PDF Oxu

MİA

  • 3 962

Qloballaşan dünyada azad ticarət hüququ

image

Ali qlobal münsif kimi özünü aparan ÜTT "azad ticarətə əngəl" hesab etdiyi qanunlara qarşı qərar qəbul edir. Təşkilat Yaponiyanı idxal etdiyi qida məhsullarında pestisidlərin yüksək olduğunu qəbul etməyə məcbur etdi. Qvatemalanı uşaq yeməkləri ilə bağlı səhv reklamın yayımlanmasının qarşısını almağa qoymadı. O, bəzi ölkələrdə asbestdən istifadəyə qadağanın, yanacağa qənaət tələb edən standartların aradan qaldırılmasına nail oldu. ÜTT dəniz florası və faunasının qorunması ilə bağlı və nəsli kəsilməkdə olan bioloji tərkibli məhsulların satışını qadağan edən qanunları da ləğv etdirdi. Maykl Parenti yazır: "Avropa İttifaqı hormonlarla şişirdilmiş mal ətinin ABŞ-dan idxalına qadağa qoydu. Bunu bütün Avropa xalqları dəstəklədi, amma ÜTT-nin ekspertləri bunun ticarətə qarşı qanunsuzluq olduğunu bildirdilər. Mal əti ilə əlaqədar qərar digər sağlamlıq normalarının qorunmasına təhlükə yaratdı. ÜTT benzinə bəzi əlavələrin edilməsinə qadağa qoyan ABŞ-da "Təmiz hava haqqında" qanunu ləğv etdi. Səbəb kimi bu qanunun ABŞ-a digər ölkələrin neft emaledici müəssisələrindən benzin idxalına maneçiliyi göstərildi. ÜTT həm də nəsli tükənməkdə olan quşların və məməlilərin qorunmasına dair qanunun ləğvinə də nail oldu. Bu qanun krevet (xırda dəniz xərçəngi) idxalını qadağan edirdi. Çünki onların ovlanması zamanı dəniz tısbağaları məhv edilirdi.

"Azad" ticarət - ədalətli ticarət demək deyil. O, güclü dövlətlər üçün sərfəlidir. Bütün bunlar zəif dövlətlərin və bizim əldə edə biləcəyimiz demokratik bərabərliyi əlimizdən almağa hesablanıb. Qloballaşma XX əsrdəki islahatlara yenidən qayıtmaq deməkdir. Yəni zərərli məhsulları boykot, uşaq əməyini qadağan etmək olmaz. Bununla bərabər, yaşamaq üçün zəruri olan minimum vəsaitə, digər sosial ödəmələrə, dövlət xidmətinə, əməyin və sağlamlığın mühafizəsinə zəmanət məsələləri aradan götürülür".

Müəllif göstərir ki, GATT transmilli şirkətlərin yerli fərdiyyətçilər, kənd təsərrüfatı icmaları üzərində monopoliyasına şərait yaradır. Demək, özəl müəssisələr arasında sağlam rəqabət olmayacaq, əməyin mühafizəsinə və sağlamlığın qorunmasına korporasiyalar heç bir xərc çəkməyəcəklər. Beləliklə, kapitalist kənd təsərrüfatı korporasiyaları yerli şuranın şəxsi iqtisadiyyatına daxil olub, onun sərvətlərini idarə edə bilər. Ralf Nader (Hindistan) "Meliya" adlı kənd təsərrüfatı bitkisini misal göstərir. Bu ağac uzun illərdən bəri Hindistanda yetişdirilib. Tərkibində təbii- müalicəvi əhəmiyyətli maddələr var. Son zamanlar isə, bu bitkiyə müxtəlif xarici əczaçı şirkətlərin gözü düşüb. Dərhal bu şirkətlər bitki üzərində özlərinin mülkiyyət hüquqlarını qeydiyyatdan keçirdilər. Bu da, hindli fermerlər tərəfindən böyük etiraza səbəb oldu. ÜTT-nin qaydaları ilə fəaliyyət göstərən əczaçı şirkətlər Hindistanda meliya ağaclarının paylama sisteminə nəzarət etmək hüququ qazandılar. ÜTT-nin Hindistanda bu qərarı həyata keçirməsi çətinliklə baş tutsa da, on minlərlə müstəqil fermer indi böyük əczaçı şirkətlərin qaydaları ilə işləməyə məcburdur.

