Cəmiyyət nə qədər çox bazar iqtisadiyyatının formalaşması istiqamətində fəaliyyət göstərirsə, xüsusi mülkiyyətçiliyə nə qədər geniş meydan verirsə, bir o qədər də dövlət iqtisadiyyata öz düşünülmüş, konstruktiv müdaxiləsini intensivləsdirməli və gücləndirməlidir. Ə.Abbasov yazır: "Subyektiv istəklərdən, şəxsi və qrup maraqlarından qaynaqlanmayan bu müdaxilə keçid dövründə, əsasən, yeni iqtisadi təfəkkür tipinin formalaşması, iqtisadi stabilliyə və tərəqqiyə təkan verən mexanizmlərin yaradılması, sahibkarlıq hissinin güclənməsi, rüşvət və korrupsiyanın qarşısının alınması, milli gəlirin ölkə maraqlarından və xalq mənafeyindən çıxış edilərək, səmərəli və düzgün bölüşdürülməsi, müxtəlif vacib istehsal sahələrinin, əhalinin ayrı-ayrı kateqoriyalarının və dövlətin özünün birgə maraqlarının təmin olunması, elmi-texniki, texnoloji və innovasion siyasətin həyata keçirilməsi, investisiya və maliyyə-kredit siyasətinin təkmilləşdirilməsi, sosial maraq və mənafelərin ədalətli surətdə ödənilməsi, "məmur iqtisadiyyatı" və inhisarçılığa qarşı təsirli mübarizənin aparılması kimi məqsədlərə xidmət etməlidir ki, formalaşmış sağlam iqtisadi zəmində insan haqları da etibarlı təmin olunsun".
Azərbaycanın özünəməxsusluğunu nəzərə almaqla və dünya təcrübəsinə əsaslanaraq, dövlət tənzimləməsinin ümumi iqtisadi nəzəriyyəsinə ciddi ehtiyac olması barədə tanınmış iqtisadçı-alim T.A.Quliyevin dövlət tənzimlənməsinə dair baxışlarını tədqirəlayiq hesab etmək olar. Bu məsələnin düzgün həllindən yalnız iqtisadi modernləşmənin gedişi yox, cəmiyyətin bütün sahələrinin fəaliyyəti və gələcək vəziyyəti asılıdır. İnsan haqlarının təmin olunmasında da bu məsələ müstəsna əhəmiyyətə malikdir. İnkişaf etmiş iqtisadı sistemə malik ölkələrdə insan hüquqlarının daha etibarlı qorunması faktı bunu sübut edir. İnsan hüquqları o yerdə və o zaman lazımınca təmin olunur ki, cəmiyyətin iqtisadi həyat sahəsi optimal təşkil edilir, hüquq və etik normalar, ədalət prinsipi, mənəviyyat tələbləri çərçivəsində idarə olunur. Bu kontekstdə iqtisadi təməl məsələsi, həm də mənəvi-psixoloji, sosial-aksioloji və hüquqi-əxlaqi məsələdir.
İctimai transformasiya şəraitində insan hüquqlarının təşəkkül və inkişafından danışarkən, bir vacib problemə də diqqət yetirmək istərdim. Heç bir ölkədə siyasi müstəqillik iqtisadi azadlıq və müstəqillik olmadan uzun illər yaşaya və fəaliyyət göstərə bilməz, eyni qaydada, iqtisadi və siyasi müstəqillikdən kənar hansısa insan hüquqlarından danışmaq əbəsdir, çünki belə vəziyyətdə şəxsiyyət və xalq suverenliyinə, vətəndaş seçiminə, milli mənafenin öndə tutulmasına yer qalmır.
Müəllifin fikrincə, iqtisadi azadlıq mövcuddursa, millət xarici güc və amillərdən asılı olmayaraq, öz layiqli yaşayışını təmin edə bilir, maddi və mənəvi ehtiyatlarını qorumağa qadir olur. Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan, hüquq normaları çərçivəsində iqtisadi qanunlarla tənzimlənən, bazarın tələblərinə uyğun fəaliyyət göstərən, sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Burada mülkiyyət hüququ və azadlığı, sahibkarlıq və rəqabət azadlığı, sərbəst qiymətqoyma və tələb-təklif dialektikası mövcuddur. Azad iqtisadiyyat dövlətin bürokratik müdaxiləsini deyil, tənzimləyici və yardımçı funksiyalarını qəbul edir.
Milli iqtisadiyyat dedikdə, məhz müstəqil iqtisadiyyat nəzərdə tutulur ki, vətəndaşların hüquq və azadlıqlarının zəminini təşkil edir. Etiraf etməliyik ki, yaranmış indiki mürəkkəb və çox ziddiyyətli geosiyasi şəraitdə, beynəlxalq münasibətlər sistemində məqbul davranış məcəlləsinin olmadığı bir zamanda, iqtisadi müstəqilliyin atributlarının təmin edilməsi o qədər də asan deyildir. Qlobal kapitalizmin güc mərkəzləri, aparıcı qüvvələri, transmilli korporasiya və banklar, onların məxfi şəbəkələri tərəfindən ayrı-ayrı ölkələrin iqtisadiyyatı ciddi təhdidlərlə üzləşməli olur ki, son nəticədə, insan hüquqlarının reallaşması sahəsində xeyli problemlər yaranır. Eyni zamanda, məhz insan haqları məfhumu qlobal təsirli bu güclərin əlində milli dövlətlərə qarşı aparılan siyasətin başlıca alətinə çevrilib. Çox vaxt, deyərdim, beynəlxalq təşkilatlar, müxtəlif siyasi-iqtisadi dairələr, dünya mediası insan haqları uğrunda davanı insan naminə deyil, öz məkrli niyyətlərinin rerllaşdırılması üçün aparılır. Belə siyasətlə Azərbaycan da dəfələrlə üzləşməli olub. Bir həqiqətdir ki, beynəlxalq güclərin, trans-milli korporasiya və bankların maraqları heç də həmişə hansısa ölkənin milli maraqları ilə uzlaşmır. Bu ziddiyyət, son nəticədə, insan hüquqlarının reallaşmasına mənfi təsir göstərir.
Cəmiyyətin yeni struktur-funksional səviyyəyə transformasiyası prosesində bazar utopiyasından, bazar subyektivizmindən, bir sözlə, bazar fundamentalizmindən sığortalanmaq olduqca vacibdir. Bazar fundamentalizmi, iqtisadiyyatda bürokratik-idarəetmə prinsiplərinə vüsət verməklə yanaşı, cəmiyyəti və iqtisadiyyatı tənəzzülə aparır, insan haqlarının özəyini təşkil edən dəyərlərin deformasiyasına, alverçilik psixologiyasının, eqoistik ovqatın yaranmasına səbəb olur. Bazar fundamentalizmi, vaxtilə C.Sorosun haqlı olaraq dediyi kimi, ekstremizmin bir növüdür. T.A.Quliyevin fikrincə isə, "bazar ekstremizmi o vaxt özünü göstərir ki, iqtisadi maraqlar yanlış anlayışlar və mülahizələr üzərində qurulur".
Ə.Abbasovun qeyd etdiyi kimi, ekstremizmin bariz nümunəsi olan fundamentalizm, əslində, totalitar-ehkamçı şüurun məhsuludur və bu səbəbdən də, həmişə təkcə, xüsusi olana, əlahiddə nəyəsə möhtacdır. Bu yanaşmada bərabərhüquqluluğa, ədalətin əməkdaşlığa, alternativliyə və seçimə yer verilmədiyindən, demokratik norma və prinsiplər də öz əhəmiyyətini itirir. Beləliklə də, insan haqlarının reallaşma bazasına böyük zərər yetirilir ki, bu da özünü müxtəlif səviyyə və aspektlərdə göstərir. Bazar fundamentalizmi iqtisadiyyatda bərabərhüquqluğu, ədalətli rəqabəti pozduğundan, ondan faydalanan yalnız oliqarxiya olur ki, burada da dövlətin və xalqın maraqlarının ödənilməsindən söhbət gedə bilməz.
Mütəxəssislərin fikrincə, fundamentalizm iqtisadiyyatda liberallaşdırmanı, bilavasitə hakim oliqarxik qrupların maraqlarına tabe edir, patronaj-proteksionist münasibətlərin dominatlığını gücləndirir, rüşvət və korrupsiya üçün münbit şərait yaradır, oliqarxik bürokratiyanın iqtisadiyyata və bütövlükdə, ictimai həyata qeyri-qanuni müdaxiləsini artırır, cəmiyyəti inhisarçılıq və ədalətsizlik mühitində boğur, sosial maraq və mənafelərin ödənilməsində ziddiyyətliliyi və hətta antaqonistliyi şiddətləndirir. Aydındır ki, belə bir vəziyyətdə adi insanlar, əksəriyyət üçün transformasiya prosesi məşəqqətli xarakter alır, hüquq və azadlıqlar problemi öz həllini tapmır, vətəndaşların fiziki-bioloji mövcud olması daha ağrılı məsələyə çevrilir.
Cəmiyyətin köklü transformasiyası şəraitində xalqın mənafeyi və hər bir vətəndaşın layiqli yaşayışı naminə dövlətin başlıca qayəsi məmur özbaşınalığına, rüşvət və korrupsiyaya, işsizliyə, proteksionizmə, milli sərvətlərin dağıdılmasına qarşı mübarizədən ibarət olmalıdır. Yalnız bu mübarizənin real və etibarlı halında insan hüquq və azadlıqlarının effektli təminatı mümkündür. Son məqsədi demokratik konsolidasiya olan siyasi modernləşmənin uğurları da, ilk növbədə, bu mümkünlüyün dərəcəsi ilə ölçülür. Bu mənada, ölkə başçısı İlham Əliyevin öz çıxış və nitqlərində tez-tez məmur etikası, korrupsiya ilə mübarizə məsələlərinə diqqət yetirməsi, tənqidi fikirlər söyləməsi tamamilə anlaşılan və təqdirəlayiq haldır. 2013-cü ilin prezident seçkilərindən sonra da Cənab İlham Əliyev bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi zərurətini bəyan etmişdir. Burada, əlbəttə ki, xalqın özündən, bizim hər birimizdən çox şey asılıdır. Vacibdir ki, vətəndaşlar seyrçi mövqe tutmasın, hər bir kəs öz töhfəsini versin.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru