Xəbərlər

  • 1 386

Azadlığının ikinci ilini yaşayan Kəlbəcər -ŞƏRH

image

Kəlbəcər rayonu coğrafi mövqeyinə görə keçilməz bir ərazidir, çünki rayon ərazisi hər tərəfdən dağlarla əhatə olunmuşdur. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar.

Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Müqavimət görməyən, azğınlaşımış ermənilər Bakıdan göndərilmiş helikopter adı ilə insanları aldadaraq oğurlayıb Ermənistan ərazisinə əsir aparırdılar. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək üçün Ermənistanın imkanları daha da artmış oldu.

Kəlbəcər 27 il, 7 ay, 22 gün düşmən tapdağı altında qaldı. Baxmayaraq ki, Kəlbəcər işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ilə 822 saylı Qətnamə qəbul etmişdi. Lakin Ermənisrtan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə məlum qətnamənin icra edilməsində maraqlı olmadılar. Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə əlaqəli bu və digər qətnamələri sadəcə kağız üzərində qaldı.

27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini qırdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan təslim olmaq haqqında kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa edən ordumuz Azərbaycanın diplomatik müstəvidə də qalib olmasına zəmin hazırladı. Prezident cənab İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən öz silahlı birləşmələrini 3 rayonumuzdan geri çəkməli oldu ki, həmin rayonlardan biri də Kəlbəcər rayonudur.

Vətən müharibsəinin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsini işğlçılardan azad etmiş, strateji yüksəkliklərin götürülməsi ilə ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarəti ələ almışdı. Ümumilikdə isə Kəlbəcər rayonunun hərbi əməliyyatlarsız boşaldılması əslində Azərbaycan dövləti üçün həm hərbi, həm də diplomatik bir uğurdur ki, bu da daha böyük mahiyyət kəsb edən qələbədir. Çünki ordumuz heç bir itki vermədən Kəlbəcər işağldan azad edildi. Üzü soyuq qışa doğru Kəlbəcər kimi keçilməz və təbii istehkamlarla zəngin olan bir ərazidə hərbi əməliyyatların keçirilməsi heç də asan başa gəlməyəcəkdi. Lakin Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin hərtərəfli qələbəsini təmin etdi.Azadlığının ikinci ilini yaşayan Kəlbəcərdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev iki dəfə Kəlbəcər rayonunda səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Sakinlərin öz doğma yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün rayonda lazımi infrastruktur yaradılır. Bir sözlə, Kəlbəcər artıq özünün yeni inkişaf dövrünə qədəm qoyub.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Digər xəbərlər