“ACP"-də köhnə struktur formalaşa bilərmi?
"Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyev son günlər yenidən "siyasətə qayıdış" mövzusunu ortaya atıb. Belə ki, biznes qurmaq, yaxud da kitab yazmaq kimi xəyallara dalan eks-spiker bunlardan bir mənfəət görmədiyini anladıqdan sonra bu qərara gəlib.
Hər halda, belə olmasa idi axır zamanlar keçmiş müşaviri Zəminə Dünyamalıyevaya, eləcə də, Akif Şahbazova ağız açmazdı. Xatırladaq ki, siyasi səhnədə ölü siyasi qurum təsiri bağışlayan "ACP"-də hələ bir-iki il öncə qalmaqallar yaşanmış və həmin qalmaqallar nəticəsində 1999-cu ildən R.Quliyevin yanında olan funksionerlər-Zəminə Dünyamalıyeva, Yaqub Abbasov və Akif Şahbazov adıçəkilən təşkilatdan uzaqlaşmışdılar. Hətta partiya "lideri" mətbuata çıxaraq, onları qovduğunu bəyan etmişdi. Lakin bu gün baş verənlər tam əksini göstərir və R.Quliyevin adıçəkilən funksionerlərə yalvarış tipli "qayıdın" səslənişləri öz gerçək üzünü göstərir. Onu da qeyd etmək yerinə düşərdi ki, vaxtilə "ACP"-nin bir siyasi qurum kimi ölü vəziyyətə düşməsini həzm edə bilməyən Zəminə Dünyamalıyeva onunla bərabər istefa vermiş Y.Abbasov və A.Şahbazov cütlüyünə qarşı antipatik münasibəti mövcuddur. Sözügedən dönəmlərdə "Reytinq" qəzetinə verdiyi müsahibəsində Z.Dünyamalıyeva "ACP" rəhbərliyini, partiyanı bütövlükdə ittiham etmişdi. Demişdi ki, "ACP" fəaliyyətinə xitam verilmək lazımdır: "ACP-də vəziyyət elədir ki, heç bir siyasi fəaliyyət göstərmək mümkün deyil. Partiya öz nizamnaməsinə uyğun olaraq fəaliyyətinə xitam verməlidir. Yəni vəziyyət bu cür davam edə bilməz".
Təbii ki, belə bir vəziyyət bu gün də davam etməkdədir. Partiyanın hazırkı funksionerləri də istefa vermiş öncəki səlahiyyətlilər kimi R.Quliyevi ciddi ittihamlarla əhatə edirlər. Onların iddialarına görə, partiya "liderinin" ümumiyyətlə təşkilatçılıq qabiliyyəti yoxdur.
"İnsan öz yerində olmadığını dərk edəndə vəziyyətdən çıxış yolunu düşünməlidir." Bu barədə isə təşkilatın hazırkı sədri Mahmud Abbasov danışıb. "Əgər bu gün R.Quliyev lider kimi etimadı doğrultmayıbsa, siyasəti tərk edib getməlidir" deyən M.Abbasov, belə olmayacağı təqdirdə təşkilatdan uzaqlaşacığını deyir. M.Abbasovun R.Quliyevə etimad etmədiyi də göz qabağındadır: "Əslində, mənim Rəsul bəyə lider kimi etimadım əvvəldən yox idi. Amma etimadı olanlar var idi. Əgər mən israr etsəydim ki, o, lider olmasın, qarşısını ala bilərdim. Amma düşündüm, kimlərsə zənn edər ki, Mahmud haqsızlıq elədi. Fakt odur ki, hər şey ortadadır. Mənim vaxtilə irəli sürdüyüm fikirlər indi özünü doğruldur".
Bütün bunlardan nəticə çıxara bilməyən qondarma "lider" R.Quliyev vəziyyətdən çıxış yolunu "köhnə" dostlarında axtarsa da, onlardan müsbət cavab ala bilməyib. Yəni Z.Dünyamalıyevaya və A.Şahbazova açdığı ağzı necə deyərlər boşda qalıb. Bu səbəbdən də deyə bilərik ki, biznes və kitab yazmaqdan sonra, yeni siyasət tandemi də Quliyevin "varlığını" heçə endirib.