18 ildən çox müxalifət partiyalarının keçdiyi uğursuz yol xalqdan heç bir dəstəyinin olmadığı faktını dəfələrlə ortaya qoyub. Uzun illərdən bəri müxalifət adını öz üzərinə götürərək, yalnız seçkilərdən - seçkilərə ortaya çıxaraq "burada biz də varıq" deyən müxalifət partiyaları üçün, əslində, belə bir nəticənin yaranması onlara çoxdan məlumdur. Çünki müxalifət "liderləri" bu vaxta qədər nəinki xalq üçün bir iş görməyiblər, ümumiyyətlə, kabinetlərindəki kreslolardan möhkəm yapışaraq, oradan ayaqlarını belə bir addım da kənara qoymayıblar ki, xalq onları görsün.
Bu baxımdan da, onlara xalq tərəfindən hansı münasibətin göstəriləcəyi əvvəlcədən məlum idi. Baxmayaraq ki, bütün zamanlarda müxalifət "liderləri" öz bəyanat və açıqlamalarında xalqın adından istifadə etməyə çalışıblar. Ümumiyyətlə, müxalifətin xalq tərəfindən dəstəklənməməsinin tək və yeganə səbəbi heç də onların fəaliyyətində yalnız öz maraqlarını güdməsi ilə bağlı deyil. Məsələ burasındadır ki, bu gün müxalifət "lideri" kimi ortaya çıxıb xalq üçün boş vədlər verən insanların çoxu vaxtilə vəzifə başında olanda öz kimliklərini xalqa çox yaxşı şəkildə bəlli ediblər. Ona görə də bu gün onların durub xalqın adından danışması və hansısa vədlər verməsi qeyri-ciddi səslənir. Digər tərəfdən isə, bu insanların antimilli yönümlü fəaliyyət göstərməsi də xalqa aydındır və xalq tərəfindən qəbul edilmir. Necə deyərlər, "xalqın gözü tərəzidir".
Lakin müxalifət düşərgəsini narahat edən əsas məqam ilbəil xarici təşkilatlardan gələn maliyyə yardımlarının azalmasıdır. Müxalifətin xalq içində dəstək qazana bilməməsi və kabinet müxalifətinə çevrilməsi artıq xarici təşkilatlar tərəfindən də birmənalı qarşılanmır. Bu isə, təbii ki, həmin partiyalara gələcəkdə maliyyəsiz qalmaq perspektivi vəd edir. Odur ki, bundan sonrakı proseslərdə müxalifət düşərgəsindəki çəkişmələrin daha da dərinləşməsi və bu düşərgənin bir siyasi qüvvə kimi siyasi səhnədən silinməsi baş verə bilər ki, bu da istər-istəməz meydana yeni daha sağlam və sivil yollarla rəqabət aparmağı bacaran qüvvələrin çıxmasını sürətləndirəcək. Məsələn, ötən il baş tutan parlament seçkilərini nəticələrini 2-3 partiya istisna olmaqla, müxalifət düşərgəsində təmsil olunan qalan partiyaların rəsmən tanıması buna nümunə sayıla bilər. Odur ki, Azərbaycanda seçkilərlə bağlı praktika artdıqca meydanda qalmaq istəyən siyasi partiyalar da öz fəaliyyətlərini təkmilləşdirməli etməyə məcburdurlar. Buna isə, nəinki ictimaiyyətin, eləcə də, özlərinin inamı qalmayıb. Əgər belə təşkilatlarda daxili inamsızlıq hökm sürürsə, o zaman bunların hər hansı irəliləyişindən, yaxud da, seçki qələbəsindən danışmağa haqları yoxdur. Ən yaxşı halda isə, siyasi səhnəni üzüsulu şəkildə tərk etmələri daha məqsədəuyğun görünür. Seçim isə, təbii ki, özlərinindir.