Radikal müxalifətin, "İctimai Palata"nın və orada toplaşan dağıdıcı müxalifət ünsürlərinin 11-12 mart və 2 aprel olaylarında törətməyə cəhd etdikləri qanunsuz aksiyalarının qarşısı müvafiq orqanlar tərəfindən qətiyyətlə alındı. Eyni zamanda, küçələrə çıxmış beş-on nəfər qaragüruhçunun vətəndaşların həyatlarına təhlükələr yaratmaqla, şəhərin müxtəlif yerlərində dağıdıcılıq əməllərini reallaşdırmağa səy göstərməklə, cinayət tərkibli hadisələrə rəvac vermələri Azərbaycan xalqında onlara qarşı kəskin və hədsiz nifrət hissinin yaranmasına səbəb oldu. Məhz bu baxımdan Azərbaycanın müxtəlif bölgələrində bəyanatlar verərək, istefaya gedən müxalifətçilər öz bəyanatlarını ictimailəşdirərək radikal müxalifətin səbatsız liderlərinə öz nifrət və ikrahlarını aşkar şəkildə sərgiləyirlər.
Astara
Astara rayonunda fəaliyyət göstərən və əslində, bu fəaliyyəti ilə xalqın haqlı narazılıqlarına hədəf olan AXCP (i) rayon təşkilatı, demək olar ki, bütövlükdə buraxılıb. Partiyanın sıralarından istefa verən şəxslər öz bəyanatlarında bildirirlər ki, onlar respublikada gedən inkişaf və tərəqqinin "İctimai palata" və orada cəmləşən radikal müxalifət partiyaları tərəfindən göz yumulmasına etiraz edirlər. Eyni zamanda, ölkə başçısı İlham Əliyevin gördüyü mükəmməl daxili və xarici siyasəti dəstəkləyirlər. Bu baxımdan Yeni Azərbaycan Partiyasına üzv yazılmaq üçün bu siyasi təşkilata ərizə ilə müraciət ediblər.
Keçmiş AXCP (i)-çilər Astara rayonu Kijəbə qəsəbə sakini Hidayətov Ədalət İbrahim oğlu Şiəkəran kənd sakini Əliyev Aslan Ağadədə oğlu, Deqadi kənd sakini Lətifov Cəsarət Arif oğlu və digərləri imzaladıqları istefa bəyanatlarında daha sonra qeyd ediblər ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır: "Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf edirlər. Lakin müxalifətin radikal qanadının nümayəndələri bu həqiqəti qəbul edə bilmirlər. Radikal müxalifət partiyalarının rəhbərləri uduzduqlarını görüb, biabırçı əməllərə əl atırlar. Martın 11-12-də və aprelin 2-də baş tutmayan mitinqlər bir daha sübut etdi ki, AXCP (i) və Müsavat rəhbərləri məhvə məhkumdurlar. Xüsusilə, AXCP (i) sədri Əli Kərimovun rüsvayçı hərəkətləri bu partiyanın üzvlərini də qəzəbləndirmişdir. Biz Əli Kərimova ar olsun deyirik və onun rəhbərlik etdiyi partiyadan istefa verdiyimizi bəyan edirik".
Digər AXCP (i) üzvü Salamov Salam Əlirza oğlu isə öz bəyanatında bildirir: "AXCP (i) və Müsavat rəhbərlərinin xalqa və dövlətçiliyə ziddi əməlləri hamımızda sonsuz nifrət hissi doğurmuşdur. Xüsusən, son günlərdə baş verən xoşagəlməz hadisələr daha çox narahatlıqlar yaratmışdır. Bir sıra gənclərin mitinqlərə və dağıdıcı hərəkətlərə təhrik edilməsi xüsusilə dözülməzdir. Mitinqlərin baş tutmaması bir daha sübut edir ki, xalq kimin kim olduğunu yaxşı bilir. Mən Əli Kərimovun biabırçı əməllərinə etiraz olaraq üzv olduğum AXCP (i) sıralarından istefa verib və bu partiyanın digər üzvlərini də istefa verməyə çağırıram".