Analoji olaraq, yüz illərdən bəri hind kəndliləri tərəfindən becərilən basmati düyü növünün patentinə sahib olmaq haqqını ÜTT "RiceTec" adlı Amerika şirkətinə verdi. Təşkilat, eyni zamanda, xüsusi karri (qara, ağ, qırmızı, ətirli istiotların qarışığı) istehsalının icazəsini yapon şirkətinə verdi. Faktlar "azad ticarət" şirkətlərinin inhisarçı mahiyyətini göstərir. Bu tipli hadisələr Malayziyanın baş naziri Mahathira Məhəmmədi bu sözləri bəyan etməyə vadar etmişdi: "Biz Qərbin biotexnoloji-transmilli korporasiyaları tərəfindən genetik sərvətlərimizin oğurlanmasının və onlara böyük gəlir əldə etməyə imkan verən patentli, genetik modifikasiyanın şahidiyik. Allah tərəfindən yoxsul insanlara bəxş edilmiş nemətlər qoruna bilmirsə və bu nemətlərin genetik modifikasiyası varlıların mülkiyyətinə çevrilirsə, görün dünya bazarında "azad ticarət" nə deməkdir? Əgər varlı dövlətlər bu cür hərəkətlərini davam etdirsələr, onda qloballaşma kapitala və məhsula sahib olanların bazardakı hüdudsuz səlahiyyətinin suveren dövlətlərin sərhədlərinə qəsdi mənasını verəcək".

Əgər azad ticarət razılaşmasına riayət edilsə, onda bələdiyyələrə və dövlətə məxsus kommunal və məişət xidmətləri təhlükə altında olacaq. Kommunal xidmətlər "əldən qaçırılmış bazar imkanlarından və ya ədalətsiz maddi yardımdan istifadə etmədiyinə görə, günahkar hesab olunacaq. Belə bir nümunə göstərmək mümkündür: Ontario (Kanada) əyalətində avtomobillərin sığortası ilə bağlı dövlət proqramını "ədalətsiz rəqabət"də günahlandırdılar. Ontario Amerika sığorta şirkətinə vəsait ödəmək şərtilə, dövlət avtomobil sığortası proqramına daxil ola bilər. Təbii ki, bu şərt dövlət sığorta proqramı üçün böyük itki hesab olunurdu. Şərt qəbul edilmədikdə, Ontario əhalisinə dövlət sığorta şirkəti yaratmağa imkan vermədilər.

Təhsil sistemi iqtisadiyyatın illik dövriyyəsi trilyon dollar olan sahəsidir. Onun çox hissəsini ələ keçirməkdən ötrü şirkətlər rəqabət aparırlar. Əgər bu məsələni hər hansı ticari-iqtisadi təşkilat və ya ÜTT qarşısında qaldırsaq, dövlət və özəl təhsil sisteminə maliyyə vasaitinin ayrılması etiraza səbəb olacaq, dərhal özəlləşdirilməsini tələb edəcəklər.

M.Parenti daha sonra yazır: "GATT və NAFTA kimi beynəlxalq razılaşmalar korporasiyaların yerli bazarları zəbt etməsini, oradan kiçik firma və müəssisələrin sıxışdırılmasını sürətləndirdi. NAFTA razılaşmasının tətbiqindən sonra ABŞ-da yüksək maaşlı iş yerləri ləğv edildi. Çünki Amerika firmaları öz müəssisələrini bağlayaraq, daha ucuz bazar olan Meksikaya köçürmüşdülər. Bu zaman onlarca kiçik Meksika firmaları, şirkətləri sıxışdırıldı. Meksika ucuz və keyfiyyətli taxıl, süd məhsulları aqrosənayesinin böyük şirkətləri ilə doludur. Bütün bunlar kiçik Meksika fermerlərinin, ticarətçilərinin ifiasına və kəndlilərin torpaqlarından məhrum edilməsinə gətirib çıxardı. Meksikada Amerika şirkətləri aşağı maaşlı, sağlamlıq üçün zərərli və təhlükəli iş yerləri təklif etdilər.

NAFTA şərtləri ilə çalışan ABŞ-ın "Ethyl Corporation" şirkəti Kanada dövlətinə 250 milyon dollar dəyərində məhkəmə iddiası qaldırmışdı. O, Kanada dövlətini "kommersiya imkanını əldən qaçırmaq"da və "ticarətə maneə yaratmaq"da suçladı. Kanada mütəxəssisləri "kanserogen" hesab edilən benzinə kimyəvi maddələrin əlavə edilməsini qadağan etdi. Məhkəmədə uduzmaqdan qurtulmaq üçün Kanada rəsmiləri geri çəkilərək, bu qadağanı ləğv etməyə razılaşdılar, "Ethyl" şirkətinə 10 milyon dollar kompensasiya ödədilər və benzinə qatılan məhlulun təhlükəsiz olduğunu rəsmən elan etdilər. Kaliforniyada da sağlamlıq üçün zərərli olan məhlulun benzinə əlavə olunmasını qadağan edirdilər. Bu zaman Kanadada olan "Ethyl" şirkəti, NAFTA-nın qaydalarına uyğun olaraq, Kaliforniyaya qarşı "azad ticarətə ədalətsiz xərclərin qoyulması" ittihamı ilə məhkəmə iddiası qaldırdı".

