Ədalət partiyasında ədalətsizlik hökm sürür
Son günlər, əksər müxalifət partiyalarında olduğu kimi, Ədalət partiyasında da funksionerlərarası çəkişmələr yaşanmaqdadır. Bu çəkişmələrin yaşanmasında isə bilavasitə adıçəkilən siyasi təşkilatın sədr müavini Elxan Şükürlü ilə sədr İlyas İsmayılov arasında yaranmış nifaqdır.
Baş verən olayın arxasında E.Şükürlünün partiyanın siyasi kursuna xəyanət etməsi dayanıb. Uzun illərdir ki, Ədalətdə müavinlik postuna sahib olan E.Şükürlü artıq bundan bezib və iddialarını ortaya qoyub. Bunu onun açıqlamalarından da hiss etmək mümkündür. Belə ki, onun "hər bir siyasətçi 20 idən artıq bir müddətdə heç bir uğur qazana bilmirsə, öz yerini digərlərinə verməlidir" kimi açıqlamalarla çıxış etməsi "qızım, sənə deyirəm, gəlinim, sən eşit" timsalında sədr İ.İsmayılova yönəlmiş ultimatum xarakterli ismarıcdır. Əbəs yerə deyil ki, Ədalət partiyasının sədr müavini E. Şükürlünün adı yenidən mətbuat səhifələrində tez-tez hallanmaqdadır. Partiyanın sədri İ.İsmayılovun "İctimai Palata"nın dağıdıcı əməllərə cəhd göstərdiyinə görə səsləndirdiyi tənqidinə yönəlik fikirlərinə etiraz edərək partiya rəhbərini suçlayan E.Şükürlü son günlər daha bir açıqlamayla çıxış edib. O, müxalifətin "vahid namizəd"lə çıxış etməsinin zəruriliyini bildirərək, AXCP (i) sədri Əli Kərimov ilə eks-spiker, "ACP" sədri Rəsul Quliyevin yeni ittifaq qurmasını təklif edib. Təbii ki, o, çox gözəl anlayır ki, təmsil olunduğu partiya rəhbərliyi onun bu tipli fikirlərini qeyri-ciddi qarşılayacaq və sədri tapdalayaraq, kursları tarazlaşmayan digər partiya sədrlərinə sığınmasına qarşı ciddi tədbirlər görüləcək. Lakin bütün bunlara baxmayaraq, həm MSK-dan kənar qalmasının əvəzini alması üçün, həm partiya daxilindəki nüfuz düşümünü sığortalamaq üçün, həm də aşkar şəkildə İ.İsmayılovdan qisas almaq üçün radikalizmə meyilliliyini ortaya qoyub. Məsələn, o deyib ki, hazırda parlamentdə təmsil olunan və konstruktiv müxalifət partiyaları kimi tanınan siyasi təşkilat rəhbərlərinin hər biri, vaxtilə müxalifətin radikal qanadında funksionerlik etmiş şəxslərdir. Yəni o, nə qədər inkar etsə də, partiyadan gedəcəyi məsələsi real xarakter almaqdadır. "Qətiyyən, elə bir niyyətim yoxdur" deyən Ədalət müavini "hansısa məsələdə partiya sədrinin mövqeyi ilə razılaşmamaq o demək deyil ki, partiyadan gedirsən" kimi açıqlamalar verərkən, yəqin ki, təmsil olunduğu siyasi təşkilatdan gedəcəyini gözə alıb. Amma burada başqa nüanslar da mövcuddur. Daha dəqiq desək, E.Şükürlünün sədrlik postuna iddiası məsələsi çox yaxın günlərdə onun özü tərəfindən bəyan edilə bilər. Belə ki, onun "partiya təkcə sədrdən ibarət deyil" ifadəsi yuxarıda qeyd edilən fikirləri tam çılpaqlığı ilə sübut etmiş olur. Aşkar şəkildə üsyan edən Ədalət partiyasının sədr müavini işlətdiyi ifadələrinə haqq qazandıraraq bildirib ki, əslində, siyasi təşkilatlarda ədalətsizlik prinsipini o deyil, məhz İ.İsmayılov yürüdür və partiyada E.Şükürlü kimi bir çox narazı qüvvələr formalaşıb.
Sonda E.Şükürlünün bu tip açıqlamalardan bir daha bəlli olur ki, nəinki radikal təxəyyüllü ünsürlərin siyasi təçkilatlarında, eləcə də konstruktiv müxalifət strukturlarında da axan sular durulmur. Yəni müxalifət adlanan düşərgədə istiqamətlənən kursdan asılı olmayaraq, şəxsi mənafe və ambisiyalar səbəbindən, orada köklü dəyişikliklərə ehtiyacın duyulması getdikcə daha çox qabarmaqdadır. Hər halda, ən azından partiya sədrlərinə yönəlik asi davranışlardan bunu sezmək elə də çətin məsələ deyil...