Müxalifətin “mövcudluğu"...
Hər bir demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin səviyyəsini dəyərləndirən amillərdən biri də seçki institutunun formalaşmasıdır. Ölkədə baş tutan bütün seçkilərdən sonra radikal müxalifət düşərgəsində siyasi passivlik "fəaliyyəti" ilə sərgilənən kəskin böhran bu düşərgənin yox dərəcəsində olduğunu sübuta yetirib. Seçkilərin nəticələrini öz qavramsızlıqlarına rəğmən "tanımayan" müxalifət düşərgəsi ardıcıllıqla daxili və xarici qınaqlarla üzləşdi. Bu amil isə özlüyündə hakimiyyət iddiasında olan radikalların az qala iki onilliyi əhatə edən səbatsız siyasi fəaliyyətinin, şəxsi mənafelərə xidmət etmələrinin məntiqi nəticəsidir.
"Ana müxalifətçiliyə" iddialı iki partiyanın namizədlərinin parlamentdən kənarda qalması ilə nəticələnən məlum seçkilər təsdiqləmiş oldu ki, ölkə vətəndaşı qondarma "liderlərə" etimad göstərmir, anarxist, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini qətiyyən dəstəkləmir. Demokratik cəmiyyətdə isə hər zaman normal müxalifət olmuşdur. Təbii ki, Azərbaycanda da demokratik cəmiyyət var və konstruktivliyi ilə seçilən müxalifət partiyaları normal prinsiplərə cavab verən siyasətlərini yürütmək imkanlarına malikdirlər. Lakin bütün sahələrdə olduğu kimi, bu sahədə də bəzi yeniliklərin baş verməsi zamanın tələbi kimi qəbul edilməlidir.
Yeniləşmiş müxalifət necə olmalıdır?
Bildiyimiz kimi, siyasi partiyaların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv konsepsiyalar ortaya qoyması əsas şərtlərdən biri kimi dəyərləndirilir. Məsələn, ABŞ-ın əsas siyasi təşkilatları olan demokratlar və respublikaçılar partiyalarında ayrı-ayrı seçkilərə eyni namizədlərlə getmək praktikası yoxdur və bu, onlar üçün qeyri-normal hesab olunur.
Siyasi cərəyanların yeniləşməsi prosesi sosial sifarişə çevrilərək, bütün dünyada gedib. Məsələn, Türkiyədə Böyük Millət Məclisinə keçirilən erkən seçkilərdə Dövlət Baxçalı, Məsud Yılmaz, Tansu Çillər, Bülənt Ecevit kimi simalar siyasi səhnəni tərk etdilər. Almaniyada 1998-ci ildə keçirilən kansler seçkisində məğlub olan böyük siyasi xadim Helmut Kol, Afrikanın azadlıq mücahidi Nelson Mandela, Böyük Britaniyada "dəmir ledi" Marqaret Tetçer də bu yolu tutdular, siyasi məğlubiyyəti şəxsi faciə kimi deyil, xalqın seçimi kimi dəyərləndirdilər. Bu, normal siyasi mədəniyyət, davranış tərzidir. Düzdür, ölkəmizdəki radikal müxalifət "liderləri" ilə bu tarixi siyasi simalar arasında paralellər aparmaq, bənzərliklər tapmaq qətiyyən mümkün deyil. Ancaq bir reallıq qəbul edilməlidir: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, yenilikçi və konstruktiv qüvvələr tutmalıdır. Son zamanlarda Müsavat və "Xalq Cəbhəsi" ("islahatçılar") partiyalarının sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Nə qədər istefalar baş verdi? Heç kəsə sirr deyil ki, bu gün radikal mövqe nümayiş etdirən müxalifət partiyaları maliyyə dəstəyini xarici dövlətlərdən alır, əlləri "qoca qitə"dən, Skandinaviyadan tutmuş okeanın o tayınacan səpələnmiş misterlərin, herr və serlərin, müsyö və senyorların cibindən çıxmır. Bu isə birbaşa Azərbaycanın dövləti və milli təhlükəsizliyinə təhdid və təhlükə mənbəyidir. Bu gün ölkədə yeni müxalifət-konstruktiv siyasətə üstünlük verənlər yetişir. Sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli, sivil mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Bu gün Azərbaycandakı real hakimiyyətə konstruktiv müxalifətçilik edən siyasi qüvvələr də var. Demokratik İslahatlar, Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətənaş Həmrəyliyi və digər partiyalar fəaliyyətləri dövründə cəmiyyətə normal, sivil müxalifətçiliyin nümunəsini göstərməklə sosial baza toplaya bildilər və elə həmin fəal elektoratın dəstəyi ilə növbəti parlament seçkilərində də deputat mandatı əldə etdilər. 1993-cü ildən bəri, xüsusilə, coşqun inkişaf illəri kimi yadda qalan son illərdə Azərbaycanın nail olduğu nə varsa, hamısı iqtidarın əməyi, əməli, zəhmətidir. Qərb sərhədlərimiz Balakəndən və Qazaxdan, şimalda Qusar, cənubda Lənkərandan, Naxçıvandan üzübəri respublikanın hər bir guşəsində, rayonunda, kəndində, paytaxt Bakıda həyata keçirilən nəhəng quruculuq işlərinin, hər gün həyata vəsiqə alan yeni-yeni sosial-mədəni və istehsal təyinatlı ünvanların tək bir memarı və inşaatçısı var - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtidarı və onları dəstəkləyən Azərbaycan xalqı!
Müxalifət də ortaya dəbdəbəli bəlağətdən, dikbaş pafosdan, quru boşboğazlıqdan, yazdığı donoslardan savayı bir iş qoysun, sarıdığı bir yaralı barmaq göstərsin. Barmaq qatlasınlar görək yığışıb harada bir ağac əkiblər, bir kimsəsizə hayan durub, bir imkansıza əl uzadıblar?! Bu ölkə, bu xalq üçün görülən işlərin hansına sevindikləri, alqışladıqları yadlarına düşürmü? Məgər bu dövlətdən barınanlar içində özcə qohumları, tanışları, qonşuları yoxdurmu? Yoxsa Uca Yaradan onları sevinmək hissindən də qısır yaradıb?
Dövlətçilik müxanizmi sistemli şəkildə oturaqlaşıb
İllər öncə müsavatçı H.Hacızadə erməni qəzeti "Arovat"ın suallarını cavablayarkən, açıq mətnlə etiraf etmişdi ki, Azərbaycanda hər hansı bir rəngli inqilab gözləntisinin perspektivi sıfıra bərabərdir. Situasiya elədir ki, müxalifətin buna imkanları yoxdur, potensialı olduqca zəifdir: "Söhbət demokratik fədakarlardan getmir. İnqilab olması üçün ona uyğun şərait olmalıdır. Azərbaycanda isə bu, yoxdur. Çayxanada çay içib söhbət etməklə iş bitmir".
Azərbaycanda müxalifətin fövqündə cəmiyyətin, toplumun radikallaşması üçün real zəmin oynaya biləcək amillər yox dərəcəsindədir. Hakimiyyətin ölkəiçi siyasətinin əsas məhvərini, aparıcı leytmotivini xalqın sosial rifahının artırılması xətti təşkil edir. Həqiqətdir ki, bu gün Azərbaycan insanı işini, çörəyini, övladlarının sabahını kimlərinsə volyuntarist iddialarının ayaqları altına atıb meydanlara çıxmayacaq. Ən azından Prezidentdən sonra kütləni arxasınca apara biləcək ikinci belə bir siyasi qüvvə, lider də yoxdur.
Bir sıra MDB respublikalarından fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Hakimiyyət qolları arasında nəinki qarşıdurma meyilləri yoxdur, əksinə, onlar arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.
Etiraf olunmalıdır ki, cənab İlham Əliyevin hakimiyyətinə alternativ ciddi siyasi müxalifət, yaxud 18 il əvvəl olduğu kimi, hərbi müxalifət təhlükəsi yoxdur və dövlətçilik mexanizmi sistemli şəkildə oturaqlaşıb. Dövlət artıq 1993-cü ilin deyil, müasir dünyanın gerçəklikləri ilə yaşayır.
Xalq müxalifətdən yox, radikal müxalifətdən bezib
Müstəqil dövlətimiz Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsipləri həyata keçirdiyi siyasi strategiyanın önündə saxladığını təsdiqləyib. Ölkəiçi siyasi hadisələrin major ovqata kökləndiyi bir şəraitdə daxili bədxahlarımız xarici antiazərbaycançı qüvvələrlə işbirliyi əsasında ölkədə aparılan demokratik islahatları, onların uğurlu nəticələrini inkar edir, ölkə iqtidarını demokratiyanın inkişafında, guya maraqlı olmamaqda suçlayır.
Bu gün müxalifət xaricdəki şəbəkələrlə birləşib pozuculuq, təxribat xarakterli fəaliyyətini genişləndirməyə cəhd göstərir. Nə azərbaycançılığa, nə insanlığa, nə də ki, bütövlükdə, milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşan çirkin təbliğat aparır. Əsas məqsəd xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Cəhdlərinin əbəsliyi, ictimaiyyətin destruktivliyi qətiyyətlə rədd etməsi onları qıcıqlandırır. Bu müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zəruriliyini diktə edən daha bir amil isə sosial bazasının, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan reallığında hətta normal opponentliyə belə yaramayan antimilli müxalifət partiyalarının sosial bazasını təşkil edən qruplar yekrəng və amorfdurlar. Onları ideya-qayəvi birlik, milli həmrəylik, azərbaycançılıq ideologiyası, xəlqi ruh, məfkurə yekdilliyi deyil, şəxsi maraq və ambisiyalar birləşdirir. Ancaq zaman başqa, şərait özgədir. Xalq müxalifətdən deyil, bu cür radikal müxalifətdən bezib.