Bugünəqədərki fəaliyyətini ancaq xəyanət və düşmənlə əlbir olmaq prinsipi üzərində quran AXCP (i) sədri yenidən anti-Azərbaycan mövqeli qüvvələrlə işbirliyinə girərək, ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışır. Daima intriqalara, ziddiyyətli münasibətlərə öyrənmiş, insani keyfiyyətlərini belə itirmiş Əli Kərimov son günlər ölkə gənclərinin adından yalan və iftira dolu bəyanatlar yayaraq onların haqlı narazalığına səbəb olub.
Gənclər xəyanətkar əməllərə yox deyir!
Dünən AXCP (i) sədri Əli Kərimovun Süleyman Rəhimov 138 ünvanında yaşadığı evi qarşısında növbəti etiraz aksiyası keçirən gənclərin aktiv nümayəndələri vətənə və xalqa xəyanət edənlərin onların adından danışmasına, milli mənafelərimizin tapdaq altına atılmasına qarşı öz etiraz səslərini qaldırdılar. Daha çox milli ruhda yetişmiş gənclərdən ibarət olan aksiya iştirakçıları AXCP (i) sədri Əli Kərimovun separat hərəkətlərinə son qoymasını, onun ermənilərlə, radikal dini qruplaşmalarla əməkdaşlığına, xalqımıza və dövlətçiliyimizə xəyanət prinsipi üzərində formalaşmış fəaliyyət istiqamətlərindən əl çəkməsini tələb etdilər. Kütləviliyi ilə seçilən etiraz aksiyasında paytaxtın müxtəlif rayonlarından olan gənclər ilk olaraq AXCP (i) sədrinin evi qarşısına yürüş təşkil edərək, onun iç üzünü açan bəyanatlar, şüarlar səsləndirdilər. Gənclərin aksiyasında, həmçinin, Ə.Kərimovun kimliyini özündə ehtiva edən müxtəlif şüarlar yazılan plakatlar qaldırıb, onun satqınçılıq üzərində qurulmuş dırnaqarası siyasətini, antidövlətçilik xislətini pisləyən, bu addımları xəyanət kimi qiymətləndirən fikirlər də bildirilib.
AXCP (i) sədri tərəfdarlarını yumurta ilə "silah"landırıb
Qeyd edək ki, gənclərin aksiyasına mane olmaq, onlara qarşı aqressiv münasibət bildirmək üçün Əli Kərimov yaşadığı evdən öz tərəfdarları vasitəsilə gəncələri yumurta atəşinə məruz qoyub. Həmçinin, həmin evdə Ə.Kərimovun tabeçiliyində olan "Azadlıq" qəzetinin əməkdaşlarının aksiyaçıların şəkillərini çəkdiyini müşahidə etmək mümkün idi. Bu da , ondan xəbər verirdi ki, Ə.Kərimov əvvəlcədən öz tərəfdarlarını müəyyən təxribatlar törətməyə və aqressiv münasibət bildirməyə hazırlayıbmış.
Ə.Kərimovun birmənalı şəkildə ifşasını özündə cəmləşdirən gənclərin aksiyası və onların əllərində tutmuş olduqları plakatlar AXCP (i) sədrinin bütün əməllərini, onun malik olduğu iyrənc keyfiyyətləri özündə ehtiva edirdi.
Gənclərin əllərində tutmuş olduğu plakatlarda "Azərbaycan gəncləri Əli Kərimov kimi təxribatçılara "yox" deyir!", "Vətən xaini Əli Kərimova ar olsun!", "Milli maraqlarımızı satan Əli Kərimova ar olsun!", "Ermənilərə işləyən xainə ar olsun!", "Azərbaycan gəncliyi belə müxalifəti istəmir!", "Azərbaycanın inkişafını istəməyənlərə yox deyirik!", kimi şüarlar öz əksini tapmışdı. Aksiya iştirakçıları Ə.Kərimovun yaşadığı binanın balkonu qarşısında şüarlar və bəyanatlar səsləndirdikdən sonra meqafonla çıxış edərək, ölkədə siyasi sabitliyi pozmağa cəhd göstərən radikal müxalifət "liderləri"nin, ələlxüsus, Ə.Kərimovun ünvanına kəskin xarakterli etiraz nitqlərini çatdırdılar.
Aksiyada iştirak edən gənclərin bir neçəsi ilə həmöshbət olarkən, onların aqressiv müxalifət liderlərinə olan birmənalı mövqeyinin şahidi olduq.
Paytaxt sakini, aksiya iştirakçısı Şəhriyar Mövsümov gənclərin heç vaxt Əli Kərimov kimi xəyanətkarların iyrənc əməlləri ilə barışmadığını bildirdi. Qeyd etdi ki, milli maraqlara zərbə vuran, ancaq vətənə xəyanət prinsipi ilə yaşayan müxalifətin bizlərə gərək deyil.
Vüsalə Niftəliyeva da, gəncləri bu cür addımları atmağa vadar edən xəyanətkar Ə.Kərimovun çirkin işlərini dərhal dayandırmasını tələb etdi. Bildirdi ki, ölkədəki sabitliyi pozmaq üçün onun kimi millət düşmənləri ermənilərlə belə işbirliyinə gedirlər.
Aksiya iştirakçısı Pərviz Eyvazov da gəncləri hiddətləndirən, onların adandan danışan Ə.Kərimovun şəxsi "kim"liyinin belə sual altında olduğunu bildirdi.
Namiq Muradov Ə.Kərimovun son zamanlar gündəmə gəlmək üçün ortalığa atmış olduğu uydurma oyunların gənclər tərəfindən pislənildiyini diqqətə çatdırdı.
Gənclərin nümayəndəsi Elvin Səlimov da, AXCP (i) və Müsavat partiyalarının cəmiyyəti növbəti dəfə ağır durumlara sürükləmək, ölkədəki normal münasibətləri pozmağa cəhdlər etmək kimi iyrənc əməllərə əl atdıqlarını söylədi.
Emin Ağayev bir gənc olaraq onun uşaqlıq dövründə AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti dövründə Azərbaycan xalqının və dövlətinin nə cür ağır bəlalara düçar edildiyinə diqqət çəkdi.
Aksiya iştirakçısı Cəmiyə Ağayeva da Ə.Kərimov kimi müxalifətçilərin Azərbaycan cəmiyyətinə lazımsız olduğunu bildirdi. Qeyd etdi ki, AXC-çilər, müsavatçılar və müxalifət adı altında müəyyən oyunlara girən digər partiyalar Azərbaycan xalqının xoş güzəranını, cəmiyyətimizdə olan sabitliyi heç vaxt qəbul etmək istəmirlər.
Aksiya iştirakçıları daha sonra Füzuli küçəsindən başlayıb, Heydər Əliyev adına Saraya tərəf yürüş edərək, "Yeni Azərbaycan Partiyası və İlham Əliyevə eşq olsun!", "Yaşasın müstəqil, demokratik Azərbaycan!", "Azərbaycanın inkişafı yalnız YAP və İlham Əliyevlə mümkündür!" şüarları səsləndiriblər. Sonda bir daha bildirilib ki, Azərbaycan gəncliyinin yeganə yolu Prezident İlham Əliyev yoludur. Azərbaycan gəncliyinin heç zaman bu yoldan dönməyəcəyini deyən aksiya iştirakçıları vurğulayıblar ki, onlar seçimini artıq ediblər.