Xəbərlər

  • 1 068

Gəncənin gözəlliyinə naxış salan məkanlar - TƏHLİL

image

Prezident İlham Əliyev: "Bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur"

Özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Yeni yollar salınır, infrastruktur layihələr reallaşır, yeni parklar yaradılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dəfələrlə Gəncədə olması və daim Gəncəyə diqqət göstərilməsi onun inkişafına müsbət təsirini göstərib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim, tarixi abidələr yenidən bərpa edilir. Ölkə başçısının Gəncəyə səfərləri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib.

QƏRB BÖLGƏSİNDƏ GƏNCƏ ŞƏHƏRİNDƏ SALINAN İLK EKOLOJİ PARK

Bu gün Gəncənin gözəlliyinə naxış salan məkanlarının sayı kifayət qədərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da Gəncə şəhərinə səfəri və görülən işlərlə tanışlıq buranın inkişafına xüsusilə töhfələrini verir. Cənab Prezident Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksi ilə tanış olub. Kompleksdə son tamamlama işləri həyata keçirilir. Kompleksin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib.
Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.
Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma, enerji ilə təminat 100 faizdir. Azərbaycan Prezidenti çıxışlarını birində "Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı", - deyə bildirib.

İDMANIN KÜTLƏVİLİYİ TƏMİN EDİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib. Uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb. Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan idmanının yüksəlməsi,onun inkişafı da daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan dünyanın idman arenasında artıq özünəlayiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Dövlət başçısının çıxışlarının birində bildirdiyi kimi, "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir". Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar Azərbaycanın idman sahəsindəki uğurlarını xüsusi olaraq dəyərləndirirlər.

TAMAŞAÇI TUTUMU 15 MİN 464 YERLİK STADİON

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri çərsivəsində Gəncə şəhər stadionunun da təməli qoyulub. 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.

Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Göründüyü kimi, müasir dövrümüzdə mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu gün ölkəmizdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman qurğuları var. Vətən müharibəsində düşmən işğalından azad edilmiş rayonlarımızda da idman müəssisələrinin yaradılması nəzərdə tutulur. Müxtəlif idman yarışlarının keçirilməsi üçün ölkəmizdə hər cür imkanlar yaradılıb. Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Cənab Prezident idman sahəsində görülən işlərin gəncləri həvəsləndirdiyini diqqətə çatdırıb: "Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır".

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Eləcə də Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin idman arenasında söz sahibiolmasına dəlalət edir. Dünya, islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Daha sonra Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatını, "Formula-1" yarışlarını və və digər oyunları uğurla keçirdi. Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin TəsisçilərŞurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlifidman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olundu.
Qeyd edək ki, təkcə 2022-ci il də idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxınıqızıl medaldır. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışını xüsusi qeyd etməliyik. 56 ölkənin iştirakı ilə keçirilmiş oyunlarda idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər. 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız tarixi qələbə qazanaraq komanda hesabında birinci olmuşdur.

Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

QAFQAZIN ƏN QƏDİM PARKLARINDAN BİRİ - "XAN BAĞI"

Həqiqətən də Gəncə yeni dövrünü yaşayır. Əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan dini abidə "İmamzadə" Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin təmiri və bərpasına xüsusi diqqət göstərmişdir. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan və bitki florasının zənginliyinə görə bütün ölkədə məşhur olan "Xan bağı" da bu gün yenidən qurulub. Yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Görülən işlərin davamı olaraq, dövlət başçısının Gəncəyə səfərləri tarixi hadisələrlə yadda qalır. Dövlət başçısının səfərləri çərçivəsində Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı olub. Eləcə də Cənab Prezident ölkə üzrə sayca iyirmi ikinci 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzin də açılışını da edib. Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstərilir. "Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur", - deyə Prezident çıxışlarının birində bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər