Qərbdə belə bir fikir formalaşıb ki, bəzi həmkarlar təşkilatları rüşvətlə ələ alınır və anti-demokratikdirlər. Onların bəzi liderləri bu təşkilatların liderinə çevriliblər. Onlar özlərinə yol açmaq üçün səsvermə zamanı müxtəlif fırıldaqlara göz yumur, yüksək maaşa nail olmaq üçün müəssisə menecerləri ilə üzücü iş şəraitinin yaradılmasında və bəzi təşkilat üzvlərini razı salmaq üçün qurdurlarla gizli razılaşmada iştirak edirlər. Bu tipli hadisələrə çox az təsadüf olunsa da, o, mövcuddur. 9-cü fəsildə göstərildiyi kimi, korrupsiya, adətən, şirkət menecerləri tərəfindən rüşvət, maaşdan tutulmalar, vergidən yayınma, zəhərli maddələrin toplanması və başqa qanunsuz yollarla həyata keçirilir. Biznesmenlər həmkarlar təşkilatının maliyyə vəsaitlərinə məsuliyyətsiz yanaşır, işçilərin təqaüd fondundan milyardlarla dollar oğurlayaraq, onların gələcəyini təhlükə altında qoyurlar.
Maykl Parenti yazır: "Həmkarlar təşkilatlarının fəaliyyəti guya iqtisadi tənəzzülə səbəb olduğuna görə, onlar rəhbərlik tərəfindən tənqidə məruz qalırlar. Onlar deyirlər ki, işçilərin maaşlarının artırılmasını tələb edən həmkarlar təşkilatları şirkətləri istehsalı mexanikləşdirməyə, ixtisarlara, ucuz işçi qüvvəsi axtarışı ilə xarici ölkələrdə fəaliyyət göstərməyə məcbur edirlər. Son onillikdə iş yerlərinin ixtisara salınması və müəssisənin digər ölkələrə köçürülməsi işçi qüvvəsinin ucuzlaşması səbəbindən baş vermişdir. Əməkçi insanlar iqtisadi tənəzzülün səbəbkarı deyil, qurbanı olmuşlar.
Həmkarlar təşkilatlarının fəaliyyəti yoxsulluğa deyil, iqtisadı çiçəklənməyə səbəb olur. Həmkarlar təşkilatlarının, ənənəvi olaraq zəif olduğu ştatlarda (Alabama, Cənubi Karolina, Missisipi) yaşayış səviyyəsi onların güclü olduğu ştatlarla müqayisədə aşağıdır. Doğrudur, ABŞ-da ümumi əmək haqqının səviyyəsi "üçüncü dünya"" ölkələrindəki orta əmək haqqının səviyyəsindən yuxarıdır.
Bu ölkələrdə həmkarlar ittifaqları çox zəifdir və ya ümumiyyətlə, mövcud deyil. Kanada, Qərbi Avropa və Skandinaviya ölkələrində həmkarlar ittifaqları güclü olduğundan, onlarda əmək haqqı yüksəkdir.ABŞ əmək haqqının həcminə görə həmin ölkələrdən geri qalır".
Müəllifin fikrincə, ABŞ-da həmkarlar ittifaqında birləşən işçilər təşkilata üzv olmayanlardan 20% çox maaş alırlar. Bundan başqa, onların tibbi sığortası və digər müavinətləri də var. Həmkarlar ittifaqına üzv olmayan işçilər ittifaqa üzv olanların apardıqları mübarizənin nəticələrindən faydalanırlar. Sahibkarlar həmkarlar ittifaqını öz müəssisələrinə buraxmamaq üçün bəzən güzəştə getməli olurlar. Həmkarlar ittifaqının tənqidi və müxtəlif tələbləri müəssisə meneceri tərəfindən idarəetmə səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Həmkarlar ittifaqının mövcud olduğu yerlərdə təhlükəsiz iş şəraitinin yoxlanma səviyyəsi daha yüksəkdir. İşçilərin ittifaqlarda təşkilatlanma səviyyəsi nə qədər yüksəkdirsə, gəlirlərin bölünməsində ədalətsizlik bir o qədər azdır və ya əksinə, işçilərin təşkilatlanma səviyyəsinin az olduğu yerlərdə gəlirlərin bölünməsi varlıların xeyrinədir.
