PDF Oxu

Müxalifət

  • 17

“Jurnalist" təxribatları...

“Jurnalist" təxribatları...

"İctimai Palata"nın aprelin 2-nə keçirdiyi "kütləvi aksiya" şousu, nəinki fiaskoya, eləcə də, konkret rüsvayçılığa uğradı. Bu minvalla nə isə əldə edəcəklərini düşünən "palata" oyunbazları daha öncələr nəyəsə nail olacaqlarını öz təbliğat "maşınlarında", yəni kütləvi informasiya vasitələrində bildirsələr də, nəticə onların sıfır həddindən aşağı durumda olduqlarını göstərdi. Qısası, onların başdansovdu mitinqləri sərgilədi ki, radikal müxalifət "liderlərinin" küçə və tinlərə minlərlə "gənc etirazçı" çıxaracaqları barədə pafoslu iddiaları ictimai rəyi aldatmağa hesablanmış fiksiyadır, yalandır.
Təxribatdan doğan təxribatçıların küçə həyasızlıqları

"Fəvvarələr" meydanında "liderlərdən" əsər-əlamət olmadığı halda, orada radikal müxalifətə məxsus jurnalistlərin - "Yeni Müsavat", "Azadlıq" qəzetlərinin, "Azadlıq" radiosu və "RATİ" əməkdaşlarının var-gəl etdikləri görünürdü. Dağıdıcılıq əməllərini gizlətmək üçün, əyinlərinə jurnalist "jiletkaları" keçirib, əhali arasında qeyri-qanuni mitinq təbliğatı aparan radikal müxalifət jurnalistləri vətəndaşlara qıcıqlandırıcı suallar verməkdən belə çəkinmirdilər. Məsələn, "Azadlıq" radiosunun reportyoru bir yaşlı nəslin nümayəndəsinə yaxınlaşaraq, onun buraya nəyə görə gəldiyini soruşdu. Yaşlı insan isə sadəcə gəzib-dincəldiyini bildirdi. Lakin "Azadlığ"ın reportyoru mövzunu dəyişdirərək, saat 14-00-da mitinq olacağını bildirdi. Eyni zamanda, öz müsahibinə sual etdi ki, onun iqtidardan hər hansı bir siyasi tələbi varmı? Daha sonra Eynulla Fətullayev barədə də sual ünvanlayan təxribatçı jurnalist vəziyyətin gərginləşdiyini görüb aradan çıxdı. Digər müxalifət müxbirləri isə hüquq-mühafizə orqanlarının qarşısında elə oyunbazlıqlar göstərirdilər ki, təki qarmaqarışıqlıq düşsün və onlardan (jurnalistlərdən) birinin ayağı sürüşüb, yerə yıxılsın, sonra da əllərinə "qəşəng" girəvə materialı düşsün ki, guya "hüquq-mühafizə orqanlarının əməkdaşları söz azadlığını pozublar"(?!) Hər halda, onlara qaçmağı öyrədən də, yəqin ki, öz "liderləri" olub. Çünki "liderlərin" qaçışları hələ də xalqın yaddaşından silinməyib.
Yaxud başqa bir "jurnalist" təxribatı barədə. Fəvvarələr meydanında heç nə əldə edə bilməyən radikal müxalifət jurnalistləri vəziyyəti daha da gərginləşdirmək üçün qanun pozuculuğuna görə həbs olunan "əqidədaşlarına" yardım etmək amacıyla, polisin qarşısına keçir, avtomobillərin qarşısını "şəkil çəkmək" adıyla kəsir, nəticədə onları qanuna riayət etməyə dəvət edən hüquq-mühafizə əməkdaşlarının üzərlərinə, sözün əsil mənasında, qudurğancasına çığırıb-bağırırdılar. Maraqlıdır, onlara bu göstərişləri kim verə bilərdi? Əlbəttə ki, onların müxtəlif radikal partiyaların kollegial orqanlarında təmsil olunan baş redaktorları və muzdla işlədikləri "liderləri". Təxribatlar isə alınmadı. Çünki bu təxribatların törədilməsinə, ilk növbədə, sadə vətəndaşlar etiraz etdi. Olanlar isə yenə onların özlərinə də oldu. Yəqin ki, müxalifət "yazarları" bundan sonralarını düşünsələr, daha yaxşı olar. Məsələn, əsil həqiqətləri olduğu kimi qələmə almağı...

P.S. Bu gün qətiyyətlə deyə bilərik ki, istər "İctimai Palata"nın, istərsə də digər müxalifət qurumların timsalında "hərəkət edən" bu ünsürlərin səviyyəsi, simasızlığı, əslində, radikalların sifətidir.

Digər xəbərlər