Müsavat-AMİP münasibətləri arasında üzə çıxan faktlar
Müxalifət ölkədə keçirilən hər hansı tarixi hadisələr zamanı yeni bir şou yaratmaqla gündəmdə qalmaq istəsə də, sonda gülünc bir vəziyyətə düşür. Elə bu günlərdə Azərbaycan Milli İstiqlal Partiyasının təşkilatçılığı ilə keçirilən müxalifət partiyalarının tədbirində bu vəziyyət yarandı. Ancaq radikal müxalifət "liderləri" "qaş düzəltdikləri yerdə, vurub gözünü də çıxardılar". Keçirilən tədbirdə böyük qalmaqalın əsası qoyuldu. Belə ki, tədbirdə son zamanlar ortalıqda görünməyən və Londonda özünəməxsus həyat tərzi keçirən AMİP "lideri" Etibar Məmmədov da iştirak edib. E.Məmmədovun ölkəyə nə vaxt və necə, hansı şəraitdə gəlməsi başqa bir məsələnin mövzusudur. Əsas mövzu həmin tədbirdə yaşanan olayın detallarının Müsavat-AMİP qarşıdurmasının tarixi və indiki şəraitdəki münasibətlərdir. Ancaq Müsavat-AMİP münasibətlərindəki qarşıdurmanın tam təfsilatı ilə dəqiqləşdirilməsi bir az zəruri əhəmiyyət kəsb etdi. Belə ki, qeyd olunan tədbirdə AMİP-in baş katibi Arzuxan Əlizadə E.Məmmədovu az qala "milli azadlıq hərəkatının lideri" kimi təqdim etməyə çalışdı. Bu isə, orada iştirak edən Müsavat partiyasının məclis sədri Arzu Səmədbəylinin gülüşünə səbəb olub. O, hətta səslənən fikirə etiraz əlaməti olaraq "AMİP liderini hərəkatın liderlərindən biri kimi təqdim etməyin daha doğru olduğunu" vurğulayıb. Bu atmaca hər iki partiya funksionerləri arasında əsil qarşıdurmaya səbəb oldu. 1990-cı illərin əvvələrində, AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində olduğu kimi, baş verən mübahisə sonda yumruq davası ilə yekunlaşıb.
AMİP "lideri" partiyada təhqir olunub
"İctimai Palata"nın təsisçilərindən olan Pərviz Səmədbəylinin Mehmet Kəngərliyə istinadən yuxarıda qeyd etdiyimiz məsələni açıqlaması müsavatçılarla AMİP-çilərin köhnə ədavətinə yeni bir gərginlik gətirib. Əldə etdiyimiz məlumata görə, qeyd etdiyimiz tədbirdə tərəflər arasında yaranmış münaqişəyə E.Məmmədovun müdaxiləsindən sonra yenidən ziddiyyətlər gərginləşib. Yaranmış qarışıqlıqdan istifadə edən bir qrup müsavatçı E.Məmmədova hücum edib və sifətinə yumruq zərbəsi vurub. Qarşıdurmada, həmçinin, A.Səmədbəyli və onun qardaşı Pərviz Səmədbəyli də AMİP-çilər tərəfindən döyülüb. Belə ki, AMİP "lider"i E.Məmmədovu həmin qarşıdurmada müdafiə etməyə çalışan ASDP həmsədri Araz Əlizadənin isə burnunu baş zərbəsi ilə əzişdiriblər. Daha sonra AMİP qərargahından uzaqlaşmaq üçün Müsavat yetkililərinə və "İctimai Palata"-nın təmsilçilərinə 10 dəqiqə vaxt verildiyini bəyan edən A.Əlizadə əks-təqdirdə, onların başqa metodla oradan uzaqlaşdırılacağını bildirib. Getdikləri tədbirdən döyülərək qayıdan Müsavat üzvləri dərhal qurumda toplaşaraq, fövqəladə müzakirələr aparıblar. Hətta AMİP qərargahına hücum edilməsi kimi təkliflər də müzakirələrdə səslənib.