PDF Oxu

Müxalifət

  • 17

Müsavatda həmsədrlik institutu formalaşacaq?

Müsavatda həmsədrlik institutu formalaşacaq?
Radikal düşərgədə cərəyan edən hadisələr virus kimi bir partiyadan digər partiyaya keçməklə oradakı vəziyyəti daha da gərginləşdirirməkdədir. İstər AXCP (i)-də, istər ADP-də, istər "Ümid" partiyasında, istərsə də, AMİP və "VİP"-də sədr-müavin çəkişmələri ən pik nöqtəsinə yüksəlmişdir. Bu ərəfədə, Müsavat partiyasında baş verənlər daha dinamik şəkildə inkişaf edir və bu siyasi təşkilatın parçalanmasına yetərincə şərait yaradır. Xatırladaq ki, bir müddət öncə, partiyanın icra aparatının rəhbəri Arif Hacıyev geninə-boluna bəyanatlar verərək, söyləyirdi ki, guya onun başqanlıq postunda heç bir gözü və ya marağı yoxdur. Hətta o, Müsavata yaxınlığı ilə seçilən "Yeni Müsavat" və digər mətbuat orqanlarına açıqlamalar verərkən, "əminliklə" ifadə edirdi ki, başqanlıq postuna heç bir iddiası-filanı yoxdur. Bu vasitə ilə A.Hacıyev guya başqan İsa Qəmbərova öz "sədaqətini" nümayiş etdirirdi. Lakin ortada digər məqamlar da mövcud idi ki, bu məqamlardan biri də pərdə arxasında qurduğu planların vaxtından tez aşılanması idi. Ancaq sonrakı situasiyalar, onun yaxın ətrafının qəflətən İ.Qəmbərov qruplaşmasına satılması hər şeyi alt-üst etdi.
Məhz bundan sonra məlum oldu ki, A.Hacıyev artıq Müsavatın qurultayında yeni nizamnaməsini açıqlamaq niyyətində imiş. Yeni nizamnamədə isə müəyyən müddət və vaxt senzləri nəzərdə tutulmuş, eyni zamanda, A.Hacıyevin sözügedən posta sahib çıxması üçün heç bir əngəl qalmayıbdır. Daha dəqiq desək, hər şey ölçülüb-biçilibdir. Lakin A.Hacıyev saydığını saysın, görək başılovlu başqan nə sayır?
Məsələnin başqa tərəfinə nəzər salsaq, görərik ki, partiyanın may ayında keçirilməsi nəzərdə tutulan qurultayında başqanlıq postundan elə-belə getməyəcəyini qətiləşdirən İ.Qəmbərov özündən yeni hoqqa çıxararaq, yaxın ətrafı ilə həmsədrlik institutu formalaşdırmağı düşünür. Bu institutda öz köhnə "dostlarını" görmək istəyən Qəmbərov Müsavat partiyasında təmsil olunacaq həmsədr kimi Nəsib Nəsiblinin və Arzu Səmədbəylinin adlarını əlavə edib. Artıq adları çəkilən funksionerlərlə gizli danışıqlar baş tutub və məlum olub ki, İ.Qəmbərovun başqanlıq kreslosuna şərik çıxan həmsədr N.Nəsibli olacaq. Bununla da A.Hacıyevin Müsavatdakı "kitabı bağlanacaq". Onu da qeyd etmək mümkündür ki, A.Hacıyevə qarşı qabaqlayıcı tədbirlərin görülməsi siyasi təşkilatın parçalanmasına doğru atılan növbəti addım kimi də dəyərləndirilir. Belə ki, bir vaxtlar başqana "sadiq" olanların kütləvi istefaları və bu istefalara A.Hacıyevin də qoşulacağı ehtimalı artdıqca, məsələnin hansı həddə yüksələcəyini indidən proqnozlaşdırmaq mümkündür. Hər halda Müsavat partiyasında baş verəcək partlayışdan əsər-əlamətin qalması heç də inandırıcı görünmür. Ən yaxşı vəziyyətdə, adıçəkilən siyasi təşkilat bir neçə dənə müsavatcıqlara parçalanacaq və bu, artıq yetişmiş faktor kimi öz isbatını A.Hacıyev-İ.Qəmbərov qarşıdurmasında tapacaq.

Digər xəbərlər