PDF Oxu

Müxalifət

  • 13

İqbal Ağazadənin "ideyaları" partiyadaşlarını bezdirib...

İqbal Ağazadənin "ideyaları" partiyadaşlarını bezdirib...
Müxalifət liderləri arasında "ağılverici", yaxud da "ağıl dəryası" qismində nümayiş etdirilən və bununla da ictimaiyyət arasında özünü "yüngülsaqqal" edən "Ümid" partiyasının sədri İqbal Ağazadə növbəti dəfə də "başı bütün şeylərdən çıxan" olduğunu sübuta yetirməyə səy göstərib.
Belə ki, onun budəfəki təklifi, şəxsi maraq üzərində qurulub. Başqa cür desək, İ.Ağazadə aprelin 30-da partiyanın dairə-seçki komissiyalarında təmsil olunmaq üçün namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçirmək istəyini bəyan edib. Bu barədə məlumat verən partiya funksioneri Razi Abasbəyli bildirib ki, "qanunvericiliklə bizə düşən dairələr üzrə namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. İmtahanın nəticələrindən asılı olaraq, həmin namizədlər rəyasət heyəti qarşısında müsahibəyə dəvət ediləcək və yalnız bundan sonra həmin nümayəndələrin DSK-lara göndərilməsi ilə bağlı qərar veriləcək. İmtahan partiyanın rəyasət heyətinin qərarı ilə yaradılan komissiya tərəfindən keçiriləcək. Hazırlanmış suallar, partiya və seçki prosesi, eyni zamanda, seçki qanunvericiliyi ilə bağlı olacaq".
"Ümid" partiya sədrinin bu təklifi partiya daxilində ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. Partiyadan bizə onu da bildirdilər ki, İ.Ağazadənin boş və mənasız təkliflər verməsinin dəfələrlə şahidi olublar: "Millət vəkili seçildikdən sonra, dəfələrlə bu tipli oyunlardan çıxan "Ümid" sədri, görünür, mənasız təkliflərini parlamentdə reallaşdıra bilməməsinə görə, həmin variantları partiyada gerçəkləşdirmək fikrindədir. Ancaq o, yanılır. Çünki partiya funksionerləri İ.Ağazadənin mənasız təkliflərinə qulaq asmayacaq".
Göründüyü kimi, müxalifət düşərgəsinin "ağılvericisi" olan İ.Ağazadə artıq ziddiyyətli fikirlərlə qarşı-qarşıya qalıb. Daha dəqiq desək, bir qrup "ümidçi"lər imtahan məsələsi ortaya çıxdıqdan sonra öz etirazlarını bildirib və bu məsələnin İ.Ağazadənin növbəti oyunu olduğunu deyiblər: "İ.Ağazadə müəllimlik etmək fikrinə düşübsə, respublikanın müxtəlif ucqar kəndlərində fəaliyyət göstərən istənilən məktəbdə imtahan götürməyə gedə bilər. Siyasi təşkilatda isə, bu, mümkün deyil".
Lakin İ.Ağazadənin söz aparıb-gətirəni olan R.Abasbəyli isə inandırmağa cəhd göstərir ki, bu hoqqabazın imtahan keçirməsində əsas məqsəd dairələrə göndərilən nümayəndələrin partiyaya bağlılığı, "siyasi kursu", yəni radikalizmi və dağıdıcılığı "layiqincə" təmsil etməkdir. Eyni zamanda, bu günə qədər partiya üçün gördükləri işləri təftiş etmək və bundan sonra partiyanın nümayəndəsi kimi seçki komissiyalarında təmsilçilikdə "layiqli" ola bilməsini əsaslandırmağı müəyyənləşdirməkdir.
Ancaq istər R.Abasbəyli olsun, istərsə də İ.Ağazadə olsun, bunların heç biri, görmür və dərk etmir ki, hələ bu ayın əvvəllərində "Ümid" partiyası üzvlərinin yarıdan çoxu siyasi təşkilatın sıralarını tərk edib. Bütün bunların arxasında isə partiya rəhbərliyinin belə oyunbazlıqları dayanıb. Hələ bu, azmış kimi, partiya daxilindən onu da əlavə edib bildiriblər ki, bu imtahan və ikinci mərhələ kimi müsahibələr növbəti mərhələdə yerlərdə də həyata keçiriləcək: "Dairə-seçki komissiyalarından sonra, məntəqə-seçki komissiyalarına veriləcək namizədlərlə də imtahan və müsahibələr keçiriləcək. Yalnız bu prosedurlardan keçən şəxslərin məntəqələrdə təmsil olunması məsələsi barədə partiyanın ali orqanı qərar verəcək".
Ancaq partiya daxilində yaranmış vəziyyət onu göstərir ki, İ.Ağazadənin bu arzusu ürəyində qalacaq. Səbəb isə, partiyadan qopmaların çoxalmasıdır. Görünür, "Ümid" partiyasının sədrinin əvvəlki ümidləri kimi bu ümidləri də puç olacaq.

Digər xəbərlər