Sərdar Cəlaloğlu Rəsul Quliyevə ağız açıb
Zaman-zaman müxalifət partiyalarında ciddi irəliləyişlərə nail ola bilməyən partiya sədrləri öz uğursuzluqlarını sığortalamaq üçün müxtəlif vasitələrdən istifadə etməyə cəhdlər göstərirlər. Bu cəhdlərin arxasında isə, bir çox məqamlarla yanaşı, kitab yazmaq kimi məsələlərin dayanması da artıq bir ənənə halını alıb. Məlum olduğu kimi, belə bir dırnaqarası ənənəni məhz törətdikləri əməllərinə görə həbsxanalara düşən müxalif partiya funksionerləri qoyub, lakin nəticədə heç uğur qazana bilməyiblər. Ancaq bu "ənənəyə" daha çox sadiq qalan, yəni daha çox "kitab yazan" "ACP" sədri Rəsul Quliyev olub. Amma bu dəfə R.Quliyevin kitab məsələsindən deyil, tamamilə başqa adamın "kitabından" danışacağıq. Həmin adam isə "ACP" sədrinin keçmiş silahdaşı, hazırkı düşməni- ADP-ni onun əlindən alan Sərdar Cəlaloğludur. Məsələ ondadır ki, S.Cəlaloğlu da siyasətdə uğradığı bekarçılıqdan, məğlubiyyətlərdən bezərək, kitab yazmağı planlaşdırıb. Fəqət, onun buna maliyyə imkanları yol verməyib. O bilməyib ki, sədri olduğu siyasi təşkilatı maliyyələşdirsin, yoxsa ki, əlində olan maliyyə vəsaitini kitaba xərcləsin. Eyni zamanda, bir neçə düşərgədaşlarına ağız açan ADP sədri nəticədə əliboş qalıb və...
Və sonda R.Quliyevə zəng edərək, ondan xeyli miqdarda borc pul istəyib. Cəlaloğluya yaxın mənbədən mətbuata sızan məlumatlara görə, ADP sədri "ACP" sədrindən nə az, nə çox, bir neçə yüz min dollar borc pul istəyib. Pulun hara və necə xərclənəcəyini soruşan R.Quliyev isə belə bir cavab alıb: vəsait yeni kitabın çoxtirajlı nəşrinə xərclənəcək. Məhz bu cavabı eşitdikdən sonra, "ACP" sədri birbaşa pulu ödəməkdən imtina edib və müxtəlif tərzlərdə yayınmağa çalışıb. Qısası, S.Cəlaloğlunun əli qalıb havada. Lakin sonradan R.Quliyev öz fikrini dəyişərək, S.Cəlaloğluna cavab zəngi edib. Maraqlı məsələ də buradan aşkar olub...
Bir az düşündükdən sonra R.Quliyev S.Cəlaloğluna belə bir təklif irəli sürüb. Əgər təklifin qəbul olunacağı baş tutarsa, istədiyi miqdarda borc pul verəcəyini deyən "ACP" sədri ADP-yə birləşmək təklifini irəli sürüb. Eləcə də həmsədrlik institutunun da formalaşdırılması istiqamətində lazım olacaq xərcləri üstələyən Quliyev yenidən öz köhnə zamanlarına qayıtmağı, nostalji hissləri ilə xatırlayıb. Bütün bunlardan sonra, ona edilən təklifdən şoka düşən S.Cəlaloğlu kitab yazmaq eşqindən vaz keçərək, R.Quliyevə öz dilində "çox sağ ol" deyib. Yəni küfür edib. Səbəbini soruşduqda isə cavabı təxminən bu cür olub: "ADP-ni dağıdıb məhv etdin, indi də yenidən bu təşkilata sahib çıxmağınla "ACP"-ni bizə sırımaq istəyirsən?!" Nəticədə sözləri çəp gələn hər iki partiya sədrləri bir-birilərinin üzlərinə telefon qapadıblar və bu telefon danışığından xəbər tutan bəzi ADP-çilər öz sədrlərinin R.Quliyevə ağız açmasını qətiyyətlə pisləyiblər. Bir sözlə, Sərdar "bəy" bu dəfə də kitab yazmaq marağını tamamilə itirdi...