“Yada düşər xatirələr"...
Məlum 2 aprel olaylarından sonra radikal müxalifətin cəmləşdiyi "İctimai Palata"nın planlaşdırdığı növbəti icazəsiz aksiyanın keçirilməsi böyük sual altında qalıb. Məsələ ondadır ki, ölkənin rayon və bölgələrində baş verən kütləvi istefalar nəticəsində, dağıdıcı müxalifətin boş qalmış sosial bazası, ümumiyyətlə, bu düşərgənin fəaliyyətsizliyinə səbəb olub. Eyni zamanda, "palatada" təmsil olunan bir sıra siyasiləşmiş QHT-lərin və xırda-para siyasi təşkilatların 17 apreldə keçirilməsi nəzərdə tutulan mitinqdə iştirak etməkdən boyun qaçırması, sözügedən vəziyyəti daha da gərginləşdirib. Məhz bu səbəbdən də, ilkin olaraq, 16 aprelə hesablanan qanunsuz aksiyanın bir gün sonraya - 17 aprelə çəkilməsi arxasında bu və digər bu kimi problemlərin dayanması şübhə doğurmur. Lakin...
Lakin son günlər təəssüfdoğurucu məqamların da şahidi olmağa başlamışıq. Belə ki, dəfələrlə xarici ölkə maraqlarına xidmət edən radikal düşərgə təmsilçilərinin bu dəfə də öz dırnaqarası mənafelərini güdməsi cəmiyyətin, sağlam düşüncəli ictimaiyyətin onlara olan nifrət həddini daha da artırıb. Bu, artıq onların yüzə-yüz faiz satılmış fərdlər, siyasi fahişələr terminalogiyasına aid olan ucuz tendensiyalarının sırf təzahürüdür. Bir sözlə, xainlik və xəyanət bunların qrant yeməkdən yoğunlamış boyunlarına biçilib. Əgər belə olmasa idi, yuxarıda qeyd etdiyimiz kimi, xalqda onlara qarşı boş-boşuna nifrət hissləri oyanmazdı.
Xarici ölkə səfirliklərinin, əsasən də, Norveçin, İngiltərənin, ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin departament nümayəndələrinin "İctimai Palata" nümayəndələrinin, AXCP (i)-Müsavat rəhbərlərinin görüşlərinə getmələri nə diplomatik, nə siyasi etika, nə də ki, normal siyasi fəaliyyətə uyğunlaşdırıla bilinməz bir reallıqdır. Bu, bilavasitə, həmin ölkə səfirliklərinin və təmsil etdikləri ölkələrinin iş birliyi qurduğu Azərbaycan hökumətinə etinasızlıq kimi anlaşılan səhv siyasi addımdır. Ancaq nə yazıq ki, sadə bir jurnalist olaraq, bizlər bu cür saxtakarlıqların, xəyanətlərin baş verdiyini məhz jurnalist təfəkkürü ilə anlayırıq, amma bu boyda nüfuzlu ölkə səfirliklərinin departament nümayəndələri atdıqları sərsəm addımlarını və bu addımlarının nə ilə nəticələnə biləcəyini ya anlamırlar, yada ki, anlaya-anlaya anlaqsız davranırlar. Qısası, keçək əsas mətləbə...
ABŞ, İngiltərə və Norveç kimi səfirliklərin radikal müxalifətlə olan son əlaqələri arxasında, təbii ki, qənd-çay məsələsi dayanmayıb. Burada dayanan əsas mətləb puldur. O pul ki, onun çərçivəsində və çərçivəsi ətrafında radikal müxalifət ünsürlərini ding-ding dingildədir. Və onlar dingildəyə-dingildəyə öz mətbuat səhifələrində, informasiya saytlarında, portallarında geninə-boluna yazıb-pozurlar ki, bəs "ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək", "İngiltərə hökuməti ABŞ-a bu məsələ ətrafında dəstək verəcək", yaxud "Norveç səfirliyi müxalifətin yanındadır" və s. və i.a. Buradaca yadıma 2003-cü ilin məlum oktyabr hadisələri düşdü və nə düşdü! Hörmətli oxuculara xatırlatmaq istərdim ki, o vaxtlar Norveç Krallığının Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri Steynar Gill idi. Həmin qanunsuz, icazəsiz aksiyalar zamanı, bu gün də ortada atılıb-düşənlərdən olan Pənah Hüseynov, Arif Hacıyev, Rauf Arifoğlu kimi hakimiyyət hərisləri mövcud idi. Onda da onların "arxasında" yuxarıda adları çəkilən səfirliklər, əsasən də, Steynar Gill dayanmışdı. Yadımdan çıxmamış, onu da bildirim ki, bu keçmiş səfir içki düşkünü idi və xalqımızın inam və iman yeri olan məscidlərin birinə Azərbaycan xalqına hörmətsizlik əlaməti olaraq, içkili və ayaqqabılı vəziyyətdə daxil olmuşdu. Bəs nəticədə nə oldu? O oldu ki, cəza çəkməli olanlar cəza çəkməyə getdi, üzr istəməli olanlar da üzr istədi. Özü də səfirlik miqyasında!
Bu dəfə də belə olacağına heç kimin şübhəsi olmasın gərək! ABŞ səfirliyinin İngiltərə və Norveç səfirlikləri ilə birgə Müsavat və AXCP (i) sədrlərinə böyük miqdarda pul "buraxmalarının" isə, yəqin ki, bir açıqlaması olacaq. Bunu biz deyil, xalq gözləyir. Hər halda, özlərini dünyanın ən demokratik cəmiyyəti hesab edən adıçəkilən dövlətlər və bu dövlətlərin Azərbaycandakı səfirlikləri atdıqları qeyri-demokratik addımlarının səbəbini ictimaiyyətə izah edəcəklər...