"Klassik"lər qurultaya necə hazırlaşır?
"Klassik Xalq Cəbhəsi Partiyası"nın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu son günlər ona qarşı başlayan partiyadaxili hücumlar barədə verilən informasiyalara münasibət bildirərkən, sədri Mirmahmud Fəttayevə ismarıc yollayıb. Belə ki, adıçəkilən partiyada baş verən proseslərdən zinhara gəldiyini gizlətməyən funksioner sonuncu açıqlaması ilə "KXCP"-də dəyişiklik olacağını da istisna etməyib. Məsələ ondadır ki, uzun müddətdən bəri həmin təşkiların qurultayının keçiriləcəyi barədə informasiyalar yayılırdı. Lakin sonradan, bütün bu informasiyalar heç bir həqiqətə söykənmirdi. Nəzərə alsaq ki, X.Teyyublu adıçəkilən siyasi qurumda təşkilatı işlərə rəhbərlik edir, o zaman, qurultayın dəqiq nə vaxt keçiriləcəyini də məhz özü bilməlidir.
Və buradan bir daha məlum olur ki, onun işlərinə müdaxilə edənlərin başında sədr M.Fəttayev dayanıb. Daha dəqiq desək, sədr qurultayın baş tutmamasından ciddi ehtiyat edərək, zaman-zaman sözügedən tədbiri geriyə atır. Əlbəttə ki, bütün bu hoqqaların arxasında acı gerçəklər dayanıb-elektorat qıtlığı və sosial bazanın ümumiyyətlə mövcud olmaması. Buraya, eləcə də, "KXCP"-nin bir mövqedə dayanmaması, blokdan-bloka qoşulması, sözündə bütöv dayanmaması kimi amillər də aiddir. Sözün qısası, M.Fəttayev əlindən gələni edir ki, rəhbəri olduğu qurumun "vacib" tədbiri keçirilməsin. Hətta "DUİ"Üdən uzaqlaşaraq "İctimai Palata"ya "bel bağlaması" məsələsini də göz görə-görə inkar edən sədr X.Teyyublunun narazılıqlarına əhəmiyyət vermir. İkincisi isə qurultayın tezliklə keçirilməsini tələb etməkdə davam edir. Mətbuata verdiyi sonuncu açıqlamasında partiya funksioneri deyib ki, nəyin bahasına olursa-olsun, buna nail olacaq və struktur dəyişikliyi üçün idarə heyətinə təkliflər paketi təqdim edəcək. "KXCP" hazırda qurultaya hazırlaşır və təşkilatlanma işlərini aktivləşdirmək istiqamətində və yeni təkliflər üçün ciddi işlər nəzərdə tutulub" deyən səlahiyyətli daha sonra əlavə edib ki, qurultay partiyanın yolunda ciddi mərhələ olacaq". Müəyyən dəyişikliklər və islahatların olması da qaçılmazdır. Ümumiyyətlə, partiyanın tədbirləri həmişə hadisəyə çevrilib."
Bir daha aydın olur ki, bu siyasi təşkilatın hər bir toplantısı qalmaqalsız, savaşsız keçmir. Vaxtilə bütöv şəkildə fəaliyyət göstərən "AXCP" adlı qurum bir neçə yerə parçalanarkən "KXCP"Üyə çevriləndə də, M.Fəttayev amili başlıca problem daşıyıcısı idi. Bu gün də belədir. Ona görə də, partiyanın təşkilati məsələlər üzrə müavini X.Teyyublu dolayı açıqlamaları ilə "KXCP" strukturundakı dəyişikliklərdən bəhs edərkən, ona qarşı yaradılmış M.Fəttayev qruplaşmasının "məhv ediləcəyini" gizlətmir. Yəni ultimativ şəkildə ismarıclarını yollayır...