Astara rayonunda fəaliyyət göstərən digər müxalifət partiyaları tərəfindən də "İctimai Palata"nın və bu qurumun daxilində fəaliyyət göstərən radikal müxalifət təşkilatlarının törətdikləri 2 aprel olayları qətiyyətlə pislənilməkdədir. Belə ki, etiraz bəyanatı səsləndirən müxalifətçilər radikalizmin qəbul edilməməzliyini öz bəyanatlarında ifadə edirlər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Astara rayon təşkilatı üzvləri adından və VHP rayon təşkilatının sədri Teymurzadə Səfərli Teymur oğlu tərəfindən imzalanan bəyanatda deyilir: "Müstəqillik yollarında inamla irəliləyən Azərbaycan Respublikasının inkişafı günbəgün artır və yüksəlir. Bu inkişafı gözügötürməyən bəzi qüvvələr böhtan və şər dolu şüarlarla xalqı çaşdırmağa çalışırlar. Biz son günlər AXCP (i) və Müsavat rəhbərləri tərəfindən gənclərin mitinqlərə və dağıdıcı hərəkətlərə təhrik edilməsini Azərbaycan dövlətçiliyinə qarşı xəyanət kimi qiymətləndirir və pisləyirik. Biz həmin radikal müxalifət partiyalarının rəhbərlərinin xalqa xəyanətindən qəzəbləndiyimizi bildiririk".
"Vətəndaş və İnkişaf Partiyası"nın Astara rayon təşkilat üzvləri və rayon təşkilatının sədri Əsgərov Məmmədağa Muxtar oğlu öz etiraz bəyanatlarında bildirirlər ki, AXCP (i) və Müsavat rəhbərlərinin mitinq siyasətini, pozucu hərəkətlərini və sərsəm bəyanatlarını qətiyyətlə pisləyir və qəti etirazlarını bildirirlər:"Azərbaycanı xaosa, anarxiyaya sürükləməyə çalışan radikal müxalifət qüvvələri yanlış yerdə olduqlarını dərk etməlidirlər. Son günlərin hadisələri AXCP (i) və Müsavat rəhbərlərinin xalqımıza və dövlətçiliyimizə düşmən mövqedə dayandıqlarını bir daha əyani şəkildə sübut etdi. Sağlam müxalifət konstruktiv mövqe tutmaqla problemlərin həllində yaxından iştirak etməlidir. Partiya təşkilatımızın bütün üzvləri bu fikirdədirlər ki, AXCP (i) və Müsavat rəhbərləri bu biabırçılığa görə siyasi səhnədən getməlidirlər. Biz bir daha Əli Kərimovun və İsa Qəmbərovun tutduqları mövqeni pisləyirik".
Müasir Müsavat Partiyasının Astara rayon təşkilatı üzvləri adından, MMP rayon təşkilatının sədri Həsənov Əhməd Seyfulla oğlu tərəfindən imzalanan etiraz bəyanatında da son günlər AXCP (i) və Müsavat rəhbərləri tərəfindən törədilən qanunsuz əməllər şiddətlə qınanılmışdır: "Biz son günlər AXCP (i) və Müsavat rəhbərləri tərəfindən gənclərin mitinqlərə və dağıdıcı hərəkətlərə təhrik edilməsini Azərbaycan dövlətçiliyinə qarşı xəyanət kimi qiymətləndirir və pisləyirik. Xalqımız AXCP (i) sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun dəfələrlə xəyanətkar əməllərinin şahidi olmuşdur. Son günlər baş verən hadisələr sübut etdi ki, bu üzdəniraq partiya rəhbərləri öz bəd əməllərini yenə də davam etdirirlər. Müstəqil Azərbaycan Respublikasının inkişafı təkcə bölgəmizdə deyil, bütün dünyada heyrət doğurmuşdur. Bakıya gələn yüksək səviyyəli qonaqlar bunu açıq etiraf edirlər. Bu uğurları qəbul etməyən radikal müxalifət rəhbərləri çirkin hərəkətlərə əl atırlar. Biz AXCP (i) və Müsavat rəhbərlərinin bu əməllərini bir daha pisləyir və onlara ar olsun deyiri!".