Ölkədə işçi qüvvəsinin vəziyyəti təkcə iqtisadi çiçəklənmədən deyil, həm də demokratikləşmədən asılıdır. Zəhmətkeşlərin yaxşı təşkilatlandığı və güclü olduğu ölkələrdə həmkarlar ittifaqının təşkilatlanmadığı yerlərlə müqayisədə insan haqlarının daha çox qorunduğu hiss olunur. Həmkarlar ittifaqları demokratiyanın həyati əhəmiyyət kəsb edən hissəsini təşkil edirlər. Onlar işçilərin həyatına təsir edən faktorlarla bağlı məsələləri təşkilatlanmış şəkildə cavablandırmaq imkanı yaradan institutların bir hissəsidir. Həmkarlar İttifaqlarının sıravi üzvləri həmkarlar ittifaqı seçkilərində digər seçkilərdən fərqli olaraq, daha fəal iştirak edirlər. Kollektiv əmək müqaviləsinə görə, həmkarlar ittifaqı üzvlərinin çoxu səsvermədə işatirak edirlər.
M.Parenti yazır: "Təşkilatlanmış əməkçi qüvvə uşaq əməyinin istismarına qarşı, səkkiz saatlıq iş günü və daha yaxşı iş şəraiti uğrunda mübarizədə ön sıralarda durur. Həmkarlar ittifaqının vətəndaş hüquqları ilə bağlı önəmli qanun layihələrinin qəbulunda, dövlət tibbi sığorta sistemində, əlverişli yaşayış yeri, ictimai nəqliyyatın inkişafı, istehlakçıların hüququnun müdafiəsi məsələlərində, dövlət təhsil sisteminin təkmilləşdirilməsində, vergi sahəsində islahatların aparılmasında rolu böyükdür. Onlar "Azad ticarət haqqında" Şimali Amerika Razılaşmasına (NAFTA), Tariflər və Ticarətlə bağlı Əsas Razılaşmaya (GATT), Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və xalq hakimiyyətinə qarşı olan digər yalançı təşkliatların əleyhinə çıxırlar. Həmkarlar ittifaqları başqa təşkilatlarla koalisiya yaradaraq, ətraf mühitin mühafizəsi və sülh hərəkatını dəstəkləyirlər. Bəzi inkişaf etmiş həmkarlar ittifaqları "soyuq müharibə" illərində hərbi əhval-ruhiyyəli Amerika Əmək Federasiyası və İstehsal Sahəsində Həmkarlar İttifaqları Konqresi (AFL-CİO) ilə əlaqələri kəsmiş və ABŞ-ın Mərkəzi Amerikada investisiya qoymasına qarşı etirazı dəstəkləmişdilər. Araşdırmalar göstərir ki, həmkarlar ittilaqı üzvlərinin 90%-i öz ittifaqlarının siyasi həyatda və qanunvericiliyin hazırlanmasında iştirakını dəstəkləyir".
Uzunmüddətli tənəzzüldən sonra həmkarlar ittifaqları fəallığını bərpa etmək üçün təşkilatlanmış zəhmətkeşlərə qarşı olan və kollektiv müqavilələrin bağlanmasını məhdudlaşdıran qanunların ləğv edilməsinə çalışmalıdırlar. Əmək münasibətləri üzrə Milli İdarə yenidən kollektiv danışıqların aparılmasında işçiləri dəstəkləyən dövlət müəssisəsinə çcvrilməlidir. Həmkarlar ittifaqlarının rəhbərləri müəssisə rəhbərləri ilə münasibətdə kollaborasionist (İkinci Dünya müharibəsi zamanı vətənini işğal etmiş faşistlərlə əməkdaşlıq edən vətən xaini) siyasət yürütməməlidir. Həmkarlar ittifaqları təqaüd fondundan milyardlarla dolları yaşayış yerlərinin tikilməsinə, yerli infrastrukturun inkişafına və sıravi vətəndaşların həyatını yaxşılaşdıracaq digər sosial proqramların həyata keçirilməsinə sərf etməlidir. Həmkarlar ittifaqları rəhbərlərinin birliyi sayılan AFL-CİO ABŞ-ın "üçüncü dünya"" ölkələrində istibdad rejimlərini dəstəkləyən, ittifaqların müstəqilliyini əlindən alan və ucuz əmək bazarının axtarılması siyasətinə qarşı çıxmalıdırlar. İnsan əməyi ölkə vətəndaşlarının rifahı və gələcəyimzin əsasıdır.
Həmkarlar təşkilatları bütün dünyada, o cümlədən, ABŞ-da indikindən daha yaxşı münasibətə, xüsusi dəyərləndirməyə layiqdir.
Müəllif qeyv edir ki, dünya biznes elitasının və onlara müxtəlif dövlətlərdə sədaqətlə xidmət göstərənlərin bu yaxınlarda keçirdikləri tədbirlərdə "Azad ticarət haqqında" Şimali Amerika Razılaşması (NAFTA) və 1993-cü ildə Uruqvayda qəbul olunmuş Tariflər və Ticarətlə bağlı Əsas Razılaşma (GATT) diqqəti cəlb edir. İctimaiyyətə bildirdilər ki, NAFTA və GATT hamını təngə gətirmiş tənzimləyici qanunvericiliyin ləğvinə çalışır. O, milli iqtisadiyyatı qlobal ticarət sistemi ilə birləşdirməyə, daha çox iş yerlərinin açılmasına və çiçəklənməyə nail olmaq istəyir.
Transmilli korporasiyaların məqsədi həqiqi transmilli korporasiyaya çevrilmək, təşkilata üzv olan dövlətlərdə hakimiyyətə nəzarəti təmin etməkdir. Təşkilata üzv olan müstəqil dövlətlərin onların maraqlarına xidmət etməsi başlıca şərtdir. Aşağıda göstərilən "Colgate Palmolive Coipany"" şirkətinin maliyyə məsələləri üzrə vitse-prezidentinin dediyi sözləri hər bir transmilli şirkətin nümayəndəsi də deyə bilər: "ABŞ bizim (bizim korporasiyaların) resurslar üzərində şərtsiz nəzarət hüququna sahib deyil. Bu ölkəni digərlərindən xüsusi şəkildə ayırmaq üçün heç bir əsas yoxdur".
NAFTA və GATT kimi təşkilatların fəaliyyəti bu fikrin daha da aydınlaşmasına imkan verir. Böyük transmilli şirkətlər bu sazişlərə üzv olan dövlətlərin müstəqilliyinin üstünü qara bulud kimi almışdır. GATT Razılaşması Ümumdünya Ticarət Təşkilatının yaranmasının əsasını qoymuşdur. Bu beynəlxalq təşkilatda 120-dən çox ölkə təmsil olunur. ÜTT-nin transmilli şirkətlərin bazar və investisiya maraqlarına cavab verməyən istənilən qanunu istənilən ölkədə ləğv etmək hüququ var. ÜTT iqtisadi məsələlərlə bağlı ekspert qrupu yaradır. Bu qrupun tərkibində olan "üç ticarət eksperti" özünü hakim kimi aparır. ÜTT özünü xalq hakimiyyətindan üstün bilərək, xalqları uzaqdan idarə etməklə beynəlxalq maliyyə kapitalına mükəmməl şərait yaradır. Bu proses "qloballaşma" adlanır. O, hər kəs üçün sərfəli, inkişafın təbii, qaçılmaz variantı kimi təqdim olunur.
Heç kim tərəfindən seçilməyən, korporasiya dünyasından olan bu qrupun üzvləri gizli şəkildə görüşürlər. Onlar ekspert qərarının əsas hissəsi sayılan səhm paketinə sahibdirlər. Onların fəaliyyəlini yeganə məhdudlaşdıran qayda maraqların toqquşmasına yol verməməkdir. Bu qrupun əsas vəzifəsi transmilli şirkətlərə ağlına gələni etməyə imkan verən şərait yaratmaqdır. Amma bu şəraitin ölkə rəhbərliyi tərəfindən nizama salınmasına və məhdudlaşdırılmasına imkan verməmək lazımdır. GATT-ın 50 səhifəlik qanunlarında özəl biznesə qarşı heç bir qadağa və ya məhdudiyyət yoxdur. Bütün qanunlar bu təşkilatın iştirakçısı olan dövlətlərə qarşı yönəlib. Sənədi imzalayan dövlət gömrük vergisini azaltmalı, kənd təsərrüfatına maddi yardımı dayandırmalı, xarici şirkətlərə milli şirkətlər kimi yanaşmalı, şirkətlərin patentlərini qorumalı və ÜTT-nin bürokratik elitasının qərarlarına tabe olmalıdır. Hər hansı bir dövlət qanunları dəyişən kimi, həmin ölkəyə ticarət və beynəlxalq sanksiya tətbiq edilir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru