PDF Oxu

Xəbərlər

  • 9

“Heydər Əliyev-Azərbaycan 1969-2009”

“Heydər Əliyev-Azərbaycan 1969-2009”
Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Nizami rayon icra hakimiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi münasibəti ilə "Heydər Əliyev-Azərbaycan 1969-2009" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə, rayon icra hakimiyyətinin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdikdən sonra Nizami rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev giriş sözü ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilmiş yekun tədbirin mahiyyəti və məramı barədə ətraflı məlumat verdi.
Natiq çıxışında qeyd etdi ki, Azərbaycanın şanlı tarixində xüsusi mahiyyət kəsb edən 14 iyul 1969-cu il inkişafa doğru irəliləyən dövlətçiliyimizin uğurlu səhifələrində dönüş nöqtəsi kimi xarakterizə edilir. M.Əliyev ulu öndər Heydər Əliyevin hələ sovet üsul-idarəsinin rəhbərliyində təmsil olunana qədər Azərbaycandakı vəziyyətin olduqca acınıcaqlı olduğunu və dahi rəhbərin mühüm səylərinin, gərgin əməyi sayəsində tənəzzüldən-tərəqiyyə keçidin başlanıldığını bildirdi.
Ulu öndərimiz Heydər Əliyevlə çiyin-çiyinə çalışmağın bu gün daha stimulverici bir məqam olduğunu qeyd edən Milli Məclisin iqtisadiyyat komitəsinin sədri, akademik Ziyad Səmədzadə dahi liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən ətraflı bəhs etdi. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Onun adı tarixə qızıl hərflərlə yazılıb. Bir iqtisadçı kimi, ulu öndərin bilik və bacarığı sayəsində ölkəmizin ən ağır və böhranlı durumlarında çıxış yollarının məharətlə axtarılıb tapıldığını qeyd edən Z.Səmədzadə bu gün Azərbaycanın iqtisadi durumunun yüksək olmasında, məhz bu amillərin mühüm rol oynadığını dilə gətirdi.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışında ulu öndər Heydər Əliyev haqqında yazılmış kitabların və çəkilmiş filmlərin kifayət qədər olduğunu bildirdi. Lakin bütün bunların ulu öndər Heydər Əliyev fenomeninin tam mahiyyətini əhatə edə bilmədiyini qeyd edən S.Novruzov bir zamanlar dahi şəxsiyyətlə birlikdə çalışmış şəxslərin bu gün hər birinin ayrı-ayrılıqda öz xatirələrində müəyyən mətləbləri daşıdığını söylədi: "Ulu öndər Heydər Əliyev həm rəhbər, həm valideyn və həm də güclü tərbiyəçi idi. Məhz bu tarixi şəxsiyyətin uzaqgörənliyi və qətiyyəti sayəsində bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir. Çünki dahi şəxsiyyət Heydər Əliyev həmişə öz xalqı və milləti üçün çalışıb və istəyini də həyata keçirə bilib. Ulu öndər sovetlər dönəmində rəhbərliyə gələnə qədər Azərbaycan ittifaq ölkələri çərçivəsində ən geridə qalan dövlətlərdən biri idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə bütün qadağalara və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan az bir müddət çərçivəsində güclü iqtisadi göstəricilər əldə edə bildi. Bütün bunlarla yanaşı, ulu öndər Heydər Əliyev sosial-iqtisadi məsələlərlə bərabər, eyni zamanda, siyasi məsələlərdə də böyük uğurlar əldə etdi. O, ilk dəfə sovet hakimiyyətinin sərt qaydalarına baxmayaraq, Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi qeyd olunmasına nail oldu.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ulu öndər Heydər Əliyevə qədər ikinci bir şəxsiyyətin tarixdə tapılacağının çətin olduğunu bildirdi. Ulu öndər Heydər Əliyev barəsində günlərlə, saatlarla danışmağın mümkünlüyünü ifadə edən Z.Əsgərov Onun dərin zəkası nəticəsində dövlət quruculuğu sayəsində vacib nəticələrin əldə edildiyini bildirdi. Bu gün Onunla çiyin-çiyinə çalışın şəxslərin böyük qürur hissi duyduğunu bildirən Z.Əsgərov dahi şəxsiyyətin müasiri olmuş hər bir kəsin bu duyğuları yaşadığını dilə gətirdi.
Tədbirin sonunda Vaqif Mustafayevin rejissorluğu ilə çəkilmiş "Patriot" filmi nümayin etdirildi.

Digər xəbərlər