris Prinsipləri hər nə qədər MİHİ-nin quruluş və vəzifələri ilə bağlı qaydalar müəyyənləşdirsə də, onların hansı modelə uyğun olaraq fəaliyyət göstərəcəyi məsələsi açıq qalmışdır. Belə ki, günümüzdə bir çox ölkədə MİHİ-lər Ombudsman, İnsan Hüquqları Komissiyası, İnsan Hüquqları İnstitutları, Xalq Müdafiəçisi İnstitutu adı altında fəaliyyət göstərməkdədir. Ancaq bu təsisatlar Paris Prinsiplərinin tələblərinə cavab verdikləri təqdirdə, BMT sistemində MİHİ kimi tanınırlar".
Kitabda qeyd edilir ki, Paris Prinsipləri MİHİ ilə bağlı təməl standartları müəyyənləşdirir. Paris Prinsiplərinə əsasən, MİHİ qurularkən, iki məqama diqqət yetirilməlidir:
- Bu institutlar qanunla qurulmalı;
- Mümkün qədər geniş səlahiyyətlərə malik olmalıdırlar.
Bu çərçivədə MİHİ, xüsusilə aşağıdakı səlahiyyətlərə malik olmalıdırlar:
- İnsan hüquqları sahəsində araşdırma aparmaq;
- Hesabatlar hazırlamaq;
- Rəy bildirmək;
- Tövsiyə və təkliflər vermək;
- İctimaiyyəti məlumatlandırmaq;
- Hüquqi maarifləndirmə işini həyata keçirmək.
Bundan başqa, MİHİ-yə insan hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxmaq və lazımi araşdırmaları aparmaq səlahiyyətləri də verilə bilər.
Milli İnsan Hüquqları İnstitutlarının öz funksiyalarını layiqincə icra edə bilmələri üçün onların kifayət qədər maliyyə mənbələrinə və işçi qüvvəsinə malik olmaları da vacib şərtlərdəndir.
Buradan da, göründüyü kimi, bir təsisatın Milli İnsan Hüquqları İnstitutu kimi fəaliyyət göstərə bilməsi üçün onun yuxarıda sadalanan xüsusiyyətlərə malik olması lazımdır. Ancaq onu da, qeyd etmək lazımdır ki, Paris Prinsipləri icbari xarakter yox, daha çox tövsiyə xarakteri daşıyır.
Beləliklə, fərqli adlar altında fəaliyyət göstərən insan hüquqları qurumlarını bir çətir altında toplayaraq, onlar arasında səmərəli koordinasiya qurmaq məqsədilə 1993-cü il tarixdə Tunisdə təşkil olunan beynəlxalq toplantıda Milli İnsan Hüquqları üzrə Beynəlxalq Koordinasiya Komitəsi (İnternational Coordinating Committee - İCC) quruldu. Bu orqan Milli İnsan Hüquqları İnstitutlarını BMT nəzdində təmsil etməklə yaqaşı, eyni zamanda, onlar arasında şəbəkənin təşkili funksiyasını da həyata keçirməkdədir.
Adıçəkilən kitabda yazılır: "MİHİ-nin qurulması və gücləndirilməsi məqsədilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəzdində xüsusi bir bölmə yaradıldı. Həmin bölmə Beynəlxalq Koordinasiya Komitəsinin Katibliyi funksiyasını yerinə yetirir. Bu komitə əsasən, Paris Prinsiplərinə uyğun MİHİ-lərin qurulmasına və gücləndirilməsinə xidmət edir. Komitənin əsl məqsədi isə aşağıdakılardır:
- Milli İnsan Hüquqları İnstitutları arasında əməkdaşlığın və əlaqələndirmənin təmin edilməsi;
- Beynəlxalq Konfransların təşkili;
- Milli İnsan Hüquqları İnstitutları ilə BMT və digər beynəlxalq təşkilatlar arasında əlaqələrin təmin edilməsi;
- Lazım gəldiyi təqdirdə, Milli İnsan Hüquqları İnstitutlarının qurulması ilə bağlı dövlətə yardım etmək.
