PDF Oxu

Müxalifət

  • 8

Əli və Ninonun fərqi

Əli və Ninonun fərqi

Əminəm ki, başlığı oxuyanda ilk yadınıza düşən Qurban Səidin dünyaca məhşur əsəri oldu. Ancaq xeyr, söhbət başqa Əli və başqa Ninodan gedəcək. Zaman və məkan baxımından fərqlər olsa da, qəhrəmanlarımız arasında oxşarlıqlar da yox deyil. Zamanəmizin Əli və Ninosu da Qurban Səidin qəhrəmanlari kimi ayrı-ayrı sivilizasiyaların nümayəndələridir. Amma söhbətimizin səmti tam başqadır.
* * *
Dünyada və regionda baş verənlərə diqqət yetirdikdə bu gün Azərbaycanın sözün həqiqi mənasında qonşularına bir örnək və nümunəyə çevrildiyinin şahidi oluruq. Və bu nümunənin də artıq cəmiyyətin bütün spektrlərinə sirayət etməsi göz qabağındadır. Qonşu Gürcüstanı misal gətirəcəyik və söhbətimizi də onun üzərində qurmağa çalışacam. Amma əvvəlcə bir qədər zəruri haşiyəyə çıxmaq zorundayam. Belə ki, çox yaxın keçmişimizdə Şimali Afrika ölkələrində baş verən inqilab dalğasını xatırlamağınızı rica edəcəyəm. Yadınızdadırsa Misir inqilabı bizim müxalifət düşərgəsinin də "qeyrət damarını" necə tərpətmişdisə, uzun sürən yuxudan ayılıb mitinq-piket etmək həvəsinə düşdülər. Həm də abdal bir xülya ilə - "taleyin işidi də, birdən biz də doşab alarıq - bal çıxar. Nə isə sözümün canı başqadır.
* * *
Sözümün canı odur ki, həmin ərəfədə ölkə müxalifətinin tək radikal deyil , elə "kal" qanadı da boğazdan yuxarı müxtəlif bəyanatlar verir, paralellər aparır, iqtidarın ünvanına sətiraltı və sətirüstü atmacalarla çıxışlar edirdi. Ancaq uzaq Afrika ölkələrində baş verənlərə sinədolusu reaksiyalar verən radikallar qulağımızın dibində-qonşu Gürcüstanda baş verənlərə münasibətdə danışmağa heç də həvəsli görsənmədilər. Əcəba, nədən? Bir qədər səbr etsəniz izah edəcəm.
Əvvəla ona görə ki, artıq necə ildir ölkənin bütün növ müxalifət cəbhələri millətə aşılamaq istəyir ki, guya qonşu Gürcüstanda demokratiya inkişaf etməkdən artıq qıcqırıb. Və bu ölkədə qurdla quzu nərdtaxta, sicanla pişik domino oynayır ... bizim xəbərimiz yox. Amma Allah üzümüzə onda baxıb ki, həmin bu Gürcüstan uzaqda deyil, Şəkililər demişkən ağızlarının içindədir. Və tək Azərbaycan vətəndaşları deyil, elə dünyanın böyük bir yarısı da çox gözəl bilir ki, həmin o Gürcüstan məhz Azərbaycanın nefti, qazı hesabına nəfəs alır.
* * *
Bax elə torbadakı pişiyin də nəsnəsi ondadır ki, indi bu müxalifətçi cənablar ona görə də susmağa məhkumdurlar. Danışsalar onda sıravi obıvatellər dilə gəlib soruşar ki, "ay qardaş, bəs deyirdiniz Gürcüstanda Saakaşvili kommunizm qurub? Bəs nədən dünyanın ən millətçi bir xalqı bir-birini qırmağa qalxıb həə.. ?
Çətin sualdır zatən. Məhz bu çətin suallar yağışı da müxalifəti "yuxarıda bığ, aşağıda saqqal" problemi ilə üz-üzə qoyub. Yəni nə dünənə qədər haqqında bəy tərifi söylədikləri Mişanı söyə bilirlər, nə də ki, öz paqon yoldaşları olan müxalifəti. Bax belə.
