Aprelin 2-də "İctimai Palata"nın daxilində fəaliyyət göstərən radikal müxalifət partiyalarının paytaxt Bakıda ictimai həyatı iflic vəziyyətə salmaq, qarşıdurma yaratmaq, sabitliyi pozmaq kimi cəhdləri iflasa uğradı. Baş verən olaylardan və hadisələrdən sonra liderlərinin pozuculuq əməllərindən təsirlənən partiya üzvləri oldu. Belə ki, "İctimai Palata"da cəmləşən bəzi Müsavat, AXCP (i), AMİP, "KXCP", "AXP" və siyasiləşmiş QHT təmsilçiləri məlum hadisələrlə bağlı etiraz bəyanatları verməkdədirlər.
Əldə etdiyimiz məlumatlara görə, təkcə bir gün ərzində 491 nəfər istefa bəyanatı imzalayıb. Bu sayın artacağı isə istisna edilmir. Onu da qeyd edək ki, adları çəkilən siyasi təşkilatların Suraxanı, Tərtər, Cəbrayıl, Hacıqabul, Ağcabədi, Sabirabad, Saatlı, Şirvan, Laçın, Şəki, Zaqatala və digər rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşımaqdadır. Bu, onun göstəricisidir ki, sosial bazası, elektoratı yox dərəcəsində olan radikal müxalifətin bundan sonra, ümumiyyətlə, danışdırmağa belə adamları tapılmayacaq. Müxalifət partiyalarının yerli təşkilatlarında baş verən yeni istefaların nəticələri barədə məlumatları təqdim edirik.
Şəki
Şəki rayonu Böyük Dəhnə kənd sakini, Müsavat partiyasının üzvü Salmanov Qismət Şövkət oğlu öz istefa bəyanatında qeyd edir ki, son vaxtlar respublikadakı ictimai-siyasi sabitliyi pozmağa dair radikal müxalifətin hərəkətləri onda bu düşərgəyə qarşı hədsiz nifrət hissi oyadıb: "Mən 1994-cü ildən Müsavat partiyasının üzvüyəm. Müxalifətin bütün hərəkatlarında fəal iştirak etmişəm. Lakin aprelin 2-də baş verən hadisələr məndə radikalizmə qarşı hədsiz nifrət hissi oyatdı. Ona görə də, Müsavat partiyasından uzaqlaşmağıma qərar verdim. Mən Müsavat partiyasının üzvü olmağıma görə çox peşmançılıq hissi çəkirəm".
Şəki Baş Kəldək kənd sakini Səfərəliyev Ağəli Kərəm oğlunun istefa bəyanatında isə qeyd olunur: "Mən 1991-ci ildən AXCP-nin üzvüyəm. Son vaxtlar ölkədəki ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyir, "İctimai Palata"nın və orada cəmləşən bütün müxalifət partiyalarının hərəkətlərini qeyri-qanuni hesab edirəm. Məhz buna görə də, "Cəbhə"nin törətdiyi əməlləri düzgün saymadığıma görə partiya üzvlüyündən imtina edirəm və bu bəyanatı öz imzamla təsdiq edirəm".
Turan qəsəbə sakini, AXCP (i) üzvü Məmmədov Mehman Məmməd oğlu verdiyi istefa bəyanatında bildirir ki, o, 1992-ci ildən bu partiyanın üzvüdür, lakin həmin partiyanın sədrinin, eləcə də, radikal müxalifətin xalq arasında nüfuzu olmadığına görə siyasi təşkilatdan istefa verdiyini bəyan edib.
Həmin qəsəbənin digər sakini, AMİP üzvü Hüseynov İsa Ərzəni oğlu da istefa bəyanatında bildirir ki, uzun müddət ərzində AMİP sıralarında siyasi fəaliyyət göstərib: "AMİP üzvü olduğum müddətdə onun nüfuzunun get-gedə zəiflədiyi üçün və son zamanlar onlara heç bir inam qalmadığına görə, bu təşkilatın üzvlüyündən imtina etdiyimi bəyan edirəm. Eyni zamanda, "İctimai Palata"da toplaşan radikal müxalifət partiyalarına, onların sədrlərinə ikrah və nifrət hisslərimi bildirirəm".
Şəki rayon Cəfərabad kənd sakini, 1991-ci ildən AXCP-nin üzvü Məmmədov Niymət Məhəmməd oğlu imzaladığı bəyanatında qeyd edib ki, ölkədə gedən ictimai-siyasi proseslərdə dağıdıcılıq kimi hərəkətlərə rəvac verən radikal müxalifətə etirazını bildirir və bunun müqabilində partiyanın sıralarından istefa verdiyini bəyan edir.
Şəki rayonu Aşağı Göynük sakini, sabiq AXCP (i)-çi Əliyev Abdulla İsfəndiyar oğlu, Baş Göynük kənd sakinləri, sabiq AXCP (i)-çilər Rəcəbov Kamil Hüseynəli oğlu və Kərimov Əvəz Söhrab oğlu isə öz bəyanatlarında vurğulayıblar ki, onlar vaxtilə "milli azadlıq hərəkatı"nın fəal iştirakçıları olublar. Uzun illər rayonda siyasi fəaliyyətlərini bu istiqamətdə qurublar. Lakin son vaxtlar radikal müxalifət partiyalarının cəmləşdiyi "İctimai Palata" adlı qurumun iğtişaşlar yaratmaq cəhdini, eləcə də, 2 aprel tarixində təşkil etdiyi qanunsuz aksiyalara bəraət verə bilmirlər: "Ən əsası ona görə ki, həmin gün ən böyük rayonlarımızdan biri - Kəlbəcər rayonu işğal olunub. Eyni zamanda, mitinqin məqsədi və məramı məlum deyildi. Ən ümdəsi isə sağlam düşüncəli ictimaiyyət bu aksiyaların keçirilməsinə öz narazılığını bildirmişdi. Dövlət qurumları mitinq üçün yer ayırdığına rəğmən, onlar qanunsuz olaraq paytaxt Bakının mərkəzində dağıdıcı aksiya keçirməyə cəhd etdilər. Yalnız xarici ölkələrdə baş verən iğtişaşlardan ilhamlanaraq, belə uğursuz mitinqlər təşkil etməyi məqsədəuyğun hesab etmirik. Bu cür aksiyalar Azərbaycan xalqı üçün heç bir fayda, səmərə verə bilməz. Belə ki, bizim erməni xalqı kimi düşmənlərimiz var, 20 faiz torpağımız işğal altındadır. Biz belə müxalifət partiyasının üzvü ona görə olmamışıq ki, belə partiyalar xalqı günün tələbi səviyyəsində təmsil edə bilmirlər. Biz ona görə də, heç bir müxalifət partiyasında təmsil olunmayacağımızı qərar aldıq və bu qərarımızı bəyanat şəklində ictimaiyyətə təqdim edirik".
Saatlı
Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimovun marağı olan xarici ölkələrin Azərbaycanda təxribat yaratmaq məqsədilə maliyyələşdirildiyi artıq heç kimə sirr deyil. Ə.Kərimov və İ.Qəmbərov Azərbaycanın inkişafına və ölkədə yaranan demokratik sabitliyin olmasına qısqanclıqla yanaşmaqla yanaşı, öz şəxsi ambisiyalarını həyata keçirmək məqsədini güdürlər. Şəki rayonundan başqa Saatlı rayonunda da kütləvi istefaların baş verməsi müşahidə edilməkdədir.
Müsavat partiyasının üzvü Fazil Kərimov İ.Qəmbərovun bu günə kimi ancaq cinayətkar işlərlə məşğul olduğunu və ölkədə siyasi sabitliyi pozmaq məqsədi güddüyünü bildirdi. F.Kərimov onu da qeyd etdi ki, bəzi xarici ölkələrin ermənipərəst qüvvlər tərəfindən maliyyələşən həm Müsavat, həm də AXCP (i) Azərbaycanda təxribat yaratmaq məqsədi güdürlər: "Ona görə də bu gün bəzi gənclərimizin zəif düşüncələrindən istifadə edərək, onları öz tərəflərinə çəkməklə cinayət işləri görürlər. Ancaq bütün gənclərə bir ata kimi üzümü tutaraq, bildirirəm ki, mən də bu partiyanın üzvü olmağımdan çox peşmanam və onları düz yola - ölkə Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməyə çağırıram".
