PDF Oxu

Müxalifət

  • 19

Süquta uğramış müxalifət və siyasiləşmiş QHT-lər

Süquta uğramış müxalifət və siyasiləşmiş QHT-lər
Ötən ilin noyabrında keçirilən parlament seçkilərində süquta uğrayan müxalifət düşərgəsində vəziyyət daha da passivləşib. Yaranmış vəziyyət hətta siyasi proseslərdən kənarda qalan bəzi müxalifət liderlərinin də əsəblərini tarıma çəkib. ASDP-nin keçmiş həmsədri Zərdüşt Əlizadə müxalifət funksionerlərinin hər seçkiərəfəsi "xalqına yanan" kimi özlərini göstərməsinin ancaq boğazdan yuxarı olduğunu söyləyib: "Düşərgə liderləri yenə də "Azərbaycanın müstəqilliyini qorumaq", "torpaqlarımızı düşməndən azad etmək" kimi populist fikirlər söyləyirlər. İnsan nə qədər yalan danışar? Çünki bugünkü müxalifət bu məqsədi arxa plana keçirir, öz ambisiyaları naminə dövlətimizin qazandığı uğurları inkar etmək yolunu tutur"
Z.Əlizadə onu da söyləyib ki, müxalifətçiliyi şəxsi maraqlarının əsirinə çevirib, ölkənin mənafeyini, milli maraqları zərbə altında qoymaqda görən radikal müxalifət və onlarla eyni məqsədlər naminə birlik nümayiş etdirən bəzi qeyri-hökumət təşkilatlarının əsas məqsədi Azərbaycanın beynəlxalq imicinə xələl gətirməkdir. Həmin qüvvələr bugünədək müxalifətçiliyin mahiyyətini düzgün başa düşmədiklərinə görə, nəinki ölkə ictimaiyyətinin, eyni zamanda, müxalif düşərgənin konstruktiv qanadının nümayəndələrinin də qınağına çevriliblər.
Z.Əlizadənin sözlərinə görə, hər zaman bütün seçkilər ərəfəsində və sonra radikal düşərgədə xaos və qarışıqlıq artır. Bu da, onların hakimiyyətin gördüyü işlərin əhəmiyyətini azaltmaq istəyindən, bununla da, özləri barədə müsbət rəy formalaşdıracaqlarına olan qeyri-ciddi inamdan irəli gəlir. Həmin qüvvələrin inhisarında olan mətbu orqanlarda dərc olunan yazılara diqqət yetirdikdə də, bu niyyət özünü qabarıq şəkildə büruzə verir: "Bir də bunu həmişə vurğulamışam, bu gün də deyirəm ki, son illər Azərbaycan, həqiqətən də, böyük inkişaf yolundadır. Bu faktı beynəlxalq qurumların apardığı araşdırmaların nəticələri də sübut edir. Ancaq bütün fəaliyyətləri boyu ümidlərini xalqa deyil, xarici dairələrə bağlayan radikal müxalifət isə, hər bir seçki ərəfəsində ictimai diqqəti özünə yönəltmək üçün yeganə yolu iqtidarın atdığı addımların əhəmiyyətini azaltmaqda, hər bir uğuru qara rəngdə təqdim etməkdə görür. Lakin bu həqiqəti unutmaq lazım deyil ki, xalq fərziyyələrə, onların yalanlarına deyil, gerçəkliyə daha çox üstünlük verir. Çünki 20 il uğursuz yol gedən müxalifətin düşüncəsində, ancaq seçkiərəfəsi mitinq və ya küçə yürüşü keçirmək olub. Hər dəfə də uğursuzluğa düçar olublar. İndi yaxşı olar ki, bu yoldan çəkilib bacardıqları işlə məşğul olsunlar".
Z.Əlizadənin fikrindən bir daha belə bir qənaətə gəlmək mümkündür ki, istər süquta uğuramış radikal müxalifətin, istərsə də, zaman-zaman onlara siyasi dəstək verən siyasiləşmiş QHT-lərin bütün cəhdləri yalnız Azərbaycan dövlətçiliyinə, ölkə mənafeyinə zərbə vurmaqdan ibarətdir. Lakin bütün hallarda xalq-dövlət vəhdəti bu cür xəyanətkar addımlara qarşı sipər rolunu oynayıb. Eyni zamanda, burada inkişaf və tərəqqi amilini qəbul edən, eləcə də, bu prinsipləri dəstəkləyən konstruktiv müxalifətin də normal fəaliyyətini qeyd etmək mümkündür. Bu baxımdan, Z.Əlizadənin irəli sürdüyü fikirlər yuxarıda qeyd olunanları bir daha təsdiqləmiş olur.

Digər xəbərlər