Radikal müxalifət partiyalarının cəmləşdiyi "İctimai Palata" adlı qurumun vəziyyəti artıq elə həddə çatıb ki, adıçəkilən təşkilatın, həqiqətən də, qondarma olduğu tamamilə sübuta yetirilib. Çünki bütün bunların arxasında elektorat qıtlığı, eləcə də, siyasi səbatsızlıq faktorları dayanıb. Eyni zamanda, əvvəllər də ictimaiyyət çox gözəl anlayırdı ki, müxalifət adlanan düşərgənin, ümumiyyətlə, sosial bazası mövcud olmayıb. Məhz ona görə də, bu ərəfələrdə onların keçirməyə səy göstərdikləri mitinq cəhdləri deyilənləri bütün arqumentləri ilə yetərincə təsdiq etdi. Məsələn, 2 aprel olaylarında ordan-burdan, pul-parayla, aldatmalar yoluyla özləri kimi satılmış təxminən 300 adam yığmışdılarsa, bu dəfə onların (satılmışların) say həddi 50-60 nəfəri belə keçmədi.
Xalqın güvənc yeri çoxdan bəllidir
Artıq xalq öz sağlam düşüncəsi ilə anlayır ki, bunların hər hansı davranışları sırf siyasi əsaslara söykənmir, əksinə olaraq, şəxsi mənafelər və qazanclara dayanan məsələdir. Bayaq dediyimiz kimi, bu cür amilləri cəmiyyətin münasibətinin göstəricisindən irəli gələn sübut kimi dəyərləndirmək ən düzgün seçimdir. Çünki bu, həmin müxalifətdir ki, xalqın adından sui-istifadə edib bar-bar bağırırdı ki, "xalq bizi dəstəkləyir." Ancaq göründü ki, bu, qətiyyən belə deyil. Xalq dövlətçiliyin, cənab Prezidentin ətrafındadır, Onun siyasətini dəstəkləyir və Ona güvənir! Çünki onların kim olduqlarını bilmək üçün çox fikirləşməyə gərək yoxdur, hər şey, necə deyərlər, göz önündədir. Sonuncu fiasko günü öz "rəhbərlərinin", "liderlərinin" də heç biri aksiyada iştirak etməyə gəlməmişdilər. Ortada gedib-gələnlər isə, ümumiyyətlə, həmin 50-60 nəfərin arasında deyil, ətrafda hərlənərək, (məsələn, Pənah Hüseynov kimi) "Park Bulvar"da, "Sahil" metrosunun yaxınlığında görünüb, sonra da sakitcə aradan çıxıblar. Digər bir neçə şəxs də belə edib. Qalanları isə kütləvi aksiyaya inanmadıqları, etibar etmədikləri üçün gəlməyiblər. Artıq yüzə-yüz faiz demək mümkündür ki, "İctimai Palata" deyilən qurum iflasa uğrayıb. Digər tərəfdən, daha bir fakta istinad edərək, demək mümkündür ki, "palata"nın 2 aprel aksiyasında rayonlardan beş-on adamı pul verib gətirmişdilərsə, bu dəfə həmin adamlar da puldan imtina edərək, 17 aprel mitinqinə qoşulmadı. Bu gün olanlar yenə də sübut edir ki, Azərbaycan xalqı ağı qaradan seçə bilir. Çünki xalqın son anda müdriklik nümayiş etdirməsi də bu gerçəklik müstəvisində cərəyan edən faktordur.
Radikalizmin "Motodrom"dan "Bibiheybət"ə çatmayan "şərəfsiz" yolu
Sonda digər bir nüansa da toxunmaq mümkündür ki, bu nüans yuxarıda deyilənləri özündə ehtiva edir. Belkə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 17 aprel aksiyası ilə bağlı "İctimai Palata"ya kütləvi aksiyanın keçirməsi üçün yer ayırsa da, onlar sosial bazaları olmadığından, həmin yerdən imtina edib. Yəni yersiz iddialarda bulunaraq, deyirdilər ki, "biz oraya sığışmarıq"(?). Yaxud da qəzetlərə, informasiya agentliklərinə, xarici mətbuat nümayəndələrinə, ATƏT və səfirlik səlahiyyətlilərinə deyirdilər ki, guya həmin ərazidən şəhər görünmür, ətrafa səs yayılmır və s. Daha dəqiq desək, səsləndirəcəkləri şüarları heç kim eşitməyəcəkmiş. Ona görə, bunların yadlarına bir olayı "salmaq" istərdim. 1990-cı illərin sonlarında, 2000-ci ilin əvvəllərində vaxtilə "Motodrom" deyilən ünvanda mitinqlər keçirərkən, bunların səsini özlərindən başqa kim eşidirdi? Məgər "Motodrom"un daxilində yaşayış massivi vardı? Əlbəttə, bütün bunlar bir daha göstərir ki, həmin adamlar yoxluqlarını ört-basdır etməkdən ötrü bəhanələr quraşdırır və həmin adamların məqsədi ara qarışdırmaqdır. Əks halda, razılaşdırılmış yerdə aksiya keçirərdilər. Keçirsinlər, jurnalistlər də, bəzi beynəlxalq təşkilatlar da, səfirlər də, onların köməkçiləri də və pulverənləri də gəlib baxsın.
P.S. Bir səfirin (məlum səbəblərə görə adını açıqlamıram) İsa Qəmbərovla dialoqundan: səfir deyir- 600 adam çıxartmışdınız, lakin iddia edirdiniz ki, minlərlə aksiya iştirakçınız olacaq.
İsa Qəmbərov- Yox, cənab səfir, 800 adam idi.
Səfirin qarşısında etdiyi etirafın əksini isə Qəmbərov ictimaiyyətə sırımağa cəhd edir ki, "5 min adam olub." Yəni o, 200 nəfəri "nəhəng kütlə" hesab edir.
Azərbaycan seçicisinin 0,1 faizinin belə dəstəyini ala bilməyən hoqqabazlardan bundan ötəsini görsəniz, təəccüblənməyin...