MİA

  • 33 764

Bakı Enerji Həftəsi: Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzidir

image

Xəbər verdiyimiz kimi, bu həftə Azərbaycanda Bakı Enerji Həftəsi keçirilir. Bu il o, eyni vaxtda 3 böyük tədbiri- “Xəzərin neft və qazı”, “Enerji və bərpa olunan enerji” beynəlxalq sərgilərini və Bakı Enerji Forumunu birləşdirir. Enerji həftəsində dünyanın 30 ölkəsindən 250 şirkət iştirak edir.

Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorlarında ən mötəbər tədbirdir. Onun iştirakçıları arasında dünyanın nüfuzlu və iri şirkətləri də var. Həftənin əsas hadisələrindən biri Xəzər regionunda əsas neft və qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün hər il yüksək səviyyəli rəhbərləri bir araya toplayan beynəlxalq platforma olan “Caspian Oil and Gas” sərgisidir. Şirkətlər neft hasilatı və enerjinin nəqli, neft və qaz sistemlərinin saxlanması və xidmətləri sahəsində innovativ texnologiyalar, eləcə də regionda cari və perspektiv neft-qaz layihələri və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Azərbaycan dünyada bir ənənəvi enerji ölkəsi kimi tanınır. Lakin ölkəmiz bununla kifayətlənməyərək gələcəyin enerjisinə- alternativ və bərpaolunan enerjilərə böyük diqqət ayırır. Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində bu məsələyə geniş toxunub.

“Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.

Xəzər dənizinin nəhəng potensialı var və artıq bu hesablama aparılıb. Mənə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir, yəni, bu, nəhəng həcmdir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar. Bütün bunlar bizim hökumətimiz tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacaq, bir o qədər qaza qənaət ediləcək və ixrac olunacaq, bu, təbiidir” –ölkə başçısı deyib.

Prezident Azərbaycanın enerji istehsalçısı kimi yox, həm enerji tranzitçisi kimi böyük potensiala malik olduğunu bildirib: “Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.

Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var - müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.

Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.

Qeyd edək ki, enerji istehsalı və ixracı ölkəmizin iqtisadi potensialını gücləndirir, imkan yaradır ki, neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilsin. Təsadüfi deyil ki, bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsinin təzahürüdür.

Bu gün Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri ölkəmizin iqtisadi potensialını artıracaq.

Göründüyü kimi, Azərbaycan böyük bir regionda iqtisadi əməkdaşlıq platformasının mərkəzinə çevrilir. Belə beynəlxalq tədbirlər isə bu əməkdaşlığı daha da gücləndirir.

İqtisadçılar da hesab edir ki, Azərbaycanın iqtisadi nüfizunun artması ölkəmizi dünyada vacib bir mərkəzə çevrir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, Bakı Enerji Həftəsi ən böyük və vacib tədbirlərdəndir: “Burada ABŞ, Avropa İttifaqına üzv olmuş ölkələr, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Sinqapur, Çin və s. aparıcı ölkələrin şirkətləri təmsil olunur. Bütün bunlar isə onlardan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorların məlumatı baxımından vacibdir. Ona görə də təbii ki, belə bir tədbirin keçirilməsi Azərbaycanın regionda enerji siyasətində öndə olan dövlətlərdən biri olduğunu təsdiq edir. Bu Azərbaycanın enerji sahəsindəki əlaqələrinin qurulması, müzakirələrin aparılması, yeni texnologiyaların tətbiqi imkanları ölkəmizin potensialının tətbiqi deməkdir. Bu Azərbaycanın enerji sektoru, eyni zamanda iqtisadiyyatı üçün önəmlidir”.

“Bakıda keçirilən 27-ci Energetika forumu bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da etibarlı tərəfdaşdır.” Bu sözləri isə SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin reallaşdırılması və səmərə verməsi, yeni bir boru kəmərinin Cənub Qaz dəhlizinin zəruriliyini ortaya qoydu.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi fəxr edə, fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o bizə nəhəng “Şahdəniz” qaz-kondensant yatağında hasilatı artırmağa imkan yaradan önəmli strukturdur. Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemi olduğunu nəzərə alsaq, onun böyük əhəmiyyətə malik olduğunu aydın görərik. Onun sonuncu hissəsi Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. Bu gün Azərbaycan dünya ölkələrinə yalnız neft, qaz ixrac etmir. O həm də elektrik enerjisi ixrac edən bir ölkədir.

Bakı Enerji həftəsi çərçivəsində 27-ci beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimində Azərbaycanın bərpa olunan enerji potensialı haqqında da ətraflı və dəyərli fikirlər söylənilibdir. Bildirilib ki, Azərbaycan bu sahədə əlverişli imkanlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunun bu sahədə potensialının 150 min meqavat, Kəlbəcər və Laçının potensialının 9-10 meqavat təşkil etdiyi göstərilibdir. İşğaldan azad olunmuş ərazilər də bu baxımdan imkanlıdır.

Əlbəttə ki, bütün bunlar dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın gələcəkdə yeni töhfələr verəcəyini reallaşdırır. Məhz buna görə də dünyanın, xüsusilə Avropa dövlətlərinin ölkəmizə olan marağı artır və münasibətlər gündən-günə yaxşılaşır”,- deyə Tahir Rzayev bildirib.

Göründüyü kimi, qlobal iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan həm özünün iqtisadi imkanlarını artırır, həm də beynəlxalq iqtisadi əməkdaşlıq platformasının mərkəzlərindən birinə çevrilir. Bu isə ölkəmizin güclənməsinə, böyük həcmli beynəlxalq və regional layihələr həyata keçirməsinə, həmçinin ölkə daxilində böyükl sosial-iqtisadi islahatlar keçirməsinə imkan verir.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər