MİA

  • 3 309

Azərbaycan kosmos ölkəsinə çevrilib - ANALİZ

image

Azərbaycanda həyata keçirilən dövlət siyasəti, reallaşan dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkəmizi müasir məkana çevirməklə yanaşı, onun dünyada tanıdılmasına geniş imkanlar açıb. Mövcud inkişaf nəticəsində müasirləşən, modernləşən Azərbaycan innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi dünayda özünəməxsus yer qazanıb. İnformasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası qısa bir zamanda böyük uğurlarla nəticələnib. Sözsüz ki, genişmiqyaslı islahatların davamlı olması, dövlətimiz tərəfindən ayrılan diqqətin məntiqi nəticəsidir ki, Azərbaycan innovativ inkişafa yol açan dövlətə çevrilir. Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri olan kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində qısa bir zamanda mühüm addımlar atılıb. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

"MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ SÜRƏTLƏ, HƏRTƏRƏFLİ İNKİŞAF EDİR VƏ BİZ ARTIQ KOSMİK KLUBUN ÜZVÜYÜK"

2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları kosmik sənayenin inkişafında mühüm rol oynadı. Reallaşan tədbirlərin davamı olaraq 2010-cu ildə dövlət başçısı tərəfindən "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb etmiş oldu. Əlbəttə ki, Azərbaycanın və Qafqazın ilk peyk operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında əsas məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarının həyata keçirilməsi idi ki, bu məqsədə də qısa zamanda nail olundu. Azərbaycan həyatında tarixi hadisəyə çevrilən ilk telekommunikasiya peyki "Azerspace-1" və yer səthinin müşahidə peyki "Azersky"in orbitə çıxarılması Azərbaycanın kosmik ölkələr sırasında yer alması ilə nəticələndi. Bununla bağlı Azərbaycan Prezidenti təbrikində bildirmişdir: "Doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük". Əlbəttə ki, bu böyük əhəmiyyətə malikdir. "Azerspace-1" peyki Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm informasiya ötürücüsü roluna malikdir. Mənbələrdə qeyd olunduğu kimi, çəkisi təxminən 3 200 kiloqram olan "Azerspace-1" Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və "Azərkosmos" ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir. Peykimizin istismar müddəti azı 15 il təşkil edir.

Bildiyimiz kimi, "Azersky" peyki ilə dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə çıxışı mümkündür. Məlum olduğu kimi, bu peykin xidmətlərindən müdafiə və təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya və ətarf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi kimi sahələrdə istifadə olunur. "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Azərbaycanın ilk telekommunikasiya peyki kommersiya xarakterli və gəlirli bir layihədir. Onun resurslarının 60 faizdən çoxu kommersiya yönümlü istifadə olunur. Xatırladaq ki, peykin gəlirlərinin istismar müddəti ərzində təqribən 650 milyon dolları təşkil edəcəyi nəzərdə tutulub.

"Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə şərait yaradıb. Artıq "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır.

PEYKİN FƏALİYYƏTİ DÖVRÜNDƏ 450 MLN. DOLLARDAN ÇOX GƏLİR GƏTİRMƏSİ NƏZƏRDƏ TUTULUB

Beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxardı. Üçüncü peykimiz olan "Azerspace-2"in orbitə buraxılması da böyük əks-səda doğurdu. Cənab Prezidentin bildirdiyi kimi, Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir: "Azerspace 2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək". "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. "Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır", deyən Azərbaycan Prezidenti bildirib ki, bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər: "Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür".

Məlumdur ki, Azərbaycanda kosmik sənayenin yaradılması iqtisadi cəhətdən böyük səmərə vəd edir. 2018-ci ilin sentyabr ayında orbitə buraxılan "Azerspace-2" peyki kommersiya istifadəsinə 2019-cu ildən başlanılıb və qısa bir müddətdə – iki il ərizində istifadəsindən 40 mln. ABŞ dolları gəlir əldə edilib. Vurğulayaq ki, layihə 190 mln. dollara başa gəlib. Peykin istismar müddəti isə 20 ildir. Onu da bildirək ki, peykin fəaliyyəti dövründə 450 mln. dollardan çox gəlir gətirməsi nəzərdə tutulub.

Orbitdə özünün 3 peykini çıxaran Azərbaycan bütün dünyada innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Əlbəttə ki, bu peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğurlu addımlardar. Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsində bütün sahələrdə olduğu kimi, kosmik sənaye də daha inkişaf edəcək və görülən işlər davamlı olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər