Azərbaycanda radikalizmə yer yoxdur
Milli müstəqilliyimiz bərpa olunduqdan sonra dövlətimizin bütün sahələr üzrə inkişaf strategiyası müəyyənləşdirildi. Məhz xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevin dərin zəkası uzaqgörən fenomenliyi sayəsində Azərbaycan xalqı 1990-cı illərin əvvələrində düşmüş olduğu ağır və böhranlı durumlardan xilas edildi. Ölkədə yaşanan milli ayrı-seçkiliyə, qarşılıqlı ədavət prinsipinə, feodal yanaşma münasibətlərinə, xalqın parçalanaraq müxtəlif qollara ayrılmasına son qoyuldu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində Azərbaycan dövləti yox olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Ölkədə normal ictimai-siyasi sabitlik təmin edildi, insanların sərbəst və dinc şəraitdə yaşaması mümkün oldu. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində də, müəyyənləşmiş olan milli inkişaf strategiyası daha geniş aspektdə özünü əhatə etməkdədir. Ənənəvi formada kənar qüvvələrin təsirləri altında olan daxili qüvvələr ölkəmizdəki mövcud stabilliyi pozmaq üçün müəyyən addımlar atmağa başladılar. Radikal müxalifətin fəaliyyətə keçməsini əsas hədəf kimi görənlər onlara müəyyən şirnikləşdirici vədlər də vermiş oldular. Məhz bunun da nəticəsi olaraq müxalifət qüvvələri adı altında müəyyən dağıdıcı, radikal qruplaşmalar, başıpozuq kütlələr hərəkətə keçmək üçün bir sıra oyunlara əl atdılar. Sonuncu dəfə aprel ayının 2-də öz çirkin niyyətlərini yenidən Azərbaycan cəmiyyətinə göstərən radikal müxalifət ünsürləri özlərinə qarşı ictimai hiddətin bütün səviyyələrdə layiq olduqları qiyməti almış oldular. Maraqlısı isə odur ki, bundan öncə də, radikal müxalifət martın 11 və 12-də gənclər hərəkatı adı altında aksiya keçirməyə cəhdlər etmiş və nəticədə bir-birinin ardınca biabırçılıqlar yaşamışdılar. Bu qondarma aksiyaların ardınca apralin 2-də "möhtəşəm" "böyük" mitinq təşkil edəcəyik deyənlər nə dərəcədə yanlışlığa yol verdiklərini növbəti dəfə, yəqin ki, görmüş oldular.
"İctimai Palata" adı altında müəyyən kənar qruplaşmalardan pul qoparıb və onu müəyyən ünvanlar üçün sərf etmək adı altında başlanan oyunların pərdəarxası sonda geniş ictimai auditoriyaya bəlli oldu. Çünki bu oyunların arxasında nə kimi maraqların dayandığını hər kəs çox gözəl görərək, əslində, hədəfin nə olduğu bilindi. Bu dəfə də, dağıdıcı müxalifət özünün daxili ikrah hissini büruzə verərək, riyakarlığa əl atdı.
"Fəvvarələr" meydanında mitinq keçirmək niyyətini bildirən, ancaq Səməd Vurğun küçəsindəki mağazaların, kompyuter dükanlarının, bank filiallarının şüşələrini sındırıb, pəncərələrini qıran radikal müxalifətin dağıdıcılığının bütün çalarları özünü göstərdi. 2003-cü ilin 15-16 oktyabr hadisələrini təkrar etmək niyyətinə düşən radikal müxalifətin ancaq konyunuktur maraqlar naminə istənilən dağıdıcı əmələ əl atmasının gözlənilən olduğu müşahidə edildi. Bütün bunların nəticəsində isə Azərbaycan cəmiyyəti müasir dövrün tələb və prinsiplərinə uyğun gəlməyən, hələ də, cəngəllik təfəkkürü ilə yaşayan radikal müxalifətin çirkin simasını gördü.