Zərdab
Zərdab rayonu Lələağacı kənd sakini, AXCP (i) üzvü Osmanov Asif tərəfindən imzalanan etiraz bəyanatında bu təşkilatın sədri başda olmaqla digər müxalifət partiyalarının 11-12 mart və 2 aprel zamanı törətdikləri dağıdıcı əməllər qətiyyətlə pislənilmişdir: "Ölkəmizdə qarşıdurma salmağa yönələn hərəkətləri qətiyyətlə pisləyirəm. Onların xarici, bizə düşmən olan havadarların dəyirmanına su tökmək məqsədilə gənclərimizi iğtişaşlara səsləməsi məni hiddətləndirmişdir. Ə.Kərimovun ölkəmizin ictimai sabitliyi pozmağa yönəlmiş bu hərəkətlərinə etiraz əlaməti olaraq, mən onunla siyasi həmfikir olmaqdan imtina edir və onun sədri olduğu partiya sıralarından istefa verdiyimi bəyan edirəm".
Zərdab rayonu Gəndəbil kənd sakini, Müsavat partiyasının üzvü Əkbərov Nurayət Bərxuda oğlu da etiraz və istefa bəyanatında qeyd edir ki, son illər respublikamız böyük inkişaf dövrü yaşayır və daha da inkişaf edir: "Prezidentimiz ölkəmiz və əhalimiz üçün hər şey edir. Yollar çəkilir, binalar tikilir, evlər qazlaşdırılır, lakin bunu gözügötürməyən müxalifət qüvvələri istəyirlər ki, ölkədə çaxnaşma salıb xalqı yenə qırğına versinlər. Ancaq biz buna heç vaxt getməyəcəyik və yol verməyəcəyik. Müxalifətin törətdiyi hərəkətlərə görə, mən etiraz əlaməti olaraq, bu partiyanın sıralarında qalmağı özümə təhqir hesab edirəm və partiyanın sıralarını tərk etdiyimi bəyan edirəm".
Rayonun Gödəkqobu kənd sakini, AXCP (i) partiyasının üzvü Quliyev Mübariz İsirəfil oğlu tərəfindən imzalanan istefa bəyanatında bildirilir: "Mən Quliyev Mübariz İsirəfil oğlu uzun müddətdir ki, AXCP (i) partiyasının üzvü olmuşam. Lakin partiya biletim olmayıb. Son zamanlar AXCP (i) sədri Əli Kərimovun respublikada sabitliyi pozmaq üçün ölkə gənclərini qanunsuz 2.04.2011-ci il tarixində keçirdiyi aksiyaya çağırmasını pisləyirəm. AXCP (i) sıralarından istefa verib və bu partiyaya nifrət etdiyimi bəyan edirəm. Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini bütövlükdə dəstəkləyirəm".
Gəlmə kənd sakini, Müsavat partiyasının üzvü Fərziyev İsrafil Müslüm oğlunun istefa bəyanatından: "Mən Müsavat partiyasının üzvü Fərziyev İsrafil Müslüm oğlu 11-12 mart və 2 aprel 2011-ci il tarixdə özünü müxalifət adlandıran bir qrupun gənclərin müxalifət partiyalarının liderləri Əli Kərimov, İsa Qəmbərov və digərlərinin təsiri altına düşərək ictimai asayişi pozmasını, sosial və xidmət obyektlərinə ziyan vurmalarını qətiyyətlə pisləyirəm. Bu gün çoxsaylı ölkələrin həsəd apardığı uğurlarımızı görməmək, ən azından mənəvi korluqdur. Mən öz istək və arzularını, təklif və səbəblərini dinc yolla irəli sürməyin tərəfdarıyam. Lakin öz ölkəsinə qənim kəsilmək, nəinki gənc oğlanlarımızı, hətta ana və bacılarımızı küçələrə səsləmək, onları qadına yaraşmayan hərəkətlərə məcbur etmək vicdansızlıqdır.
Mən bu vicdansızlıq hallarına dözmürəm və üzvü olduğum Müsavat partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm".
AMİP üzvü Zərdab rayon sakini Mahmudov Laçın Həsən oğlu da yuxarıda qeyd edilən istefa bəyanatlarıvna dəstək verdiyini açıqlayıb və öz etiraz səsini ucaldıb: "Mən Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşam. 1992-ci ildən AMİP üzvüyəm. Son illər, ölkəmizdəki inkişaf və tərəqqi göz önündədir. Bir qrup radikal müxalifətçinin yenidən ölkəmizdəki sabitliyi pozmaq cəhdini pisləyərək, təmsil olunduğum AMİP sıralarından istefa verirəm, eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvü olmağı planlaşdırıram.
Zərdab rayon Utmanovu kənd sakini AXCP (i)-nin üzvü Məmmədov Zahid Ağamüslüm oğlu tərəfindən verilən bəyanatda bildirilir ki, məlum aprel olaylarında bir qrup xaricdən maliyyə dəstəyi almış müxalifət "biliciləri" Azərbaycan xalqını mitinqə səsləmiş və heç bir nəticə əldə etməmişlər: "Müxalifətin bu çirkin əməlləri insanları mitinqə yox, demək olar ki, qardaş qırğınına çağırmaqdır. Bunların çirkin hərəkətlərinə görə, partiyada qalmağını özünə təhqir bilirəm. Odur ki, AXCP (i) sıralarından bu gündən imtina edirəm.
Respublikada gedən quruculuq və abadlıq işlərinə mən də biganə qala bilmərəm. Bunu əlimdə əsas tutaraq, Yeni Azərbaycan Partiyasının sıralarına keçməyə hazırlaşıram.
AXCP (i) üzvləri rayonun İsağbağı, Salahlı, Şahhüseynli kənd sakinləri Əmraslanov Şahsuvar Sabit oğlu, Səfərəliyev Səhrab Zeynal oğlu, İbrahimov Nəsir Məmməd oğlu, Rəhimova Muğanə Əbülfət qızı tərəfindən verilən birgə istefa bəyanatında isə qeyd olunur ki, onlar xalqımızın əmin-amanlıq və firəvanlıq şəraitində yaşamasını görür və buna da ürəkdən sevinirlər: "Lakin bir qrup qaragüruhçu özünü siyasətçi adlandıran başıpozuq dəstə rəhbərləri, əli kərimovlar, isa qəmbərovlar və onların ermənipərəst dostları ölkədə xaos və anarxiya yaratmaq, 1991-1992-ci illəri təkrarlamaq yolu tutublar. Onların məqsədi ölkədə yenidən vətəndaş müharibəsi, qardaş qırğını yaratmaqdır. Bütün bunlar yolverilməzdir. Biz onların bu mövqeyini pisləyirik və etiraz əlaməti olaraq, AXCP (i) üzvlüyündən istefa verdiyimizi bəyan edirik. Hüquq-mühafizə orqanlarından gühankarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirik".
Kürdəmir
Kürdəmir rayonunda da kütləvi istefa dalğaları nəticəsində radikal müxalifət partiyalarının rayon təşkilatları buraxılmaq üzrədir. Belə ki, hazırda istər Müsavat, istərsə də AXCP (i) və digər siyasi təşkilatlarda heç kimin qalmadığı müşahidə edilməkdədir. İctimailəşən istefa bəyanatlarının isə ardı-arası kəsilmir.
Kürdəmir rayon Qarasaqqal kənd sakini, Müsavat partiyasının üzvü Əliyev Şəmşir Soltanəli oğlu tərəfindən imzalanan istefa bəyanatında qeyd olunub ki, dövlətimizə qarşı bədnam əməllərini reallaşdıran "liderlərə" nifrət edir və bu nifrətinin ictimailəşməsi üçün verdiyi bəyanatını mətbuat səhifələrinə təqdim edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunmaq üçün YAP rayon təşkilatının rəhbərliyinə müraciət etdiyini bildirir: "Bildirirəm ki, mən bir neçə illərdi ki, Müsavat partiyasının üzvüyəm və üzvü olduğum dövrdə partiyama sadiqliklə qulluq etmişəm. Lakin son zamanlar partiya rəhbərliyinin qanunsuz olaraq xalqı mitinqlərə çağırmasını və dövlətimizə qarşı bədnam əməllərini görürəm. Ona görə də həmin partiya üzvlüyündən çıxaraq YAP-ın üzvlüyünə qəbul olunmağımı YAP-ın rayon təşkilatının rəhbərliyindən xahiş edirəm".
Kürdəmir rayon sakinləri, "Ümid" Partiyasının üzvləri Daşdiyev Alpaşa Nurəddin oğlu və İbadov Zaur Arif oğlu da radikal təxəyyülə malik olmaq istəmədiklərini qətiyyətlə açıqlayıblar. Onların bu qətiyyətini verdikləri bəyanatlarından da sezmək mümkündür: "Biz "Ümid" Partiyasının üzvləri 2 aprel tarixdə keçirilən mitinqlərə öz etirazımızı bildirməklə, qeyd etmək istəyirik ki, müxalif partiyanın liderləri xalqı qanunsuz iğtişaşlara sövq edir, ölkəmizdə əldə olunmuş siyasi sabitliyə xələl gətirmək istəyirlər. Dövlətçiliyimizə qarşı yönəldilmiş bu liderlərin hərəkətləri üzvü olduğumuz partiyaya nifrət hissi yaratmışdır. Odur ki, biz "Ümid" partiyasının tərkibindən çıxmağımızı və YAP sıralarına üzv olmağımızı bəyan edirik".
Kürdəmir rayon Qarasaqqal kənd sakini Nadirov Sədirxan Balay oğlunun istefa bəyanatından: "Bildirirəm ki, mən uzun müddətdir ki, AXCP (i)-nin üzvüyəm və həmişə üzvü olduğum partiyaya hörmətlə yanaşmışam. Lakin son zamanlar partiya rəhbərliyinin qanunsuz olaraq xalqı mitinqə çağırmasını və dövlətimizə, dövlətçiliyimizə qarşı yönəlmiş bəd fikirlərini əməllərini görürəm və buna görə də mən daha bu partiyada üzv kimi qala bilmərəm və çox istərdim ki, özümü YAP-ın sıralarında görüm və bu barədə tezliklə mən YAP-ın rayon təşkilatının rəhbərliyinə ərizə ilə müraciət edəcəyəm".
Digər AXCP (i)-çi rayon sakini Məmmədov Yaqub Möhübbət oğlu öz bəyanatında radikallara ikrah hissini bildirərək, vurğulayır ki, uzun illər ərzində AXCP (i)-nin üzvü olub: "Bu müddət ərzində yeganə məqsədim siyasi fəaliyyətimi genişləndirməklə demokratiyanın inkişafı, dövlət və dövlətçiliyimizə mənəvi sədaqət göstərmək olub...
Odur ki, mən AXCP (i)-nin sıralarından çıxmağımı və Yeni Azərbaycan Partiyasına keçməyimi bəyan edirəm".
Kürdəmir rayon sakini ADP-nin üzvü Rzayev Mətləb Söydümalı oğlu tərəfindən verilən bəyanatda qeyd olunur ki, o, uzun müddətdir ki, ADP-nin üzvüdür: "Son zamanlar daxil olduğum partiya və onun rəhbərliyi hakimiyyəti qeyri-demokratik və iğtişaş yolu ilə devirmək haqqındakı şüarları Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəlmiş hərəkətləri məndə üzvlüyünü daşıdığım partiyaya inamsızlıq yaratmışdır. Məhz buna görə də ADP sıralarını tərk etdiyimi bəyan edirəm".
Rayonun digər sakinləri Osmanov Qurban Cabbar oğlu, Nadirov Vidadi Ataş oğlu, İbrahimov Balacan Babacan oğlu, Rəhimov Cəfər Əli oğlu, Hüseynova Tahirə Sadıq qızı, Əliyev Şəmşir Soltanəli oğlu, Daşdiyev Alpaşa Nurəddin oğlu öz bəyanatlarında son olaraq bildiriblər ki, onlar ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir və dəstəkləyirlər. Bundan sonra Yeni Azərbaycan Partiyasının üzvü olaraq, dövlətçilik maraqlarına xidmət edəcəklər.
Bütün bu etiraz bəyanatlarından bəlli olur ki, istər "İctimai Palata"nın, istərsə də orada toplaşan radikal müxalifət partiyalarının atdıqları bütün addımlar Azərbaycan xalqı tərəfindən, eyni zamanda, digər müxalifət partiyaları tərəfindən nifrətlə qarşılanır. Bu nifrətin həddi o qədər böyükdür ki, sayılacaq günlər ərzində radikal müxalifətdə hər hansı bir partiyanın qalıb fəaliyyət göstərməsi inandırıcı görünmür. Bu, həmçinin, onların planlaşdırdığı 16 aprel aksiyasında da özünü sərgiləyəcək amillərdəndir.