BMT tərəfindən MİHİ kimi tanınan qurumların BMT sistemində xüsusi imtiyazlara sahib olacağını da nəzərə alsaq, o zaman sözügedən təsisatların Paris Prinisplərinin tələblərinə nə qədər cavab verdiyini müəyyənləşdirmək də, bu baxımdan, böyük önəm daşıyır. Bu məqsədlə Milli İnsan Hüquqları İnstitutlarının Paris Prinsiplərinə uyğunluğunu yoxlamaq üçün prosedur qaydaları qəbul edilmişdir. Həmin qaydalar tətbiq edilərək, Paris Prinsiplərinə uyğunluq baxımından, akkreditasiyadan keçmək istəyən Milli İnsan Hüquqları İnstitutları 1998-ci ildə qurulmuş Akkreditasiya üzrə Alt Komitənin dərəcələndirmə proseduruna məruz qalırlar. Sözügedən komitənin əsas funksiyası akkreditasiya üçün edilən müraciətləri nəzərdən keçirmək, qiymətləndiimək və müraciət edənlərin Paris Prinsiplərinə uyğunluğu ilə bağlı Beynəlxalq Koordinasiya Komitəsinin büro üzvlərinə tövsiyə verməkdir. Prosedur qaydalarına əsasən, Beynəlxalq Koordinasiya Komitəsinin büro üzvlərinin sayı 4 coğrafi bölgədən (Amerika, Avropa, Asiya və Afrika), 4 nəfər nümayəndə olmaqla, cəmi 16-dır. Coğrafi bölgələri təmsil edən nümayəndələr akkreditasiyadan keçmiş və A statusuna malik Milli İnsan Hüquqları İnstitutlarını təmsil edirlər. Akkreditasiya üzrə Alt Komitənin üzvləri isə bölgə qrupları tərəfindən yenilənə bilmək şərti ilə üç illik müddətə təyin olunurlar".
Milli İnsan Hüquqları İnstitutları ilə BMT arasında əlaqələrin yaradılması və onlar arasında koordinasiya işinin aparılması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilir. Milli İnsan Hüquqları təsisatlarının bu beynəlxalq proseslərdə iştirakı da, öz növbəsində, həm onların güclənməsinə, həm də insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsinə xidmət edir. Bu baxımdan da, Azərbaycan Ombudsman İnstitutu sözügedən proseslərdə aktiv iştirak edərək, insan hüquqlarının qorunması və təbliği sahəsində bilik və təcrübə mübadiləsi apararaq, imkanlarını genişləndirilmiş və beynəlxalq arenada öz sözünü deyə bilmişdir.
Kitabda qeyd edildiyi kimi, Azərbaycan Ombudsman Təsisatının BMT sistemi içərisində MİHİ kimi tanınması təsisata BMT-nin Saziş qurumlarına, eləcə də, Milli İnsan Hüquqları Şurasına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, əlavə hesabatlar hazırlamaq və dövlətin insan hüquqları sahəsində ihtirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri vermiş oldu. Təsisatın A statusuna malik olması, onu təsdiq edirdi ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanunu uzun illərin təcrübələrinə əsaslanaraq, yaradılmış beynəlxalq standartlara uyğundur. Bu qanun əsasında Ombudsmana müstəqillik verilmiş və o, insan hüquqları ilə bağlı tam, şəffaf və müstəqil şəkildə araşdırma aparmaq səlahiyyətinə malikdir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bəzi Avropa ölkələrində belə Paris Prinsiplərinin tələblərinə ya qismən cavab verən, ya da heç cavab verməyən İnsan Hüquqları təsisatları mövcuddur ki, həmin qurumlar akkreditasiya olunaraq, ya B, ya da C statusuna layiq görülmüşlər.
Müvəkkil Azərbaycan Milli İnsan Hüquqları İnstitutuna verilən A statusunun verdiyi imtiyazlardan səmərəli şəkildə istifadə edərək, insan hüquqlarının qorunması və təbliği sahəsində həm beynəlxalq təcrübəni mənimsəmiş, həm də Azərbaycan Ombudsman təsisatının fəaliyyətindəki uğurlu nəticələr barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Eyni zamanda, Müvəkkil, Azərbaycan gerçəklərini də beynəlxalq toplantılarda dilə gətirərək, beynəlxalq ictimaiyyətin diqqətini bu problemlərə çevirə bilmişdir. Belə ki, həm İnsan Hüquqları Şurasında (İHŞ), həm də BƏK-in müxtəlif sessiyalarında iştirakı zamanı Müvəkkil insan hüquqlarının müxtəlif sahələrini əhatə edən bəyanatlar vermişdir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, fəaliyyət dövrü ərzində Müvəkkil beynəlxalq qurumlara Xocalı Soyqırımına, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, 20 Yanvar hadisəsinə həsr olunmuş və insan hüquqlarının müxtəlif sahələri ilə bağlı 100-dən çox bəyanat ünvanlamışdır. Bunlardan 13 yazılı və 2 şifahi bəyanat BMT-nin İnsan Hüquqları Şurasının müvafiq tematik sessiyalarına ünvanlanaraq, qurumun rəsmi sənədlər sistemində qeydiyyatdan keçirilmiş və internet səhifəsində yerləşdirilmişdir.
Akkreditasiya nəticəsində Milli İnsan Hüqunları A, B, C statusu ilə təsinifatlandırılır.
Paris Prinsipləri tələblərinə tam cavab verən Milli İnsan Hüquqları İnstitutları təsnifatlandırmada ən yüksək status olan A statusu ilə akkreditasiya olunur və səsvermə hüququna malik olur.
Paris Prinsiplərinin tələblərinə qismən cavab verən Milli İnsan Hüquqları İnstitutları B statusu ilə akreditasiya olunur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru