PDF Oxu

Müxalifət

  • 18

Müxalifət partiyalarından kütləvi istefalar dalğasına start verildi

Müxalifət partiyalarından kütləvi istefalar dalğasına start verildi
Qondarma "İctimai Palata" adlı qurumun aprelin 2-də keçirməyə cəhd göstərdiyi qaragüruhçu aksiya bir daha sübut etdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı mövcud deyil. Əslində, cəmiyyət bu amilin hər zaman şahidi olub və bu gün də belədir. Məsələ ondadır ki, müxalifətdə olduqları dövrlərdən başlayaraq, bu günə qədər törətməyə cəhd etdikləri iğtişaşlar zamanı radikal müxalifətdə təmsil olunan bir çox insanlar oradan istefa verərək, qarşıdurmalara etirazlarını bildiriblər. Məhz bu səbəbdən də "İctimai Palata"nın tərkibində cəmləşən radikal təxəyyüllü siyasi təşkilatların daxilində elə də çox sosial baza mövcud deyil. Eyni zamanda, mütəmadi olaraq, baş verən istefaların nəticəsində Müsavat, AXCP (i), AMİP, "KXCP", "Ümid", ADP, AXP kimi partiyaların elektoratları, demək olar ki, sıfır həddindədir.
Radikal müxalifət aksiyalar zamanı lokal qruplar şəklində küçə və tinlərə aşağı-yuxarı 150-200 nəfər çıxarmağa müyəssər oldu və bununla da dolayısı ilə "gücünü" göstərdi. Əslində, bu cür dırnaqarası güclə növbəti dəfə özünü biabır etdi. Bu biabırçılığını ört-basdır etməkdən ötrü isə şəhərin küçə və meydanlarında, ələlxüsus, mərkəzdə bir sıra obyektləri, vətəndaşlara xidmət edən digər müəssisələri daş-qalaq etdilər. Nəticədə minlərlə manat ziyana düşən sahibkarlar, sadə vətəndaşlar onların qanun qarşısında cavab vermələrini tələb etdilər. Eyni zamanda, sözügedən aksiyada radikal müxalifət partiyalarının paytaxt Bakıda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri yalnız ölkə əhalisinin deyil, eləcə də, həmin partiyaların üzvlərinin kəskin etirazlarına səbəb olub. Bakıda və bölgələrdə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, yuxarıda adları çəkilən radikal müxalifət partiyalarının tərkibindən ümumi olaraq, 391 nəfər istefa verib. Bəyanat yayaraq, təmsil olunduqları partiyaların sıralarını tərk edənlər vaxtilə təmsil olunduqları siyasi təşkilat "liderlərinin" onların adından sui-istifadə edərək, ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək, bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər. Eyni zamanda, öz bəyanatlarında keçmiş "liderlərinə" nifrət hisslərini də gizlətməyən istefa verənlər son olaraq, bildiriblər ki, onlar Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir və Onun ətrafında sıx birləşəcəklər. Bu, fakt bir daha onu göstərdi ki, inkişaf edən, çiçəklənən Azərbaycanda, ümumiyyətlə, radikalizmə, anarxiyaya və xaosa yer yoxdur.
Xatırladaq ki, "İctimai Palata"da cəmləşən radikal müxalifət partiyaları sırasında yalnız dünən 491 nəfər bəyanat yayaraq, istefa vermələrindən sonra, bu istefaların artacağı da istisna olunmur. Eyni zamanda, bu partiyaların Goranboy, Ağsu, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Şamaxı, Şəki, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi və intensiv xarakter daşıyıb.

Digər xəbərlər