Arif Hacıyev həbsxanada "Müxalifətin mitinq taktikası" adlı kitab yazacaq
Qondarma qurum olan "İctimai Palata"nın rüsvayçılıqla nəticələnən 2 aprel olaylarında törədilən iğtişaşlarda koordinatorluq etdiyinə görə iki aylıq həbs cəzası almış Müsavatın icra aparatının rəhbəri, başqanının müavini Arif Hacıyev artıq "dincəldiyi" kamerada darıxmağa başlayıb. Bu hissini "öldürmək" üçün yenidən xəyallara qapılıb kitab yazmağı qarşısına məqsəd qoyub.
Təbii ki, onun indi yazdıqlarını yəqin ki, 2003-cü ilin 15-16 oktyabr iğtişaşları zamanı həbs olunarkən yazdığı "memuarlara" əlavə etmək istəyir. A.Hacıyevin "Müxalifətin mitinq taktikası" barədə kitab yazmaq arzuları yalnız həbs olunduqdan sonra qabarır. Ona görə də, 3-5 nəfərin küçələrdə, tinlərdə dağıdıcılıq fəaliyyətlərini öz təbirincə, qiymətləndirən radikal müxalifət səlahiyyətlisi həmin nəfərlərdən əməlli-başlı vəcdə gəlir. Lakin onun rəqibləri, "konkurentləri" də mövcuddur ki, bu kimi saxta memuarları ilə cəmiyyət arasında gülüş və istehza hədəfinə tuş gəliblər. Buna misal kimi keçmiş ADP, bugünkü "ACP" lideri Rəsul Quliyevi, AXP-nin keçmiş sədri Pənah Hüseynovu və Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunu göstərmək olar. Onlar da törətdikləri cinayət əməllərinə görə "içəri" düşdükləri zaman birdən-birə kitab yazmaq eşqinə mübtəla olurlar. Hər halda, düşündürücü haldır. Çünki azadlıqda olduqları dönəmdə A.Hacıyev kimilərin başları o qədər "qarışıq" olur ki, nəinki kitab, heç bir vərəq ərizə yazmağa da maraqları olmur. Belə ki, bu maraqları üstələyən digər maraqlar mövcuddur. Məsələn, xarici təşkilatlar qarşısında nökərçilik və dilənçilik edərək anarxiya meyillərini reallaşdırmaq naminə, eyni zamanda, şəxsi mənafe və dividendlərini yüksəltmək istiqamətində, müəyyən öhdəliklər qarşılığında vədlər götürmək kimi amillər onların köhnə şakərləridir.
A.Hacıyevin birdən-birə cuşa gəlməsi, görünür, boş ağılda yeni-yeni xəyalların cövlan etməsindən qaynaqlanan "publisistika" həvəsidir. Ancaq radikal təxəyyüllü bir insanın bundan ötə nəsə yazması, ümumiyyətlə, nə məntiqə, nə mənaya, nə də ki, məğzə sığır. Sığa bilinəcək bircə şey var ki, o da A.Hacıyevin beş metr eninə, beş metr uzununa olan həbsxana kamerasına sığmasıdır. Bunu isə o, yaxşı bacarır.