* * *
İndi qayıdaq mətləbə. Belə ki, yazımın əvvəlində qeyd elədim ki , Azərbaycan regionun etalon-nümunə götürüləcək bir dövlətinə çevrilib. Məsələn, Gürcüstanın dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib:
"Mən öz xalqımı sevməyi qardaşım İlham Əliyevdən öyrənmişəm".
Amma qonşuluğumuzda baş verənlərə diqqət yetirdikdə həm də bunun şahidi oluruq ki, deyəsən tək gürcülərin dövlət başçıları deyil, deyəsən elə radikal müxalifəti də bizim müxalifətdən öyrənmək həvəsinə düşüb. Və eynən bizim müxalifət kimi ölkədəki demokratiya və inkişafı görməməzliyə vuraraq xarici havadarların fitnəsiylə dağıdıcılıq kursu yürütmək, hər şeyi qara görmək, özünü siyasi daltonikliyə vurmaq və s. Bu vurçatlasında bir maraqlı nəsnə də aydın oldu - sən demə dünyanın adına demokratik deyilən bütün institutları bizim müxalifəti gürcü müxalifətindən qat-qat çox istəyirmişlər. Çünki qardaşlar, özünüz Allah şahidisiniz ki, bizim polislərimiz icazəsiz mitinqlərə çıxanların qolundan tutub az qala "qadan alim, başına dönüm"- deyərək "QAZel"lərə mindirib hadisə yerindən uzaqlaşdırır. Amma bununla bərabər hamimiz gürcü polisinin də aksiyaçıların anasını necə ağlatdığının şahidi olduq. Bununla belə həmin adına demokratik institut deyilənlərin azəri müxalifəti ilə bağlı qopardığı şivən hara, qanına qəltan olunmuş gürcü müxalifətiylə bağlı susqunluğu hara. Bir dənə də "nə isə" söyləyib nəhayət ki, keçirəm sözümün Mustafasına.
* * *
Sizə elə gəlmir ki , bütün bu baş verənlərin fonunda bizim müxaliflərimizin də gürcü müxalifətçilərindən öyrənəcək çox məqam var. Bax elə buradaca da azəri oğlu Əli ilə gürcü qizi Ninonu müqayisə etmək istərdim. Tiflisdə baş verən bütün proses boyu hami gördü və şahidi oldu ki, Gürcüstan müxalifətinin lideri Nino Burcanadze qadın da olsa Əli Kərimlidən kişi çıxdı. O, Əli Kərimlidən fərqli olaraq tərəfdarlarını mitinqə çıxarıb arxada gizlənmədi. Əksinə, bütün mitinqlər boyu xalqın qarşısında, tərəfdarları əziləndə isə öz övladı və həyat yoldaşiyla bərabər dəstənin içində oldu. Gürcü qızı Nino öz qadınlığıyla bizim adini kişi qoymuş bir sıra müxalifət başçılarına (adamın bunlara lider deməyə dili də gəlmir - E.H) örnək sərgilədi . O qacmadı, gizlənmədi, eyvandan başqalarına yarım metrlik dil çıxardıb, dirsək göstərmədi. Son anadək əsl liderlik edib gerçək bir nümunəyə çevrildi.
* * *
Qurban Səidin qəhrəmanları ilə bizim Əli və Ninomuzu birləşdirən bir xətt var- hər iki Əli sonda ölür. Amma bir fərqlə...
Qurban Səidin qəhrəmanı Əli Şirvanşir son nəfəsinədək əlində silah vuruşaraq kişi kimi şəhid olur.

Bizim Əli Kərimli isə...Sizcə o yaşayır?

Digər xəbərlər