Radikal müxalifətin nə istədiyi bəlli deyil
- Zöhrab müəllim, iqtidar-müxalifət dialoqunun keçirilməsi təklifləri irəli sürülür. Radikal müxalifətin bu təklifi reallaşdırmasına siyasi iradəsi çatarmı?
- İqtidar müxalifət görüşləri demokratik ölkələrin hər birində var. Belə bir görüşlərin Azərbaycanda da keçirilməsi normal haldır. İqtidar-müxalifət dialoqunun keçirilməsi təklifləri ilə bağlı dəfələrlə müxtəlif fikirlər səslənib, ideya və təkliflər irəli sürülüb. Radikal müxalifətə dialoqla bağlı müraciətlər edilsə də, onlar bəyan edib ki, dialoqla bağlı onlara müraciət olunmayıb. Əgər iqtidar tərəfindən dialoq təklifi olunubsa, bu, çox müsbət haldır. Radikal müxalifət buna hazır olub, olmasa belə, bu dialoqlara cəhd etmək lazımdır. Əgər belə olsa, burada radikal müxalifətin nə istədiyi daha açıq şəkildə ortaya çıxar. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, sabitliyin qorunması və Dağlıq Qarabağ məsələsi ilə bağlı iqtidar ilə müxalifət arasında dialoqun baş tutması vacib haldır.
- Dəfələrlə bu tip dialoqları keçirilsə də, AXCP (i), Müsavat kimi partiyalar bu dialoqlardan yayınıblar. Bu dəfə də, belə bir halın baş verməsi istisna olunmur ki?
- Dialoqların keçirilməsi istisna olunmamalıdır. Əgər Müsavatın, AXCP (i)-nin və digər partiyaların daxilində bir problem varsa, həmin problemin həll olunmasına çalışmalıdırlar. Əgər həmin partiyalar bu məsələdən də yayınacaqlarsa, onda o partiyalar istədiyi tamam başqa şeydir. Onlar məqsədlərini aydın ifadə etməlidirlər. Bunula belə, ölkə mətbuatında izlədiyimiz xəbərlərə görə, radikal müxalifət də bu görüşlərə qatılmaq istəyir.
- Radikal müxalifətə kənar təsirlər olmasa, onların milli və dövlətçilik maraqlarına qarşı çıxmaları nə dərəcədə real görünə bilərdi?
- Hər hansı bir siyasi partiyanın xaricdəki kənar qüvvələrlə əlaqəsinin olmasını cəmiyyətimiz üçün yararsız hesab edirəm. İlk öncə, ölkədə fəaliyyət göstərən istənilən siyasi partiyanın xaricdən hər hansı bir asılılığı olmamalıdır. Əgər bu asılılıq həmin siyasi partiyalarda varsa, artıq həmin radikal siyasi partiyalar Azərbaycan cəmiyyətinə xeyir verə bilməz. İkincisi isə, siyasi partiyalar məqsəd və məqamları sözdə də olsa, Azərbaycanın dövlətçiliyinə və qüdrətinin saxlaması üçün bütün vasitələrdən istifadə etmək şərtləri var. Əgər həmin siyasi partiyalar bu şərtləri pozacaqlarsa, demək, o zaman müxalifətin daxilində hər hansı başqa məqsədlər var. Əgər burada söhbət hakimiyyət davasından gedirsə, əlbəttə ki, bu dialoqlar baş tutmayacaq. Söhbətdə Azərbaycanla bağlı məsələləri çözə biləcək bir mövzu ətrafında bir araya gəlməyi nəzərdə tuturam. Yəni bu mövzular ətrafında müzakirələrin aparılmasından yayınmaqda radikal müxalifətin arqumenti ola bilməz.