PDF Oxu

Müxalifət

  • 14

Müsavat və AXCP (i)-nin rayon təşkilatları buraxılır

Müsavat və AXCP (i)-nin rayon təşkilatları buraxılır

Radikal müxalifətin səbatsız və səriştəsiz "liderləri" 2 aprel aksiyalarında uğradıqları biabırçılıqlardan sonra daha ağır və böhranlı durumla üzləşir. Çünki sərgilədikləri dağıdıcılıq fəaliyyətləri, anarxiya və xaosa hesablanmış xəyanətkar, satqınçılıq addımları nəinki xalqda, eyni zamanda, radikal müxalifətin daxilindəki insanlarda da ikrah hissinin oyanmasına səbəb olub. Məlumata görə də, istefa verənlər, bunu etməyə hazırlaşan digər müxalifətçilər bütün bu baş verən məlum 2 aprel olaylarından utandıqlarını, bu günə qədər Əli Kərimova, İsa Qəmbərova və digərlərini xidmət etdiklərinə ürəkdən təəssüfləndiklərini, peşman olduqlarını gizlətmirlər.
Artıq AXCP (i) və Müsavatın Şamaxı rayon təşkilatından 14, Cəlilabad rayon təşkilatından 15, Saatlı və Sabirabad rayon təşkilatlarından isə, ümumilikdə, 41 nəfər təmsil olunduqları siyasi təşkilatlardakı istefalarını bəyanat şəklində elan ediblər. Bu halın davamlı şəkil alması isə istisna olunmur.
Şamaxı rayonunda yaşayan AXCP (i) üzvü Cəfərov Nüsrət Əlicabbar oğlunun istefa bəyanatında bildirilir ki, o, 1992-ci ildən etibarən həmin siyasi təşkilatın üzvüdür: "Son vaxtlar, xüsusilə, aprel ayının 2-də üzvü olduğum partiyanın keçirməyə cəhd etdiyi mitinqə baxarkən, çox təəssüf hissi keçirdim. Biz hamımız azərbaycanlıyıq. Bizim dərdimiz Qarabağ dərdidir. Hamı bu amal uğrunda birləşməlidir. Bizim bir düşmənimiz var, o da ermənilərdir. 2011-ci ilin aprel ayının 2-də mitinqə çıxmağa cəhd edənlər, əgər etdiklərini sərhəddə ermənilərə qarşı etsəydilər, mən də onlardan biri olardım. İndi respublikamızda əmin-amanlıqdır, problemlərimiz həll olunur. Ölkəmizdə, eləcə də, rayonlarımızda inkişaf və abadlıq işləri görülür. Bu cür vəziyyətdə ölkəmizdə yenidən xaos yaratmaq istəyənlər tapılır. Mən belə adamlara vətəni satanlar, ermənipərəst qüvvələr deyirəm. Dağıdıcı müxalifətin başında duran Ə.Kərimovun İ.Qəmbərovun və başqalarının bu hərəkətlərini pisləyir, onlara ar olsun deyirəm. Həmçinin, məlum 2 aprelə etiraz əlaməti olaraq, üzvü olduğum AXCP (i) üzvlüyündən istefa verirəm".
Digər müxalifətçi, Şamaxı rayon sakini, Müsavat partiyasının üzvü Məmmədov Xosrov Vəzir oğlu da "İctimai Palata"da cəmləşən radikal müxalifət "liderləri"nin radikal və xəyanətkar hərəkətlərinə qarşı etiraz əlaməti olaraq təmsil olunduğu partiya sıralarından istefa verdiyini bəyanat şəklində təqdim edib. O, xarici qüvvələrin əlində alət olan "liderləri"ni satqınlıqda suçlayıb və onlara nifrət etdiyini bildirib: "Məlum edirəm ki, 1992-ci ildən Müsavat partiyasının üzvüyəm. Demokratiyanın inkişafı yolunda bir sıra xidmətlərim olub. Lakin üzvü olduğum partiyanın, eləcə də, "İctimai Palata"nın 2 aprel icazəsiz mitinqlərində dağıdıcılıq fəaliyyətlərini gördükdən sonra istefa vermək qərarına gəldim. İsa Qəmbərovun, Əli Kərimovun və başqalarının dağıdıcı müxalifətə rəhbərlik etmələrini pisləyir, törətdikləri əməllərə görə onlara nifrət etdiyimi bəyan edirəm."
Yuxarıda qeyd etdiyimiz kimi, artıq bir neçə rayonda müxalifətin radikal qanadı olan partiyalardan istefalar intensiv xarakter alıb və bu istefaların kütləvi hal alacağı da reallıqdan doğan gerçəklikdir. Belə ki, Cəlilabad rayonundan da əldə etdiyimiz məlumatlara görə, bəyanat imzalayan müxalifətçilər bu bəyanatlarını ictimailəşdiriblər. AXCP (i) və Müsavat üzvləri Hüseynov Xudaverdi Tarıverdi oğlu, Soltanlı Qiyas Həsən oğlu, Şahsuvarlı Səməd Əhəd oğlu, Miriyev Mirpaşa Mirsahib oğlu və digərləri də bu kimi bəyanatlarla çıxış edərək, "İctimai Palata"nın 2 aprel şousunu dağıdıcılığa hesablanmış anti-dövlətçilik xəyanəti kimi qiymətləndiriblər: "Küçələrə çıxıb vətəndaşların asayişini təhlükə altında qoymaqla, şəhərin əhaliyə xidmət göstərən iaşə və digər obyektlərinə hücum edib, şüşələrini qırıb-dağıtmaqla, iqtidardan nə isə tələb etmək demokratiya deyil, anarxiyadır. Biz anarxiya və xaosa yox deyirik və buna rəhbərlik edən "liderlərə" açıq nifrətimizi bildiririk. Ölkəmizin inkişaf və tərəqqi etdiyi bir zamanda, bunların bütün çirkin vasitələrdən istifadə edərək, xalqa, dövlətə xəyanət etmələrinə başqa cür cavab vermək mümkün deyil. Biz bu addımımızı istefa verməklə elan edirik. Əli Kərimova və İsa Qəmbərova ar olsun!"
Onun da xatırladaq ki, Saatlı və Sabirabad rayonlarında da radikal müxalifətin tərkibindən istefa verənlər "liderləri"nə qarşı olan etirazlarını bəyanat şəklində yayıblar. Daha dəqiq desək, keçən il baş verən təbii fəlakətlərdən sui-istifadə edərək, adıçəkilən rayonlarda qarmaqarışıqlıq yaratmağa cəhd edən radikalların ümidləri dövlətin və birbaşa ölkə Prezidentinin nəzarəti, qayğısı nəticəsində öz həllini tapdı. Qısamüddətli dövr ərzində orada görülən irimiqyaslı işlər nəticəsində əsil həqiqətlər üzə çıxdı və nəticədə radikal müxalifətin növbəti planları iflasa uğradı. Lakin bu dəfə adıçəkilən rayonlarda üzv olduqları Müsavat və AXCP (i)-dən istefa verən müxalifətçilər bilavasitə öz keçmiş "liderlərini" - İ.Qəmbərovu və Ə.Kərimovu hədəfə alıblar: "Biz, bu bəyanatı imzalamaqla, konkret olaraq, "İctimai Palata" adlı qurumda təmsil olunan Müsavat və AXCP (i) sədrlərini günahlandırırıq. Onlar demokratiya pərdəsi altında xarici qüvvələrdən qrantlar, maliyyə yardımları alır və bu vəsaitləri dövlət çevrilişində xərcləmək üçün öz yerli muzdlularına paylayırlar. Nəticədə bu muzdlular da Azərbaycanda, ölkənin bütün regionlarında vəziyyəti gərginləşdirməyə cəhdlər göstəriblər. Biz bu muzdlulardan olmaq istəmirik və buna etiraz edirik! Bu cür xainlərin tezliklə qanun qarşısında cavab vermələrini tələb edirik! Əli Kərimov və İsa Qəmbərov kimi satqınlara ar olsun!"
Göründüyü kimi "qələbə" qazanacaqlarını iddia edən radikal müxalifətin son nəfəs verdiyi an elə də uzaqda deyil. Bu gerçəklikdən hara qaçacaqlarını isə, artıq İ.Qəmbərov, Ə.Kərimov kimilər müəyyənləşdirsinlər. Əgər bacarsalar...

R.S.Digər rayonlardan da müxalifət partiyalarından istefa bəyanatları verilməkdədir. Bu barədə növbəti sayımızda.

Digər xəbərlər