Gəncədə bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir
23 dekabr 2009-cu il ölkəmizdə bələdiyyələrə seçkilər keçiriləcəkdir.
Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi tərəfindən təbliğat-təşviqat işləri ilə bağlı tərtib olunmuş qrafikə uyğun olaraq 3 dekabr 2009-cu ildə Gəncə şəhər, Ş.Hüseynov küçəsi 16 saylı binanın qarşısındakı məhəllə klubunda Kəpəz bələdiyyəsi seçiciləri ilə, A.Abbaszadə küçəsindəki "Gəlincik" teatrının zalında Nizami bələdiyyəsi seçiciləri ilə YAP tərəfindən namizədliyi irəli sürülən bələdiyyə üzvlüyünə namizədlərin görüşü keçirilmişdir.
Tədbirlərdə YAP Gəncə şəhər Təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri, 1000 nəfərdən çox seçici iştirak etmişdir.
Görüşü YAP Gəncə şəhər Təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq demişdir ki, demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlətimiz seçki kampaniyalarının ədalətli, sivil, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində mühüm addımlar atır. "Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda tətbiq etməliyik". Seçki praktikasının ildən-ilə təkmilləşməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
Partiya uğurlu seçki kampaniyası aparmaq üçün onun bütün resursları, o cümlədən, insani resurslar bu məqsədə xidmət etməlidir. Bütün YAP üzvləri partiya tərəfindən irəli sürülən namizədlərin təbliğatının aparılmasında fəal iştirak etməlidirlər. İndiyədək keçirilən seçkilərdə partiya fəalları bu vəzifənin öhdəsindən layiqincə gəlmişlər.
YAP bələdiyyə seçkilərində "Xalqa xidmət naminə" şüarı ilə iştirak edir. Hesab edirəm ki, cənab Prezidentimizin həyata keçirdiyi siyasətin xalq tərəfindən müdafiə olunması, qurduğumuz təbliğat, eyni zamanda, əldə etdiyimiz uğurlar sayəsində bu seçkilərdə böyük qələbələr qazanacağıq.
Yeni Azərbaycan Partiyasının Seçki Proqramında bir sıra mühüm vəzifələr qarşıya qoyulmuşdur. Əhaliyə daha keyfiyyətli xidmət təklif etmək məqsədi ilə bələdiyyələrin birləşdirilməsi prosesinin davam etdirilməsi, yeni istehsal sahələrini yaratmaqla, yerli əhəmiyyətli xammal və insan ehtiyatlarının səmərəli istifadə edilməsi, yerli əhəmiyyətli yolların tikintisi və təmiri işlərinin sürətləndirilməsi, yolların, səkilərin, daş və asfalt örtüklərinin mühafizə edilməsi və genişləndirilməsi, bələdiyyə ərazisində mövcud olan məktəblərin təmiri və maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət verəcəyi başlıca vəzifələrdir.
Natiq bildirmişdir ki, ölkə rəhbərliyinin tövsiyə və tapşırıqlarını həmişə yüksək məsuliyyətlə yerinə yetirən gəncəlilər bu siyasi kampaniyada da böyük fəallıqla iştirak edəcək və etibar etdikləri namizədlərin bələdiyyə üzvü seçilməsində öz sözlərini deyəcəklər.
Partiyanın təbliğat qrupunun üzvlərindən professor Mirdaməd Sadıqov, professor Telman Məlikov və başqaları çıxış edərək bildirdilər ki, hazırda ölkəmiz müstəqillik tarixində üçüncü bələdiyyə seçkiləri ərəfəsindədir. Əsil demokratiya məktəbi olan bələdiyyələr yeni şüur və düşüncə tərzinin məhsuludur. Əhalinin üzləşdiyi problemlərin həllində yerli özünüidarəetmə orqanlarının rolu əhəmiyyətli olduğundan seçicilərin fəallığı hiss ediləcək dərəcədə artıb. Bələdiyyələrə seçilmək istəyənlərin artması, rəqabət aparanların çoxluğu və ən başlıcası, gənclərin və qadınların bu marafona fəal qoşulması 23 dekabr seçkilərinin çox qaynar keçəcəyindən xəbər verir.
Bütün siyasi kampaniyalara məsuliyyətlə yanaşan, hazırlıq işlərini vahid proqram əsasında keçirən YAP bələdiyyə seçkilərinə də əvvəlcədən ciddi hazırlıq işləri aparmışdır. Xalqla yuxarı instansiyalar arasında körpü olan özünüidarəetmə orqanları respublikamızda yeni qurum olsa da artıq müəyyən təcrübə əldə etmişdir. Bələdiyyələrin cəmiyyətdə rolu yüksək qiymətləndirilir. Bələdiyyələrin fəaliyyətini tənzimləyən, səlahiyyətini artıran müxtəlif qanunların qəbulu da bu baxımdan əhəmiyyətlidir. Cari ilin mart ayında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdə bələdiyyələrin fəaliyyəti barədə də yeniliklərin edilməsi dövlətin yerli idarəetmə orqanına diqqətindən irəli gəlir.
Bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək, Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi etimadı ləyaqətlə doğruldacaqlarına, seçicilərin onlara müsbət səs verərək bələdiyyə üzvü statusu verdikləri halda xalqa ən yüksək səviyyədə xidmət edəcəklərini vurğuladılar və görüşdə iştirak edən seçicilərə dərin minnətdarlıq duyğularını ifadə etdilər.
YAP Gəncə şəhər Təşkilatının sədri, professor İsrafil İsmayılov tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, xalqın inam və sevgisi YAP-ın uğurlarının və qələbələrinin əsasıdır. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin gördüyü irimiqyaslı işlər xalqın partiyaya olan inamını günbəgün artırır. Bütün bunlar isə qarşıdakı bələdiyyə seçkilərində xalqın güvəndiyi və ümid etdiyi partiyanın irəli sürdüyü namizədlərinə səs verəcəyinə tam əminlik yaradır.
YAP 2009-cu ilin bələdiyyə seçkiləri nəticəsində bələdiyyələrdə yüksək dərəcədə təmsil olunacaq. Biz buna inanırıq və bu inamımızın gerçəyə çevrilməsi üçün ciddi təbliğat aparacağıq.
Tədbirin sonunda şəhərin musiqi kollektivlərinin maraqlı konsert proqramı olmuşdur.