Dünyanın demokratik ölkələrində insan hüquqlarının müdafiəsi ən yüksək həddə olur. Məlum olduğu kimi, ABŞ-da Konqresin arxasında xüsusi korporasiyaların ictimai-iqtisadi sistemi dayanır. Maykl Parenti yazır: "Bu sistem cəmiyyətin maddi resursları, informasiya və kütləvi təbliğat vasitələri üzərində tam nəzarətə, mədəniyyət müəssisələrinə, dövlətin siyasi kursunu işləyib-hazırlayan müxtəlif vəzifəli şəxslər və mütəşəkkil təzyiq qruplarına hakim təsirə malikdir, eyni zamanda, dövlətin siyasi kursunun müəyyənləşdirilməsində mühüm mövqedə durur. Bu sistemin tərkibinə təşkilatlanmış qruplar, yüksək maaşlı lobbilər, hüquqşünaslar və bütün səviyyələrdə seçki kampaniyalarını maliyyələşdirən böyük özəl formalar daxildir. Bütün bunları nəzərə almaqla, təəccüblüdür ki, hələ də Konqresdə hansısa demokratik qələbələr qazanılır. Mütərəqqi qüvvələr zaman-zaman Konqresdə müəyyən müsbət nəticələr qaznmağa nail olurlar. Demək olmaz ki, qanunvericilər sadə xalq kütləsinin istəklərinə tamamilə biganə qalırlar. Hələ də seçkilərdə səs böyük əhəmiyyət kəsb edir və seçicilər bundan birbaşa təyinatı üzrə istifadə edirlər. Nəticədə, bir çox illər ərzində səhiyyə, əməyin mühafizəsi, ətraf mühitin qorunması haqqında qanunlar, mənzil və iş yerləri ilə təminat proqramları qəbul edilmişdir.
Qanunvericilər inzibati qurumlar üzərində demokratik nəzarəti təmin etməklə Əmək və Sosial Təminat Nazirliyinin yerli şöbələrini yoxlayır, xərçəng klinikalarının maliyyələşmə səviyyəsini müəyyənləşdirir, cinayətkar fəaliyyətin təhqiqatı üzrə idarədə ştat vəzifələrinin komplektləşdirilməsi vəziyyəti ilə tanış olur, kənd xəstəxanalarında əmək haqqının səviyyəsi və hərbi veteranlara kompensasiyanın ödənilməsi ilə maraqlanırlar. Hökumətin ən əhəmiyyətli nəzarət orqanı Konqres tərəfindən yaradılan Baş Büdcəyə Nəzarət İdarəsidir. Bu orqan hərbi istehsalat və hərbi bazaların tullantılarından tutmuş, ekologiyanın pozulmasına qədər məsələlərə nəzarət edir, qanunvericilərin sorğuları üzrə fəaliyyət göstərir və birbaşa Konqresə hesabat təqdim edir. Konqresin bu müşahidəçi və nəzarətçi orqanı xalq adından demokratik təsir göstərməklə, cinayətkarları və asayişi pozanları üzə çıxarır, eləcə də, gizli federal bürokratiyanı ifşa edir."
Müəllifin fikrincə, hətta prezidentlər Reyqan və Buşun sağçı administrasiyalarının hakimiyyətdə olduğu dövrlərdə belə, Konqres "Medicare" proqramının genişləndirilməsini bəyəndi, vətəndaş hüquqları haqqında əsas qanunları, ətraf mühitin qorunması üzrə proqramı və iş etikasının federal normalarını gücləndirdi. SPİD-ə yoluxmuş xəstələrə, narkomanlara, eləcə də, evsizlərə, işsizlərə və kütləvi surətdə işdən çıxarılma hallarına məruz qalanlara kömək məqsədilə proqramlar işləyib-hazırlandı. Federal qanunvericilər müəssisənin bağlanması ilə bağlı öncədən xəbərdarlıq edilməsi haqqında qanun qəbul etdilər və Cənubi Afrika Respublikasına irqçi aparteid siyasəti apardığına görə, sanksiyalar tətbiq etdilər. Beləliklə, Konqres təkcə xüsusi maraqların təminat meydanı deyil. Orada bəzən cəmiyyət üçün kritik olan daha böyük problemlər həll edilir.
Nümayəndələr Palatasında 90-a yaxın mütərəqqi konqressmen əyləşir. Onların çoxu cəmiyyətin ehtiyaclarına çox diqqət yetirirlər, nəinki azlıq təşkil edən varlıların xudbin niyyətlərinə. Onların mövqeyini daşıdıqları siyasi inam, eləcə də, xalqın onlara göstərdiyi təsir müəyyənləşdirir. Onların qazandıqları qələbə həmişə kəskin mübarizə nəticəsində əldə edilir. Bəzən Ağ Ev onların qarşı tərəfində dayananda, mühafizəkarlar ictimai maraqların müdafiəsi qrupları üzərində daha ciddi qələbələr qazanırlar.
M.Parenti yazır: "Bütövlükdə, Konqres hələ də, elə bir yerdir ki, orada demokratik dəyişikliklər baş verir, mütərəqqi qüvvələr mühafizəkarların quruluşu üzərinə yeriyə və azad bazarın hücumlarına qarşı müdafiə qura bilir. Konqres o vaxt daha demokratik ola bilər ki, seçicilərin mənafeyi müdafiə edilsin və nəhəng biznesdən maliyyə asılılığı olmasın. Buna necə nail olmaq olar? Yalnız və yalnız pulla. Lakin bu pul heç bir şərt irəli sürülmədən hər bir vətəndaşdan eyni səviyyədə daxil olmalı, hər bir vergi ödəyicisinin hökumətə ödədiyi verginin hesabına formalaşmalıdır. Bu pul rəsmi dövlət adamlarını biznes maraqlarından və digər imtiyazlı qruplardan asılı etməməlidir. Bizə hökmən Konqresə seçki kampaniyalarının tamamilə dövlət tərəfindən maliyyələşdirilməsi lazımdır. Bu, seçkilərə şəxsi pulların müdaxiləsini neytrallaşdıra bilər. Dövlətin maliyyəsini qəbul edən namizədlər öz seçki kampaniyalarına dövlətin ayırdığı vəsait həcmində pul xərcləməyə razı olmalıdırlar. O kəslər ki, öz seçkisini vergi ödəyicilərinin hesabına keçirmək istəmir, bu maliyyələşdirmədən azad edilməlidir. Lakin bu zaman onların opponentləri özlərinin seçki fondunu bu cür rəqiblərin fondunun səviyyəsinə çatdırmaq hüququ alacaqlar. Həddi müəyyənləşməyən şəxsi maliyyələşmənin həcmi dövlət tərəfindən ayrılan maliyyəyə bərabər olmalıdır. Bundan başqa, "yumşaq pul" adlanan əyri yollarla siyasi kampaniyaların maliyyələşməsinə tam son qoyulmalıdır.
Lobbilər tərəfindən pul mükafatlarına, havayı səyahətlərə, digər hədiyyə və xidmətlərə çox ciddi qadağa qoyulmalıdır. Bunlar qanuniləşdirilmiş rüşvətdən başqa bir şey deyil."
Nəhayət, seçki kampaniyası dövründə bütün namizədlər üçün radio və televiziyada, digər kütləvi informasiya vasitələrində bərabər səviyyədə vaxt ayrılmalıdır. Radioefir bütün Amerika xalqına məxsusdur, onun milli sərvətinin bir hissəsidir. Radiostansiya sahibləri radio dalğaları diapazonundan istifadə etmək üçün lisenziya alsalar da, onun sahibi deyillər. Əgər onlardan tələb olunsa ki, ictimai istifadə xidməti olaraq, rəsmi şəxslərə və digər vətəndaşlara vaxt ayrılmalıdır, bu tələb heç də onların söz azadlığı hüquqlarına toxunmaq kimi qəbul edilməməlidir. Çünki hamının öz fikrini azad şəkildə ifadə etmək ixtiyarı var.
Müəllif göstərir ki, lobbilər daha çox təsir vasitələri əldə ediblər. Çünki onların da qubernatorlar kimi, informasiya ilə manipulyasiya üçün çoxlu vaxtı və təcrübələri var. Assambleyada və Senatda təcrübəli rəhbərlərin olmaması üzündən qanunvericilər tez-tez taktiki və prosedur səhvlərə yol verirlər. Bəzən əhəmiyyətsiz məsələlər barədə uzun müddət müzakirələr aparılır, yaxud əksinə, ciddi əhəmiyyət daşıyan qanun layihələri kifayət qədər müzakirə edilmir. Bir çox deputatlar digər seçkili orqanların seçki kampaniyalarında vaxt keçirirlər. Bəzi deputatlar, tutduqları vəzifədə az müddətdə qalmaqla, öz gələcək karyeraları üçün imkan əldə etməyə çalışırlar. Buna görə də, qanunvericilər qanunda nəzərdə tutulan müddətə qədər vəzifədə qalmaq istəməyib. Senatda təyinatlı vəzifələr tutmaq, yaxud öz namizədliyini ABŞ Konqresinə vermək barədə düşünürlər.
Men ştatının qanunvericilik yığıncağında da eyni mənzərə müşahidə olunur. Büdcənin müzakirəsi rekord dərəcədə az vaxtda yekunlaşır. Çünki yeni seçilən qanunvericilər müzakirə olunan layihənin mahiyyətini başa düşmür, hətta nəyə səs verdiklərini bilmirlər. Men ştatının Nümayəndələr Palatasında çoxluğun lideri, bu sahədə cəmi üç il işləmiş 29 yaşlı demokrat deyir: "Başa düşürsən ki, qanunvericilik yığıncağında aparat əməkdaşları və lobbiçilər daha güclü təsirə malikdirlər. Onlar bu orqanda böyük təcrübə toplayıblar. Komitə iclaslarında iştirak edəndə, görürsən ki, yeni deputatlar bu yaxınlarda qəbul olunan qanunlar üzərində düzəlişlər aparmaqla, yaxud keçən il rədd edilən qanun layihələrinə yenidən baxmaqla məşğuldurlar." Belə hallar digər ştatlarda da baş verir. 2008-ci ildə seçkili vəzifədə qalmağa məhdudiyyətin qüvvədə olduğu iyirmiyə yaxın ştatın qanunverici orqanları deputatların tam tərkibdə dəyişməsi problemi ilə üzbəüz qalacaq. Bu isə, onları qanunvericilik təcrübəsinin bütün işlərindən məhrum edəcək.
1992-ci ildə qanunverici orqanın Aşağı Palatasında seçkili vəzifədə qalmaq müddətinin 6 və ya 12 il olması (ştatdan asılı olaraq) ilə bağlı aktiv reklam olunmuş və yaxşı maliyyələşdirilmiş təşəbbüslər 14 ştatda seçicilərin dəstəyini qazandı. Bir neçə il sonra Ali Məhkəmə bu müddətlərin tətbiqinin nəticələrini qiymətləndirmədən müəyyənləşdirdi ki, konstitusiyanın 1-ci maddəsi Konqresdə vəzifələrə namizədlər və yenidən seçilmək istəyən şəxslər üçün yeni məhdudiyyətlər tətbiq etməyi ştatlara qadağan edir. 2008-ci ildə vəzifədə qalma müddətini məhdudlaşdıran qaydaların olduğu ştatların 20-yə yaxın qanunverici orqanları deputatların tam tərkibdə dəyişməsi problemi ilə üzləşəcək ki, bu da onları hər cür qanunvericilik təcrübəsindən məhrum edəcək.
Seçki kampaniyalarının dövlət tərəfindən maliyyələşdirilməsi qəbul edilən qaydalar əsasında aparılarsa, namizədlər kütləvi informasiya vasitələrindən pulsuz istifadə etmək imkanı qazanar, fəaliyyətdə olan rəsmi şəxslər pul vəsaiti əldə etmək üçün fasiləsiz axtarışlardan azad olar və bununla da, nəhəng biznes maraqlarından, demək olar ki, asılı olmaz. Əsas dövlət müəssisələrinə isə, maddi səviyyəsindən asılı olmayaraq, adi vətəndaşların da əli çatar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru