80-ci illərin sonlarından, 90-cı illərin əvvəllərindən baş qaldırmış və o zamanın siyasi zərurətindən doğmuş xalq hərəkatı məfhumundan sui-istifadə edərək, özlərini "millət fədaisi", "azadlıq aşiqləri" və bu kimi digər pafoslu adlar altında təqdim edən bugünkü radikal müxalifət "başbilənləri" hələ də sözügedən dövrün xəyal və təxəyyülləri altında formalaşmış hipnoz altından çıxmayıblar.
Əslində, bu halın mövcudluğu bütün vəziyyətlərdə müxalifət "liderlərinə" elə sirayət edib ki, başlarına vuran hakimiyyət hərisliyi həqiqətlər, reallıqlar əsnasında onları azğınlaşdırıb, mən deyərdim, zombiləşdirərək, vəhşi "kütləyə" çevirib. Çünki ortada bu düşərgəni qəbul etməyən xalq məhfumu mövcuddur, bu düşərgə "liderlərinə" qarşı hədsiz nifrət, sonsuzlaşmış ikrah hissləri durmadan artmaqdadır.
"Ərəbləşə" bilməyənlərin baş tutmayan sövdaları...
Bu gün onlar nəyi isə "dəyişmək" istədiklərini müxtəlif variantlarla car çəkirlər. Məsəlçün, bar-bar bağırırlar ki, "ölkədə dəyişiklik edilməyin vaxtı çatıb və bu dəyişikliyi müxalifət edəcək".
Bu kimi bəyanatları eşitdiyimiz an, o saat suallar-sualların ardınca düzülür və sözügedən "müxalifət" mənsublarına, məsələn, Müsavat başqanı İsa Qəmbərova, AXCP (i) sədri Əli Kərimova, onların yan-yörələrində tör-töküntü qismində qalmış digər dağıdıcı ünsürlərə ünvanlanaraq soruşulur: Azərbaycan Respublikası öz yüksəliş mərhələsini yaşayan bir dövlət kimi, xalqının firavan yaşadığı ölkə kimi, zəngin təbii-mədəni və digər önəmli resurslarının dünya tərəfindən yüksək qiymətləndirildiyi diyar kimi, iqtisadi potensialına görə, xarici dövlətlərə investisiyalar qoyan sərmayədar ölkə kimi qadir, qüdrətli bir dövlətdir. Sən demə, radikal müxalifət bunu "dəyişmək" istəyirmiş... Onlar ölkəmizin potensial gücünü, qüdrətli ordusunu, güclü iqtisadiyyatını "dəyişib" yenidən 90-xı illərin əvvəllərinə qaytarmaq, Azərbaycanı parçalamaq, bu minvalla hakimiyyətə yiyələnib, daha xaotik vəziyyət yaratmaq imkanlarına çatmaq üçün, bu dəfə cari ilin 2 aprelini, 2003-cü ilin 15-16 oktyabrını, 2005-in 25-26 noyabrını, eləcə də, 1998 və 2000-ci illərdəki başıpozuq əməllərini reallaşdırmağa səy göstərirlər... Bir sözlə, ərəb ölkələrindəki hadisələrdən "qidalanaraq" "ərəbləşmək" niyyətindədirlər. Bu isə, onlarda qətiyyən alınmayacaq. Çünki buna nə sosial bazaları, nə də ki, elektorat sayları imkan verir. Baş verən kütləvi istefa dalğaları, bu istefaların say hesabı ilə mini ötməsi deyilənləri özündə əks etdirir.
Nəticədə isə məqaləni Prezident İlham Əliyevin etdiyi çıxış nitqi ilə yekunlaşdırmaq istərdim:"1990-cı illərin əvvəllərində xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ölkəmiz məhv olurdu, parçalanırdı, dağılırdı. Ancaq bu gün sabitlik və inkişaf var, insanlar təhlükəsizlik şəraitində yaşayırlar..."