AXCP (i)-nin Saatlı rayon təşkilatının üzvü Rəfael Kərimov isə Ə.Kərimovun əmisi oğlu olması ilə və bu partiyada fəaliyyət göstərdiyinə görə, son dərəcə peşmançılıq çəkdiyini bildirdi. Qeyd etdi ki, AXCP (i) sədri Ə.Kərimov istər əxlaqı, istərsə də mənəvi cəhətdən çox səviyyəsiz bir adamdır: "Bu gün Ə.Kərimovun həyasızlığının dərəcəsi o qədər artıb ki, xalq içinə də çıxmağa üzü gəlmir. Lakin xalqımız artıq onları təsadüfən hakimiyyətə gəldikləri dövrdəki xalq deyil. Bu gün kimin kim olduğunu Azərbaycan xalqı yaxşı bilir. Bütün hüquq-mühafizə orqanlarında Ə.Kərimovu etdiyi bu cinayət işlərinə görə cəzalandırılmasını və gənclərimizin beyinlərini zəhərləndirdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirəm. Həmçinin, mən bu günlərdə Yeni Azərbaycan Partiyasına üzv keçmişəm".
Şirvan
Müsavat partiyası Şirvan rayon təşkilatının üzvü Solmaz İbrahimova gəncləri təxribata sürükləyən və onların beyinlərini zəhərləyən İ.Qəmbərovla Ə.Kərimovun cinayətlərinə son qoyulmasını tələb etdi. Onu da vurğuladı ki, gənclərimiz hər an düşünməlidir ki, kimlərin çağırışlarına görə sabitliyi pozmağa və özlərinin həyatlarını məhv etməyə gedirlər: "Həmin Ə.Kərimovla İ.Qəmbərovdan soruşmaq istərdim: Keçirilən qeyri-qanuni bu aksiyalarda öz övladları iştirak edirmi? Şüşələri sındırmaqla, obyektlərə zərər vurmaqla hansı istəklərinə nail olacaqlar? Azərbaycanın sürətli inkişafına bu çirkin əməllərlə ləkələmək mümkünsüzdür. Əksinə, bu hərəkətləri ilə xalqın nifrətini birə-beş qat artırırlar".
S.İbrahimova elə bu günlərdə Cəlilabadda baş verən radikal müxalifət üzvünün özbaşınalığı barədə bir məqama toxunaraq, bildirdi ki, bu rayonun AXCP (i) Cəlilabad rayon təşkilatında cinayət hadisəsi törədilmişdir. AXCP (i) Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələm oğlu Mirələmov Vasif Cəlilabad 7 saylı məktəbin 10-cu sinif şargirdi Həsənli Cavanşiri bıçaqla vuraraq öldürmüşdür. Bu isə rayon əhalisi tərəfindən böyük nifrətlə qarşılanmışdır. Əhali bu hadisəni təsadüfi olmadığını bildirmişlər. Rayon sakini Həsənağa Əzizov, Rəbiyyə Məlikova, Səmirə Namazova və başqaları bu hadisənin təsadüfi olmadığını bildirirlər. Qeyd ediblər ki, aprelin 2-də Bakıda qeyri-qanuni aksiyalar keçirən AXCP (i)-Müsavatın çirkin əməlləri rayonlarda da, o cümlədən, Cəlilabadda da törətməyə çalışdılar. Lakin rayon əhalisinin radikal müxalifətin bu əməllərinə qarşı birgə mübarizəsi onların istəklərinin həyata keçirilməsinə imkan vermədi. Əlacsız qalan Təzəxan Mirələm regionda fəaliyyət göstərən bankın rəhbəri, Pənah Hüseynovun xalası oğlu tərəfindən maliyyələşdiyi üçün oğlunu bu təxribatı törətməyə məcbur etmişdir.
Elə zənn etmişdir ki, bununla da rayonda nəyəsə nail ola bilər. Lakin Cəlilabad rayon icra hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının diqqətli fəaliyyəti nəticəsində rayonda hər hansı bir insident baş verməmişdir.
Şamaxı
"KXCP" üzvü Osmanov Azər Nəsib oğlu istefa bəyanatında bildirib ki, o, 2004-cü ildən "KXCP" sıralarındadır: "Respublikada gedən bütün hadisələri həmişə diqqətlə izləmişəm. Dövlətimiz və hökumətimiz tərəfindən ölkəmizdə aparılan abadlıq və quruculuq işləri rayonumuzun sosial-iqtisadi inkişafına müsbət təsirlərini göstərməkdədir. Vaxtilə yaranmış bütün problemlər ildən-ilə sürətlə aradan qaldırılır. Lakin bir azərbaycanlı kimi bizim problemimiz Qarabağın erməni işğalından azad olunmasıdır. Hər birimiz bu amal ətrafında birləşməliyik. Bir qrup müxalif qüvvələr ölkədə sabitliyi pozmağa, əhali arasında çaxnaşma yaratmağa cəhd göstərirlər. 2 aprel tarixində baş verən qanunsuz olayları izləyərkən, mən çox təəssüf hissi keçirdim və bu hadisə qəzəbimə səbəb oldu. Bu cür hadisələri törədənlər həmin hərəkətləri sərhədlərimizdə ermənilərə qarşı niyə etmirlər? Mən bütün müxalifət qüvvələrindən 2 aprel 2011-ci ildəki hadisələrə qarşı etiraz etməsini tələb edirəm. Eyni zamanda, üzvü olduğum "KXCP" sıralarından imtina etdiyimi bəyan edirəm".
Digər Şamaxı rayon sakini Nehmətov Ramiz Məhəmmədəli oğlu öz istefa bəyanatında 2001-ci ildən "KXCP" üzvü olduğunu xatırladıb: "Ancaq 2 aprel 2011-ci il tarixində mənim də üzv olduğum "KXCP"-nin də daxil olduğu "İctimai Palata"nın ölkədə ictimai-siyasi sabitliyi pozmaq, iğtişaşlar törətmək məqsədilə qanunsuz aksiya keçirmək cəhdi məndə nifrət hissi oyatdı. Ticarət obyektlərinə və digər sosial obyektlərə xeyli zərər vuruldu. Belə ki, həmin obyektlərin şüşələri və digər avadanlıqları sındırılıb dağıdıldı. Belə məlum oldu ki, "İctimai Palata" və orada cəmləşən müxalifət partiyaları 2 aprel aksiyasında dağıdıcılığa, anarxiyaya hesablanmış addımlar atmaqla, xarici təşkilatlar qarşısında boyunlarına götürdükləri öhdəlikləri yerinə yetiriblər. Mənə belə bir partiya və müxalifət lazım deyil".
1994-cü ildən ALP-nin üzvü olan Kərimov Elsevər Qurban oğlu son vaxtlar, daha doğrusu, 2011-ci ilin 2 aprel tarixində üzvü olduğu partiyanın da qoşulduğu aksiyada iştirak etməsini qətiyyətlə pisləyib: "İşğal olunmuş torpaqlarımızın azad olunması hər birimizin arzusudur. Bizim hər birimiz bu torpağın övladıyıq. Hamımız bu amal uğrunda mübarizə aparmalıyıq. Hər birimizin yeganə düşməni varsa, o da ermənilərdir. 2 apreldə mitinqə çıxmağa cəhd edənlər bu "ehtiras"larını cəbhə xəttində göstərsəydilər, daha yaxşı olmazdımı? Hazırda Azərbaycan Respublikasında sabitlikdir, problemlərimiz azalmaqdadır. Belə bir şəraitdə respublikada yenidən çaxnaşma yaratmaq istəyirlər. Belə hesab edirəm ki, həmin şəxslər vətənini satanlar, xarici ölkələrə xidmət edənlər erməni dəyirmanına su tökənlərdir. Radikal müxalifətin başında duran Əli Kərimov, Əvəz Temirxan, İsa Qəmbərov və başqalarının bu hərəkətlərini pisləyirəm və onlara ar olsun deyirəm. 2011-ci ilin 2 aprel hadisələrinə etiraz edərək, üzvü olduğum partiyadan istefa verirəm".
2006-cı ildən ALP-nin üzvü olan Şamaxı rayon sakini Əliyev Ceyhun Camo oğlu etiraz bəyanatında bildirir: "Son vaxtlar üzvü olduğum Liberal partiyasının və bir çox müxalifət partiyalarının çirkin məqsədlərini gördükdə qəzəblənirəm. Xüsusilə, 2 aprel mitinqində onların hərəkəti ancaq ermənilərin törətdikləri əməllərlə müqayisə edilə bilər. Başda İsa Qəmbərov, Əli Kərimov, Əvəz Temirxan, Lalə Hacıyeva olmaqla, onlara nifrət etdiyimi bəyan edirəm. Onların bu iyrənc siyasətlərinə qarşılıq olaraq üzvü olduğum liberal partiyasından istefa verirəm.
Tərtər
Tərtər rayonunda fəaliyyət göstərən bir qrup Müsavat partiyasının üzvləri Balakəngərli kənd sakinləri Hüseynov Ənvər İsgəndər oğlu, Məmmədov Nadir Mahmud oğlu, Məmmədov Namiq Tapdıq oğlu, Cəmilli kənd sakinləri Nəsibov Elnur Yaqub oğlu, Xəlilov Elman Ərəstun oğlu, Haqverdiyev Saleh Pənah oğlu, Əskipara kənd sakinləri Təhməzov Elşad Qardaşxan oğlu, Ağayev Ramiz Əli oğlu, Quliyev Natiq Fazil oğlu, Vəliyev İsa Müseyib oğlu təmsil olunduqları siyasi təşkilatdan istefa verdikləri barədə birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, fəaliyyət göstərdikləri siyasi təşkilatın cəmiyyətdə heç bir hörməti, nüfuzu yoxdur: "Ona görə ki, partiya və partiyanın sədri İsa Qəmbərovun törətdiyi bütün əməllər xalqa və dövlətçiliyə qarşı xəyanətdir. Son hadisələr göstərir ki, bu partiya siyasi mübarizə aparmağa qadir deyil. Bu partiya dövlətin, xalqın əleyhinə mövqe nümayiş etdirməklə iğtişaşlara cəhd edir. Siyasi təşkilatın rəhbəri öz mənafeyi üçün mübarizə aparır, ona görə də bu partiya sıralarında qala bilmərik. Öz partiya həmkarlarımıza tezliklə bu siyasi təşkilatdan uzaqlaşmalarını tövsiyə edirik.
Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Çünki Azərbaycanın sürətli inkişafından, beynəlxalq aləmdə nüfuzunun artmasından yalnız xarici düşmənlərimiz deyil, sapı özümüzdən olan baltalar - daxili düşmənlərimiz də ciddi narahatdırlar. Onlar ölkəmizdə gedən yeniləşməyə, qazandığımız müstəqilliyə hər zamankı kimi yenə də kölgə salmağa çalışır, "bəlkə də qayıtdılar" xülyası ilə yaşayırlar. Sözsüz ki, artıq Azərbaycan xalqını tutduğu düzgün mövqedən heç bir antimilli qüvvə sapdıra bilməz. Xalq ölkə Prezidenti İlham Əliyevə inanır və onun ətrafında sıx birləşir.
Biz Müsavat partiyasının üzvləri respublikamızın inkişafına kölgə salmağa, ölkədə siyasi sabitliyi pozmağa çalışdıqlarına görə, həmin partiyadan istefa verib, Yeni Azərbaycan Partiyasının sıralarına keçirik".