PDF Oxu

Müxalifət

  • 15

Radikal müxalifət universal formula axtarışında

Radikal müxalifət universal formula axtarışında

Uzun müddətdir ki, radikal düşərgədə mövcud olan süstlük məhz xarici donor təşkilatların onlara maliyyə vəsaiti ayırması ilə pozulmuş oldu. Çünki son parlament seçkilərinə də xarici qüvvələrin diqtəsi ilə qatılan radikal müxalifət partiyaları nəticədə cəmiyyətin hiddəti ilə qarşılaşmalı oldular. Seçkiyə qatılmaq üçün heç bir güc və imkanlara malik olmayan radikal müxalifət təşkilatları öz çatışmazlıqlarını ört-basdır etmək məqsədilə hələ o dövr müəyyən şoular yaratmışdılar. Seçkidə isə birmənalı şəkildə cəmiyyətin hiddəti ilə üz-üzə qalan müxalifət ünsürləri siyasi arenada qalıb-qalmamaq üçün yol ayırıcında qalmışdılar. Eyni zamanda, düşərgədə mövcud olan siyasi təşkilatların və birliklərin fəaliyyətini dayandırması buna əyani sübut idi. "Azadlıq" siyasi blokunun fəaliyyətini dayandırması, uzun müddət siyasi fəaliyyət adı altında saç ağartmışların misal olaraq ALP lideri Lalə Hacıyevanın prosesdən birdəfəlik uzaqlaşması, AXCP (i)-nin yükünü başqasının boynundan asmaq istəyən Əli Kərimovun jestləri düşərgə üçün bu ilin son tarix olacağı zəminini yaratmışdı. Doğrudur, sadalananların böyük əksəriyyəti baş versə də, digər olayların qarşısı məhz xarici donor təşkilatların məsələyə müdaxilə ilə, hələlik, təxirə salındı.

Cəngəllik təfəkkürlü müxalifət "lider"ləri kimə örnək ola bilər?

Çoxsaylı faktlar radikal müxalifət başçılarının ideya və novatorluq cəhətdən son dərəcə məhdud olduqlarını, onların təfəkkürünün yalnız müxtəlif ölkələrdə baş vermiş hadisələri primitiv şəkildə təkrarlamağa yaradığını sübut edir. Eyni zamanda, 20 illik yarıtmaz siyasi fəaliyyət, cəmiyyətin aldadılması üçün qurulmuş müəyyən tələlər, öz daxilində belə nizama salınması mümkün olmayacaq dərəcədə mövcud olan problemlər radikal müxalifətin bütövlükdə cəmiyyətin dəstəyindən məşhur olmasını təmin etmiş olub. Digər bir prinsip isə xəyanət və ikiüzlülük, "öz böyüyünə hörmət qoymayandan mən nə götürə bilərəm" prinsipi müxalifətin sona doğru yaxınlaşması istiqamətində mühüm töhfələrdən olub. Sadəcə olaraq, hər bir prinsip və ehtimal olunan cəhətlərdən əli üzülən müxalifət sonda kənarda özü üçün qoruyucu mələk obrazında dayaq tapmalı olur. Bu da, təbii ki, birmənalı formada xalqın və dövlətin fundamental haqlarının tapdalanmasından, iç sirlərimizin kənara çıxmasından, ölkədə siyasi etimadsızlıq mühitinin yaradılmasından keçir. Çünki 20 illik siyasi fəaliyyət müddətində normal davranış münasibətləri belə sərgiləməyi bacarmayan radikal müxalifət hələ də cəngəllik təfəkküründən qurtula bilmir. Bu cür qəbul olunması qeyri-mümkün olan cəhətləri özündə cəmləşdirən radikal müxalifət sonda müasir gənclərə örnək olmaq iddiasına düşür. Necə ola bilər ki, müasir düşüncə tərzinə malik elmi təfəkkürlü, intellekt səviyyəli Azərbaycan gəncliyi çürük ancaq cəngəllik psixologiyasına malik olan müxalifətin dedikləri ilə oturub-dursun? Reallıqda bunun nə dərəcədə mümkün ola bilməyəcəyini hər kəs çox gözəl bilir. Sadəcə olaraq, xarici donorlardan alınan vəsaitlər və boyun olunmuş işlər müxalifəti belə bir tendensiyalardan çıxış etməyə sövq edir.

Öz ixtiyarı öz əlində olmayan müxalifətin yeni fikir mənbəyi ya xaricdə, ya da ki, Bakıdakı səfirliklərdədir

Tamamilə öz ixtiyarını xarici donor təşkilatların öhdəsinə vermiş radikal müxalifət üçün sonun başlanğıcının olduqca biabırçılıqlar içində keçəcəyini dəfələrlə vurğulamışdıq. Çünki sosial bazası olmayan və var olduqları müddətdə heç bir halda cəmiyyətin normal münasibətini belə qazanmağı bacarmayan radikal müxalifət üçün yeni ideyalar və fikirlər məhz asılı olduqları dairələrdən gəlir. Təbii ki, bu il Müsavat başqanının sonuncu başqanlıq müddəti başa çatırdı və o, bu kürsüdən uzaqlaşmalı idi. Əli Kərimov isə öz lideri Əbülfəz Elçibəyə xəyanət edərək, onun miras qoyduğu AXC-ni parçalayaraq bir neçə qola ayırdığı qolundan, yəni AXCP (i)-dən də imtina etmək niyyətində idi. Hətta Müsavatın qondarma qurultayında da söz alıb partiyasını İ.Qəmbərova həvalə etməyə hazır olduğunu bildirmişdi. Sadəcə olaraq, bu proseslərin reallaşdığı bir dönəmdə İ.Qəmbərov müəmmalı şəkildə öz havadarları tərəfindən Almaniyaya çağırıldı və ona yeni göstərişlər verildi. Eyni zamanda, oradan Ə.Kərimova çatacaq zərflə də dönən İ.Qəmbərov Müsavat başqanlığından getməyəcəyi barəsində açıqlama verdi ki, bu da onun partiyasında haqlı narazılıqlara, istefa axınlarına səbəb oldu. Elə bunun ardınca da, Ə.Kərimov heç də, partiyasından imtina etmək niyyətində olmadığını bildirdi ki, bu da İ.Qəmbərovun ona gətirmiş olduğu zərfdə nələrin yer almasını açıq şəkildə göstərdi. Bundan sonra davamlı şəkildə xarici havadarlarından, xüsusi olaraq da, Aram Manukunyandan məktublar alan Ə.Kərimov, İ.Qəmbərov cütlüyü nə dərəcədə "demokrat" olduqlarına da aydınlıq gətirdilər. Beləliklə, ya xaricdən, ya da xarici ölkələrin ölkəmizdəki səfirliklərindən yeni göstəriş və təlimatlar alan radikal müxalifət tamamilə yanlış yolun başlanğıcından növbəti səhv addımlara əl atır.

Digər xəbərlər