Artıq heç kimə sirr deyil ki, "İctimai Palata" adlı qondarma qurum və bu qurumdakı dağıdıcı müxalifət partiyaları ərəb ölkələrində baş verənlərin Azərbaycanda təkrarlanacağını iddia edir, reallaşması mümkün olmayan yalanların "gerçək" olacağını cəmiyyətə sırımağa cəhdlər göstərir.
Müəyyən ölkələrdə, yaxud regionda baş verən, cərəyan edən hadisələrin eynilə başqa bir ölkəyə köçürülməsini iddia etmək isə sadəcə pafos və cəfəngiyyatdır. Belə olan halda ortaya maraqlı sual çıxır: "Əgər bu, belədirsə, onda nəyə görə elmin inkişafı, ekologiyaya və beynəlxalq məsələlərə münasibət, eləcə də, digər bu kontekstdən olan müsbət hallar götürülməyərək, yalnız dağıdıcılıq faktorları radikalların əlində "bayrağa" çevrilir?" Çünki beynəlxalq sferada kifayət qədər digər müsbət təcrübələr mövcuddur və bu mövcudluq başqa ölkələrdə konstruktiv müxalifətlə iqtidar arasında olan normal funksiya rolunu oynayır. Azərbaycanda isə, əksinə, radikal müxalifət müsbət faktorları görməməzlikdən gələrək, anti-dövlətçilik vasitələri ilə necə hakimiyyətə yiyələnməsi barədə düşünür. Eyni zamanda, konstruktivlik bir hədəf kimi qarşıya qoyulur və ona addım-addım gedilir.
Xarici qüvvələrə "söykənən" tükənmiş ambisiyalar
Öz gələcək fəaliyyətlərini yalnız dağıdıcılıq hadisələrinə uyğun olaraq ifadə etməyə üstünlük verən radikal müxalifət heç nəyə nail ola bilməyəcək. Bu da onların məqsədlərinə çatmaq üçün ölkədəki vəziyyəti, qüvvələr nisbətini düzgün qiymətləndirə bilməməsindən, hansısa kənar təkan, güc, maddi və mənəvi dəstək olmadan addımlar ata bilməmələrindən irəli gəlir. İndiyə qədər baş verən hadisələr də bunu aydın göstərir.
Onlar bir neçə il əvvəl olduğu kimi, yenə düşünürlər ki, hər hansı kənar qüvvə, xarici siyasi "portnyor" ölkədə nələrsə edəcək və onlar da bundan güc alıb, hakimiyyətə yiyələnəcəklər. Ancaq Azərbaycanda nəyisə dəyişmək üçün nə radikal müxalifətin, nə də anti-Azərbaycan meyilli əcnəbi qüvvələrin gücü yetərlidir. Azərbaycan xalqı ölkəni iğtişaşlar, qarşıdurmalar deyil, təkamül nəticəsində kimin və hansı qüvvənin dəyişəcəyini yaxşı bilir. Azərbaycanı daim yeniləşdirən, dinamik inkişaf etdirən, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən yeganə qüvvə ölkə Prezidenti İlham Əliyev və onun ətrafında sıx birləşən xalq amilidir. Real güc məhz bu qüvvədir, bu iqtidardır. Ona qarşı alternativ ola biləcək hər hansı "lider", müxalifət düşərgəsi yoxdur. İnsanlar arasında heç bir nüfuza malik olmayan radikal müxalifət nəyəsə nail ola biləcəyini düşünürsə, yanılır. Onlar sadəcə olaraq, zaman-zaman dünyada gedən proseslərlə bağlı hay-küy salıb, öz dırnaqarası mövcudluğunu xatırlatmaq istəyirlər.
"Dialoq tərəfdarı" olan radikalların boş xülyaları
Əgər radikal müxalifət Azərbaycanın maraqlarına, ölkənin haqq işinə xidmət edən mövqedən çıxış etmirsə, bu mövqeyə gəlmək istəmirlərsə, bu, artıq onların özlərinin müəyyən etdiyi uçurum yoludur. Vaxtilə onların yanında olan, onlarla eyni düşərgədə yer alan şəxslərin bir çoxu tutduqları yolların düzgün olmadığını müəyyən ediblər və hazırda dövlətçilik istiqamətində, ölkə quruculuğunda müəyyən işlər görməkdədirlər. Artıq bu gün Azərbaycanda konstruktiv müxalifət mövcuddur. Radikallardan fərqli olaraq, cəmiyyət də loyal müxalifətçiliyi müxalifət obrazında qəbul edir. Çünki bu, siyasi rəqabət timsalında normal qəbul edilən hallardandır. Hazırda müxalif mövqedə dayanan elə partiyalar, siyasi təşkilatlar mövcuddur ki, onlarla dialoq aparılmasında hər hansı problem yaşanmır və ictimaiyyət zaman-zaman bu cür qarşılıqlı anlaşmaların şahidinə çevrilir. Belə partiyalarla konkret götürülmüş məsələlərin müzakirə edilməsinin, onların tənqid etdiyi və bunun əvəzində təklif etdikləri məsələləri dialoq mövzusuna çevrilməsinin heç bir mənfi nəticələri olmur. Onların tənqidləri haqlı xarakter daşıdıqda, bu, nəzərə də alınır. Bəzən isə mövqelər də üst-üstə düşür. Yəni bu kimi partiyalarla istənilən məsələni müzakirə etmək mümkündür.
Ona görə də, Azərbaycan xalqı bir daha əmin olub ki, özlərini "həqiqi müxalifət" hesab edən kəslər, əslində, bu ölkənin, bu xalqın düşmənləri olan ermənilərdən heç bir fərqi yoxdur. Onlar bilavasitə xarici havadarlarına işləməklə, xəyanətkarlıqlarını aşkar şəkildə sərgiləyirlər. Eyni zamanda, zaman-zaman dialoq fərziyyələri ilə çıxış edən dağıdıcı düşərgə mənsubları anlayırlar ki, onların bu kimi xəyanətkar obrazları qarşılığında onlarla heç bir "dialoqa" getmək mümkün deyil, əlbəttə ki, konstruktivlərdən fərqli olaraq.