"Fəvvarələr" meydanı da cəfəng müxalifəti qəbul etmədi
Bir müddət idi ki, radikal və dağıdıcı müxalifət ünsürləri Bakının mərkəzi küçə və meydanlarında mitinqlər, etiraz aksiyaları təşkil edəcəklərini iddia edirdilər. Hətta bunun üçün müxalifət yetkililəri tabeçiliklərindəki mətbu orqanların səhifələrində çıxışlar edir, müəyyən hisslərə qapılaraq bəyanatlar verirdilər. Eyni zamanda, bu, azmış kimi minlərin, on minlərin iştirakı ilə mitinqlər və küçə yürüşləri keçirəcəkləri barədə bacarıqlarından çox-çox yüksək illüziyalara yol verirdilər. Amma nəticə, həmişə olduğu kimi, heç də özünü çox gözlətmədi. Radikal müxalifətin martın 11 və 12-də təkrarlanan biabırçılığının davamı aprelin 2-də yaşandı. Adlarını "İctimai Palata" qoyaraq müəyyən xarici donor təşkilatlarla bazarlıq müqabilində alınan pulların silinməsi üçün məhz bu cür "texnologiya"dan istifadəyə cəhd edən müxalifətçilərin, sözün əsil mənasında, öz simalarının yenidən cəmiyyətə göstərmiş oldular.
Radikal dini qruplaşmalar 2 aprel aksiyasında müxalifətə dəstək oldu
Maraqlı cəhət odur ki, ümumi müxalifətin toplaşdığı bir təşkilat kimi qələmə verilən, əslində isə, heç bir mahiyyət və keyfiyyətə mali olmayan "İctimai Palata"nın yeganə funksiyası xarici donorlardan pul qoparmaq prinsipinə əsaslanır. Bunu aprelin 2-də meydana on nəfərlə çıxmağı bacarmayan müxalifətin düşmüş olduğu çətin aqibətdən də aydın görmək mümkün oldu. Heç bir sosial bazaya malik olmayan və sadəcə olaraq, bir partiya sədri və onun papkasından ibarət olan müxalifət qurumunun "on minlərin iştirakı ilə mitinq keçirəcəyik" deməsi, təbii ki, ikrah hissi ilə qarşılanır. Çünki cəmiyyət açıq şəkildə müxalifətin kimlərdən ibarət olduğunu, hansı imkanlarını özündə ehtiva etdiyini çox gözəl bilir. Sadəcə olaraq müxalifətdə başbilənlik edənlər, xüsusən də, AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov mövcud sabitliyi pozmaq üçün öz havadarlarının imkanlarına güvənirmiş. Burada ilk yeri radikal dini qruplaşmalar tutur ki, Ə.Kərimov və İ.Qəmbərov cütlüyü həmişə onlardan öz maraqları üçün yararlanmağa çalışıb. Bu dəfə də belə oldu. Yəni "İctimai Palata"nın mitinqi adı altında keçirilən qondarma aksiyada radikal dini quruplaşmaların nümayəndələri onlara dağıdıcılıq etməkdə köməklik göstərdi. Buna əyani sübut kimi Bakı şəhəri Səməd Vurğun küçəsindəki şüşə və pəncərələri sındırılıb viran qoyulan ictimai obyektləri, kompyuter mağazalırını, bank şöbələrini göstərmək kifayət edər.
Əli Kərimov və İsa Qəmbərov yenə əlaltılarını aldatdı
Aprelin 2-də tərəfdarlarını aldadaraq aksiyaya gəlməyən Əli Kərimov, əslində, öz niyyətinə çatmış olub. Çünki o, "İctimai Palata"ya ayrılmış 40 milyon dolları məhz aksiyanın təşkilinə sərf olunduğunu deməklə havadarlarından yenidən imtiyazlar qoparmaq eşqinə düşüb. Əslində, onun üçün aksiya keçirmək ancaq bir prinsipə əsaslanır ki, bu da puldur. Eyni zamanda, aksiyanın başlanğıcında müəyyən görüntü ilə çıxış edənlər də sonralar "Fəvvarələr" meydanı ətrafında görünməz oldular. Bir neçə nəfəri aldadaraq, buraya göndərən Ə.Kərimov əsas adamlarına "siz kənara çəkilin" göstərişi verməklə, növbəti dəfə müəyyən şəxsləri öz niyyətinin qurbanına çevirdi.
"Fəvvarələr" meydanı müxalifətin biabırçılığına növbəti dəfə şahidlik etdi
20 ilə yaxındır ki, cəmiyyətin adından yalan danışan, onu aldatmağa cəhd edən radikal müxalifət özünün növbəti biabırçılığını da yaşadı. Bundan öncə yaşanan biabırçılıqlardan ibrət dərsi götürməyən müxalifətin 2 aprel rüsvayçılığı yəqin ki, heç də asanlıqla yaddan çıxmayacaq. Çünki aprelin 2-də saat 14:00-da "Fəvvarələr" meydanına mitinq keçirəcəyik deyən və öncədən hay-küy salan müxalifət yetkililəri vədə yetişən anda yalanlarından dolayı, yəqin ki, utanc hissi keçirmədilər. Bir müddət öncəyə qədər az qala "İctimai Palata"nı böyük bir "güc" mərkəzi kimi qələmə verən müxalifət yetkililəri, əslində, çürük psixologiyadan qurtulmamağın bəlasını cəmiyyətə göstərmiş oldular. Beləliklə də, yalanlar və fırıldaqlar üzərində "Fəvvarələr" meydanına biz gəlirik" deyən radikal müxalifət öncə tabeçiliyindəki mətbu orqanların nümayəndələrini ora göndərdilər. Sonra isə özləri gələ bilmədilər. Gəlməyə üzləri olmadığı üçün gələ bilmədilər. Ona görə ki, müasir dəblə yenidən Avropa standartlarına uyğun formada qurulmuş "Fəvvarələr" meydanı cəfəng müxalifəti qəbul etmədi.
Yenə də aldadılmış avropalı və ATƏT-li conlar
Bir məntiqi isə başa düşmək olmur ki, günün işıqlı vaxtı çıraqla belə axtarsan tapılmayan Bakıdakı Avropa Şurasının, ATƏT-in yetkililərini radikal müxalifətin cəfəng yalanlarına uyaraq, soyuqdan üşüyə-üşüyə "Fəvvarələr" meydanında kökslərini ötürürdülər. Onların kimə və niyə lazım olduqlarını anlamsaq da, mənzərinin başa düşülən olduğunu, deyəsən, özləri də qəbul etmişdilər. Bəzən öz aralarında Ə.Kərimov və İ.Qəmbərovun gəlişini gözləyən conların zarafatlaşaraq, "bublik" və ya "smit" yeyə-yeyə bir-birlərinə nəsə demələrindən aydın görünürdü ki, onlar növbəti dəfə tələyə düşüblər.
Dükan və mağazaların, bank və ofislərin şüşələrinə qənim kəsilmiş müxalifət
Diqqətçəkən məqamlardan biri də odur ki, öncədən də deyildiyi kimi, 2 aprel aksiyasında 2003-cü ilin 15-16 oktyabır hadisələrəindəki metodlardan istifadə edəcəklərini planlaşdıran dağıdıcı müxalifət ünsürləri çirkin əməllərini bu dəfə də reallaşdırmağa cəhd göstərirlər. "Fəvvarələr" meydanında hay-küy saldıqdan sonra Səməd Vurğun küçəsi ilə Lev Tolstoy küçəsinin kəsişməsində yerləşən obyektlərin, mağazanın vitrinlərini, ofis və bank şöbələrinin şüşələrini daş-qalaq edən radikal müxalifət təmsilçiləri əsil çirkin niyyətlərini məhz bu yolla göstərmiş oldular. Dəfələrlə dağıdıcı müxalifət təmsilçilərinin bu cür addımlarının şahidi olmuş şəhər sakinləri qətiyyətlə bu cür əməlləri pislədiklərini söylədilər. Çünki həftənin istirahət günü radikal müxalifətin insanların istirahət hüququnu kobudcasına pozması geniş ictimaiyyətin haqlı narazalığına səbəb olub.