Yeni “birlik” hansı quruma alternativdir?
Müxalifət düşərgəsində öz qondarma fəaliyyəti ilə heç nəyə nail ola bilməyən "İctimai Palata" get-gedə daha dərin uçuruma yuvarlanarkən, sözügedən quruma alternativ olaraq yaradılacaq "birliklərin" sayı artmaqda davam edir. Onu da qeyd etmək mümkündür ki, daha öncələr müxtəlif seçki ərəfələrində, siyasi olaylar cərəyanında yaradılan "ANİF", "DUİ", "MBH" kimi fəaliyyətsiz qurumların rəhbər və funksionerləri nəzərdə tutulan hər hansı qurumun tərkibində formalaşmaq istəklərini reallaşdırmağa çalışacaqlar. Təbii ki, bu cəhdin qarşısını almaq üçün, müxalifət daxilində müəyyən qarşıdurmaların baş qaldırması zəruri hala çevrilməkdədir və bu zəruriyyətin altında, yaxud da arxasında düşərgədaxili əks-düşərgələrin "döyüş hazırlığı" kimi amilin dayanması qaçılmazdır.
Bunun üçün, əlinə yaxşı imkan düşdüyünü fərz edən "Azərbaycan Yaşıllar Partiyası"nın sədri Mais Gülalıyev uzun müddətli sükutundan sonra, müxalifətdə təmsil olunmaqdan, sözün əsil mənasında, kifsəmiş partiya sədrlərinə qarşı bir növ "səlib yürüşünə" çıxıb. Lakin bu arzularını gerçəkləşdirməkdən ötrü, ona əlbəttə ki, havadarların lazım olması da fakt olaraq qalır. Məhz bu səbəbdən də, o, "VİP" və ALP sədrlərinə mürciət ünvanlayaraq, görüşməyi təklif edib. Eləcə də, bu görüşün təfərrüatlarını açıqlamamağı ikincilərdən xahiş edib. "AYP" sədrinin bu xahişini yerə salmayan Əli Əliyev və Əvəz Temirxan onunla görüşüblər və belə qərara gəliblər ki, hazırda "İctimai Palata"ya alternativ qurum yaratsınlar və adıçəkilən qondarma qurumun ləğvi istiqamətində qətiyyətli iş aparsınlar. Qeyd edək ki, bu görüşün təfərrüatlarını səhih məlumat kimi, ALP-də təmsil olunan mənbədən almışıq və həmin mənbə israrla adının açılmamasını bizdən xahiş edib.
Əldə etdiyimiz digər maraqlı məlumatlara görə, M.Gülalıyev həm də "bir güllə ilə iki dovşan" vurmağı qarşısına ikinci məqsəd kimi qoyub. Yəni bir tərəfdən, o "İctimai Palata" adlı qurumun daxilində parçalanma yaradaraq, İsa Qəmbərov və Əli Kərimov kimi "qurdları" silib atır, digər tərəfdən, yaradılacağı planlaşdırılan alternativ qurumda "yeni müxalifət" adı altında "liderliyi" ələ keçirir. Və bütün məqamlarda, belə bir qənaətə gəlmək mümkündür ki, hazırda müxalifət daxilində tufan öncəsi sakitlik hökm sürür. Bu sakitliyin arxasında isə daha nələrin baş verəcəyini artıq indidən proqnozlaşdırmaq mümkündür. Bu proqnoz düşərgədaxili savaşdan başqa heç nəyi özündə ehtiva etmir...