Müxalifət düşərgəsində nüfuz və imtiyaz davasına çıxan partiyalardan olan "Ümid" partiyası və onun sədri İqbal Ağazadə iddialı mövqe ortaya qoymaqdadır. İ.Ağazadə "müxalifətçilik" anlayışından istifadə edərək yeni "metod və taktikalar təşəbbüsü" ilə çıxış etmək iddiasındadır. Xüsusilə də, "Ümid" sədrinin ilk "taktikası" düşərgədəki rəqiblərini sıradan çıxarmaq olub. Görünür, müəyyən dövr birlikdə fəaliyyət göstərərək və daha çox daxili sirlərinə bələd olduğu müxalifət düşərgəsində İ.Ağazadə öz dönəmini yaşamaq istəyir. O hazırda düşərgədə özünə rəqib görmədiyini və bir çox müxalifət partiya sədrlərinin 20 ilə yaxın eyni postdan yapışdıqlarını bildirib: "Bir partiya sədri 20 ildir ki, eyni postda oturub, heç bir irəliləyiş etmirsə, həmin şəxs o yeri təhvil verməlidir. Çünki Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və onun kimilər müxalifət düşərgəsində olan partiyalara xalqın nifrətini birə-on qat artırır. Ona görə də artıq onların siyasi meydanı tərk etmələri zamanı çatıbdır".
Radikal prinsiplərdən uzaq müxalifətçilik anlayışı
"Ümid" sədri hazırda parlamentdə təmsil olunan müxalifət partiya sədrləri sırasında özünü ən real "ana müxalifət" "lider"i kimi gördüyünü də iddia edir: "İndiki məqamda müxalifət düşərgəsində mənimlə rəqabətə girə biləcək ikinci bir partiya sədri yoxdur". İ.Ağazadənin böyük iddialarla çıxış etməsi mənsub olduğu düşərgədə narazılıqlarla qarşılanıb. Artıq bu məsələ ilə bağlı Müsavat və AXCP (i) rəhbərliyinin ilk etirazları özünü göstərib. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı İ.Ağazadənin bu cür iddialara düşməsini onun iştahasının böyük olması ilə əlaqələndirib: "Görünür, "Ümid" sədri yaratdığı partiyaların hansı hissəciklərdən əmələ gəldiyini unudub. İ.Ağazadə müxalifət düşərgəsində "cırtdan" partiya sədri olmağını etiraf etməkdənsə, daha qəbahətli işlərə burun uzadır. Digər bir məqam isə, "Ümid" sədri özünü parlamentdə təmsil olunan müxalifət partiyaları sırasında görməklə qəhrəman obrazı yaratmaq istəyir. Ancaq anlamır ki, boş- boş hay-küy salmaq, heç də güclü olmaq deyil. S.Ağazadə "cırtdan" partiya sədri olaraq heç vaxt irəliləyiş etməyəcək".