PDF Oxu

MİA

  • 5 930

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə əməkdaşlıq

image

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyada elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əməkdaşlığın ən böyük hökumətlərarası forumudur.

E.Süleymanovanın redaktorluğu ilə çapdan çıxmış "İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərilir ki, UNESCO-nun fəaliyyəti təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə istiqamətlənmişdir. YUNESKO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: "Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə, əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur".

Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin, elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən UNESCO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan Respublikası 1992-ci il iyulun 3-də həmin təşkilata daxil olmuşdur.

İnsan hüquq və azadlıqlarına hamılıqla hörmətin təmin edilməsi, xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin qorunmasına yardım göstərilməsi bu qurumun ən mühüm vəzifələrindəndir.

UNESCO digər üzv dövlətlərlə yanaşı, Azərbaycana da dünya səviyyəli mütəxəssislərin, elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanları qazandırır.

Bu nüfuzlu beynəlxalq qurum ölkəmizdə insan hüquqlarının, o cümlədən, mədəni hüquqların və təhsil hüquqlarının gerçəkləşməsi, Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafı istiqamətində böyük səylər göstərir".

Respublikamızla UNESCO arasındakı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu ideyalara göstərdiyi sadiqliyə görə, Xanım Mehriban Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür.

Sevindirici haldır ki, Xoşməramlı Səfirin təşəbbüsləri və böyük səyləri nəticəsində Azərbaycanın zəngin mədəni irsi, bənzərsiz muğamları və digər möhtəşəm sənət abidələri UNESCO-nun Ümumdünya Mədəni Dəyərləri Siyahısına daxil edilmişdir.

Müvəkkilin əməkdaşlıq qurduğu beynəlxalq qurumlar arasında UNESCO xüsusi yer tutur.

Azərbaycan Ombudsman təsisatı ilə UNESCO, o cümlədən, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə, həmçinin, bu qurumun Moskva Bürosu arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ölkəmizdə elm və mədəniyyətin, təhsilin inkişafı sahəsində mühüm işlər həyata keçirir, konfranslar, müxtəlif səpkili sərgilər, görkəmli mədəniyyət xadimlərinin yubiley tədbirlərini təşkil edir.

Kitabda qeyd olunur ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Bakıda keçirilmiş ombudsmanların on üç beynəlxalq konfransının onuna bu qurum dəstək vermişdir. Müxtəlif mövzularda, ən başlıcası isə razılaşdırılmış prioritet istiqamətlər üzrə təşkil olunmuş həmin konfranslara verilmiş dəstək insan hüquqları baxımından böyük önəm kəsb etmişdir.

BMT-nin İnsan Hüquqları üzrə Maarifləndirmə Onilliyi (1995-2004) münasibətilə "Demokratikləşmənin inkişafında vətəndaş cəmiyyəti ilə birgə insan hüquqları üzrə maarifləndirmənin rolu", ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmasının beşinci ildönümünə həsr olunmuş "İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi", BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr edilmiş "Qloballaşan dünyada insan hüquqları", Avropa Şurasının 60 illiyi münasibətilə "Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri", ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublikamızda qeyd olunan "Ekologiya ili" münasibətilə "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri", "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya", Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyinə həsr edilmiş "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar", BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinə həsr olunmuş "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının təbliğində və müdafiəsindəki rolu və təsiri", UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 20 illiyinə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci ildönümünə və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə həsr olunan "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu", Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və YUNESKO-nun 70 illiyinə həsr olunan "Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu" Ombudsmanların Bakı Beynəlxalq Konfransları bu sıradandır.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının paytaxtında UNESCO-nun Moskva bürosunun təşkilatçılığı ilə keçirilmiş subregional beynəlxalq tədbirlərdə ekspert qismində iştirakı bu qurumla əməkdaşlığın daha bir nümunəsidir.

2008-ci ilin mayında Ombudsman E.Süleymanova UNESCO-nun dəvəti ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bu nüfuzlu beynəlxalq qurumun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə insan hüquqları kafedralarının rəhbərləri üçün keçirilən konfransda ekspert qismində iştirak etmişdir. Tədbirdə insan hüquqlarının, o cümlədən, UNESCO-nun səlahiyyətlərinə aid hüquqların - təhsil hüquqları, mədəni hüquqlar, fikir azadlığı və digər hüquqların təmin olunması məsələləri müzakirə olunmuşdur.

Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsinin qəbul edilməsinin 60 illiyinə həsr olunmuşdur.

E.Süleymanova regiondan bu tədbirdə iştirak edən yeganə Ombudsman olaraq, "UNESCO-nun prioritetləri kontekstində insan hüquqlarının müdafiəsində yeni yanaşmalar və mexanizmlər" mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində Azərbaycanda vəziyyət, 20 illik erməni təcavüzü nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması, sülh müqaviləsi imzalanmasının sürətləndirilməsinin zəruriliyi, insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul olunması və uğurla həyata keçirilməsi barədə məlumat vermişdir.

Müvəkkil adıçəkilən institutda keçirilmiş tədbirlərdə insan hüquqları sahəsində təhsil mövzusunda da məruzələr etmiş, Rusiya alimləri ilə bu istiqamətdə əməkdaşlığın perspektivlərinə dair təkliflər vermişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər