Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında araşdırma aparılıb
2006-cı ildə ilk dəfə olaraq Cənubi Qafqazda yaradılmış və Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında heyvanların saxlanılma və qidalanma şəraitində olan çatışmazlıqlar barədə yayılmış bəzi şikayətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən araşdırma aparılıb. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. Aparılan yoxlama zamanı klinikada əmək intizamı və iş fəaliyyəti yerində araşdırılıb və ciddi pozuntular müəyyən edilməyib.
Qeyd edək ki, bu klinika 2006-2007-ci illərdə dövlətin əsaslı vəsait qoyuluşu çərçivəsində ən müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib.
2008-ci ildə isə klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri bir baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri bir ədəd olmaqla şahin, Aralıq dənizi qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hər biri iki ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib.
Ötən ilin müxtəlif dövrlərində ictimayyətin və KİV nümayəndələrinin iştirakı ilə bu heyvan növlərindən tülkü, maral, canavar, çaqqal, ceyran, şahin, Aralıq dənizi qartalı, qırqovul, qartal, ağ baş kərkəs, qu quşu, bildirçin və tüklüayaq sar reabilitasiya olunaraq vəhşi təbiətə buraxılıb.
2009-cu ildə isə klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və 1 ədəd leşyeyən gətirilib və hazırda orada saxlanılır.
Yoxlama zamanı klinikada saxlanılan adıçəkilən heyvanların yemləndirilməsi üçün müəssisədə kifayət qədər yem tədarükünün olduğu və normal qidalanmanın təmin edildiyi aşkar edilib. Bununla yanaşı, yoxlama zamanı saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə, təbitə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmaması müəyyən olunub.
Göstərilənlərlə əlaqədar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq olunub, fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verilib.