Bizə deyirlər ki, GATT çərçivəsində rəqabət qabiliyyətini saxlamaq və istehsalı yüksəltmək üçün az maaşla daha çox işləmək lazımdır. Sosial təminatlara vəsaitin və maaşın azalması, iqtisadiyyata və özəlləşdirməyə dövlət tənzimlənməsinin zəiflədilməsi ilə razılaşmalıyıq. Yalnız o zaman bizi məhv etməyə çalışan qloballaşma qüvvələrini zərərsizləşdirmək olar. "Azad ticarət haqqında" razılaşma, o cümlədən, Konqresə hələ təqdim olunmayan qanun layihələri dünya iqtisadiyyatına dövlət səviyyəsində müdaxilənin qarşısını almaq üçün böyük biznes və onun hökumətdəki himayədarları tərəfindən düşünülüb. Bu, demokratik nəzarəti zəiflədəcək, cəmiyyəti bir-birinə qarşı qoyaraq, bazardakı boş yerləri tutmaq uğrunda amansız mübarizəyə vadar edəcək. İndi istənilən əyalətin əhalisini öz hökumətlərinin xilası naminə yeni dövlət istehsal müəssisələri formalarını yaratmağa məcbur etmək çətindir. Çünki onlar Ümumdünya Ticarət Təşkilatı və ya başqa təşkilat tərəfindən ləğv ediləcək.

Müəllifin fikrincə, NAFTA və GATT razılaşmaları ABŞ Konstitusiyasını pozur. Belə ki, ABŞ Konstitusiyasının preambulasında açıq şəkildə deyilir: "Hakimiyyətin mənbəyi xalqdır. Biz, ABŞ-ın əhalisi hazırkı konstitusiyanı ABŞ üçün elan və təsis edirik". Konstitusiyanın birinci bölməsinin birinci maddəsində yazılıb: "Bütün təsis edilmiş qanunverici səlahiyyət ABŞ Konqresinə aiddir". Birinci bölmərnin yeddinci maddəsi ölkənin idarəçiliyini prezidentin (hər hansı ticarət şurasının yox) öhdəsinə verir. Prezident Nümayəndələr Palatasının, Konqresin qəbul etdiyi qanun layihələrinə veto qoya bilər. Üçüncü maddədə isə, mübahisəli məsələlərə Konqresin qərarı ilə Ali Məhkəmənin və federal məhkəmələrin baxmaq hüququndan bəhs edilir. Konstitusiyanın heç bir yerində beynəlxalq ticarət komissiyasına məhkəmənin son instansiyası rolunu oynamaq və konstitusiyanın qanunverici gücünü azaltmaq hüququnun verilməsi yazılmayıb.

Yeddinci maddədə deyilir ki, konstitusiya, federal qanunlar və razılaşmalar "ölkənin ən yüksək Qanunu kimi xidmət edəcəklər". Amma heç vaxt düşünülməmişdi ki, razılaşma qanundan və xalqın müstəqilliyindən daha əhəmiyyətli ola bilər. Belə ki, ABŞ Konqresinin və Ali Məhkəmənin müzakirələrində NAFTA və GATT-la bağlı məsələlərdə "müqavilə" ifadəsi "razılaşma" adlandırılır. Bu, sadəcə, semantik hiylə idi ki, prezident Klinton ratifikasiyadan kənar Senatın üçdə iki səs çoxluğu ilə sənədi qəbul etsin və ona düzəlişlər olunmasına imkan verməsin. Ümümdünya Ticarət Təşkilatının yaradılması 1994-cü il seçkilərindən sonra səlahiyyət müddəti başa çatan Konqresin iclasında bəyənilmişdi. Lakin seçkilərin iştirakçısı olan seçicilərə ABŞ qanunlarının ÜTT qərarları ilə ziddiyyət təşkil etməyəcəyinə söz verilməmişdi.

Qloballaşma - dünya iqtisadiyyatının taleyini bank sahiblərinin və transmilli şirkətlərin ümidinə buraxmaq məqsədi güdərək, imperializmin məntiqi davamı olub, imperiyanın respublika, beynəlxaq kapitalın demokratiya üzərində qələbəsidir. Amma son zamanlar geniş xalq etirazı ilə qarşılaşan bəzi çoxtərəfli ticarət razılaşmaları ləğv edilir. 1999-cü ildə "azad ticarət"ə qarşı etiraz dalğaları İngiltərəni, Fransanı, Tailandı, Hindistanı və daha 41 ölkəni bürümüşdü. 2000-ci ildə Sietl, Vaşinqton, Sidney, Praqa və başqa şəhərlərdə nümayişlər keçirilmişdi. Dünyanın bütün xalqları "qloballaşma" və "azad ticarət"ə qarşı çıxaraq, dövlətin demokratik məsuliyyətinin ixtisarına və hesabat verməsinin məhdudlaşdırılmasına qarşı müqavimət göstərirlər. Bu, o deməkdir ki, mövcud ticarət razılaşmalarına yenidən baxmaq yox, onu ləğv etmək lazımdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər