Məlum olduğu kimi, bir qrup radikal müxalifətçinin aprelin 2-də Bakının mərkəzində keçirilməyə cəhd etdiyi aksiyası rüsvayçı şəkildə başa çatıb. Xalq tərəfindən dəstəklənməyən radikal qüvvələr lokal qruplar şəklində küçələrə cəmi 150-200 nəfər çıxara bildi və bununla da özlərinin tam iflasa uğradığını nümayiş etdirdilər.
Radikal müxalifətin korporativ maraqları və milli maraqlarımız
Son aksiya radikal müxalifətin son dərəcə zəif olduğunu, sosial bazaya malik olmadığını açıq göstərdi. Sıravi vətəndaşlar Qərbdən verilən komanda əsasında iğtişaş yaratmağa cəhd edən qüvvələri boykot etdi.
Vətəndaşlar radikalların sabitliyi pozmaq və iğtişaşlar təşkil etmək cəhdlərini qəti şəkildə pisləyir və hüquq-mühafizə orqanlarının onlara qarşı sərt tədbirlər görməsinin zəruriliyini bildirdilər.
İcazəsiz aksiya göstərdi ki, radikal müxalifət başçılarının küçələrə minlərlə gənc, etirazçı insan çıxaracağı haqqında iddiaları, sadəcə, fiksiya, ictimai rəyi aldatmağa hesablanmış yalandır.
Radikal müxalifət başçılarının mənliyi, qüruru olsa, bir də mitinq adı çəkməz, belə biabırçı iflasdan sonra onlar gərək bir daha ictimaiyyət qarşısına, mətbuat səhifələrinə çıxmasınlar.
Azərbaycanı geridə qalmış zəif ərəb ölkələri ilə səhv salanların menyusuna
Yaxın Şərqdə, ərəb dünyasında baş verənlər prosesləri doğuran ilkin şərtlər, sosial-iqtisadi, siyasi amillər Azərbaycanda mövcud deyil. Tunisdən başlayaraq Misirə, Liviyaya, Yəmənə və digər ərəb dövlətlərinə kimi uzanan böyük bir coğrafi məkanda hakimiyyətdə olanların, demək olar ki, hamısı 30 ildən artıq müddətdə ölkələrinə rəhbərlik ediblər. Bu ölkələrin rəhbərləri xalqı düşündürən və islahatları zəruri edən tədbirləri həyata keçirilməyib.
Beləliklə, bir sıra ərəb ölkələrində əhalinin yaşayış səviyyəsi aşağı düşüb, demokratik proseslər getməyib. Bununla da xalqın bu və ya digər hüquqları müəyyən dərəcədə pozulub. Ərəb ölkələrində özünü göstərən bu mənfi cəhətlərin heç biri Azərbaycanda yoxdur.
Bir-iki geridə qalmış ərəb ölkəsindəki çevrilişlərdən nümunə götürməyin yeri yoxdur. Çünki Azərbaycanla həmin ölkələr bir-birinə tam əksdirlər. Orta Şərq və Şimali Afrika ölkələrində baş verən prosesləri Azərbaycanla bağlamaq niyyətləri tam əsassızdır.
Ərəb ölkələrində baş verən hadisələrin özünəməxsus səbəbləri var. Həmin ölkələrin liderləri xalqın onlara göstərdiyi etimadı doğrulda bilmədilər. Həmin ölkələrdən fərqli olaraq, Azərbaycan Prezidenti xalqın etimadını doğruldur, ölkənin inkişafı, xalqın yüksək rifah əldə etməsi üçün əlindən gələni edir. Belə olan halda, ərəb ölkələri ilə Azərbaycanın hansı oxşarlığından danışmaq olar?
İcazəli yeri qoyub icazəsiz yerdə aksiya keçirməkdə məqsəd nədir?
Təbii ki, hər hansı bir problemlə bağlı vətəndaşların etiraz aksiyası keçirmək, öz tələblərini irəli sürmək hüququ var. Bu, Konstitusiyamızda da təsbit edilib. Amma bütün bunlar qanunlar çərçivəsində baş verməlidir. Mitinq, aksiya keçirmək hüququnu onların əlindən heç kim almır. Bu cür tədbirlər üçün müəyyənləşdirilən yerlər var. Mitinq üçün ayrılan yerlərə radikal müxalifət təşrif buyurmur, şəhərin işgüzar mərkəzində yer istəyirlər.
Məsələn, Bakının giriş qapısı sayılan Bibiheybətdə aksiya üçün ayrılan yerdən imtina edən radikallar yaxşı bilirlər ki, bu meydanı doldura bilməyəcəklər. Bəhanə edirlər ki, guya ora şəhərin mərkəzindən uzaqdır, gediş-gəliş çətindir, filan.
Fakt isə odur ki, YAP o məkanda böyük mitinqlər keçirib. Həmin əraziyə şəhərin müxtəlif yerlərindən 10-dan artıq marşrut işləyir. Deməli, problem yerdə deyil, başqa şeydədir.
Təkcə bu fakt nəinki xalqın hətta radikal müxalifətin özünün belə öz gücünə arxayın olmadığını sübut edir. Axı sənin güclü elektoratın varsa, xalq hakimiyyətdən narazıdırsa, o zaman istənilən yerdə aksiya keçirə bilərsən. Hanı sizin partiyanızın minlərlə üzvü, hansı ki, üzvlərin sayında 4-5 rəqəmli göstərici qoyursunuz, amma mitinqə 2 rəqəmli sayda insan çıxmır?
Sizin dərdiniz isə başqadır, birinci şəhərin mərkəzində onsuz da gün boyu çoxlu adam olur. İstəyirsiniz ki, 10-15 nəfər tələbəni ortaya çıxarıb konsert verdirəsiniz, küçədən keçənlər də maraq üçün ayaq saxlayıb tamaşa etsinlər, sonra da siz bu prosesi lentə alıb xarici ağalarınıza mitinqə xeyli kütlə cəlb etdiyinizi göstərəsiniz. Ay, ay, ay! Necə də ağıllısınız cənab radikallar!
Uzun müddət hazırlıq görüb, sosial şəbəkələrdə və universitetlərdə bəzi tələbələri qızışdırıb çıxarmaq istədiyiniz aksiya keçən dəfəkindən də zəif oldu. 9 milyonluq ölkəyə rəhbərlik etmək iddiasında olan şəxslərin özlərinin mitinq adlandırdığı tədbirdə təqribən 100-200 nəfərin çıxarılması çox utandırıcı bir rəqəmdir. Bu, sosial bazası olmayan, ölkənin bugünkü və sabahkı inkişafına dair hər hansı bir konkret proqramı olmayan, əsasən də, otaqdan heç vaxt cəmiyyət arasına çıxmayanların cəmiyyət adından danışması gülüncdür.
Amma bunlarda utanan üz yoxdur. Təki aksiya olsun, həm bekarçılıqdan darıxırlar, həm də və ən əsası xarici ağalardan bir az qrant qoparmaq istəyirlər.
Azərbaycan xalqının radikal müxalifəti qəbul etməməsi son 17 ildəki bütün seçkilərdə və referendumlarda açıq şəkildə oraya qoyulub. Əgər bacarırlarsa, onda demokratik yolla, seçki ilə hakimiyyətə gəlsinlər.
Radikal müxalifətin ölkədə heç bir sosial bazası, elektoratı yoxdur
Maraqlı orasıdır ki, nədənsə Qərb dairələri və İran təşkilatları Azərbaycanda yalnız radikal qurumlara yardım edirlər. Bu, ölkədə çox sayda fərqli siyasi xətti olan partiya və təşkilatlar var. Lakin ağalar köhnə qullarından bərk yapışıblar. Çünki belə artistlər bir də ələ düşməz.
Aprelin 2-də mitinq cəhdlərinin nəticəsi göstərdi ki, Azərbaycanda radikalizmə yer yoxdur. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir və onun ətrafında sıx birləşib.
Ona görə də, bəzi anti-Azərbaycan dairələrinin və onların yerli əlaltısı olan radikal müxalifətin sabitliyi pozmaq və Azərbaycanı inkişaf yolundan döndərmək cəhdləri bir daha iflasa uğradı.
Qondarma "İctimai Palata" adlı qurumun aprelin 2-də keçirməyə cəhd göstərdiyi aksiya bir daha göstərdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Bu xalq öz taleyini belə adamlara etibar etmək fikrində deyil və görünən odur ki, heç vaxt da olmayacaq.