PDF Oxu

Müxalifət

  • 18

“Mister Fiks"in yeni planları

“Mister Fiks"in yeni planları
Dünənki sayımızda xəbər vermişdik ki, martın 30-da Azərbaycan Demokrat Partiyasının qərargahında AXCP (i) sədri Əli Kərimovun radikal dini qrupların nümayəndələri ilə görüşü keçirilməliydi. Tədbirin Ə.Kərimova yaxınlığı ilə seçilən və İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilirdi.
Məlumatda o da deyilirdi ki, tədbirdə "Azərbaycan İslam Partiyası"nın Azərbaycanda son zamanlar fəallaşan İranmeyilli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri iştirak edəcəklər.
Görüşdə aprelin 2-də keçirilməsi nəzərdə tutulan etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP (i) ilə birgə koordinasiya olunmuş fəaliyyəti məsələləri müzakirə olunacaqdır.
AXCP (i)-dən məlumatlı mənbənin verdiyi məlumata görə, həmin tədbirin ADP qərargahında keçirilməsi nəzərdə tutulsa da, günün sonunda demokratlar belə bir tədbirin onların ofisində keçirilməsinə etiraz ediblər. Verilən məlumata görə, dünən həmin tədbir konspirativ şəkildə Ə.Kərimova yaxınlığı ilə seçilən "Yurd"çunun şəxsin mənzilində baş tutub. Görüşdə radikal dini qurumların 2 aprel mitinqində iştirakına dair razılıq əldə edilib.
Bəli, bununla xoruzun quyruğu artıq görünür. İndiyə qədər şəxsən mənə elə gəlirdi ki, bizim radikal müxalifət yalnız Qərbdəki ağalardan alınan tapşırıqla və maliyyə ilə hərəkət edir. Sən demə, belə deyilmiş! Bunlar ikili oyun oynayırlarmış!
Özü də maraqlı orasıdır ki, xidmət etdikləri qüvvələr bir-bir ilə düşməndir. ABŞ-ın İranla əməkdaşlıq edənlərdən xoşu gəlmir, İranın isə ABŞ-la. Bunlar necə edirlərsə, hər iki tərəfi razı salırlar. Bərəkallah! Kim nə deyirsə desin, bizim radikal müxalifət o qədər də "tupoy" deyil.
Görmürsünüzmü, 2 düşmən tərəfə eyni vaxtda xidmət edir, amma yaxalanmırlar. Bu, bir möcüzədir, vallah. Əli Kərimovda və İsa Qəmbərovda belə kəllə olması inandırıcı deyil. Belə çıxır ki, bunların müəllimləri güclüdür.
Əslində, bu iki düşmən qüvvə ancaq bir məsələdə- Azərbaycanı qarışdırıb iğtişaşlar törətmək, ölkəni zəiflətmək məsələsində bir araya gəlirlər. Bu məqamı bizim radikallar yaxşı tutub və gen-bol yararlanırlar.
Əslində, düz də edirlər. Erməni lobbisindən yararlanmaq cəncəl işdir, gec-tez üzə çıxır, xalq üzlərinə tüpürür, həm də onlarla konspirativ bağlantılar baha başa gəlir. Amma bu Qərb dairələri, ETTELAAT-la əməkdaşlığa başqa don geydirməyə nə var? Bunların minlərlə adda təşkilatları var, düzdür, hamısının bir məqsədi var, amma nə olsun ki, üzdə mələkdirlər. Bərkə düşəndə, deyəcəksən ki, bəs biz demokratik inkişafla bağlı, ya da soydaşlarımızın problemləri ilə bağlı görüşlər keçiririk.
Azərbaycanda uzun illər böyük pullar xərcləyib, böyük layihələr həyata keçirən Qərb dairələri, ya da böyük molla şəbəkəsi yaradıb, yüzlərlə qəzet-jurnal, sayt saxlayan İran sonda uğursuzluğa uğradı. Amma bizimkilər onlara arxalarında böyük xalq kütlələrinin dayandığını, cəmiyyətə böyük təsir imkanlarının olduğunu demişdilər.
Köhnə ingilis taktikası- "parçala, hökm et" siyasəti Azərbaycanda işə yaramadı. Bu planı həyata keçirmək üçün bir Tanrı bilir, nə oyunlardan çıxdılar. Öncə etnik zəmində qarşıdurma yaratmaq istədilər alınmadı, sonra dini zəmində yenə alınmadı. İndi də siyasi zəmində cəmiyyətdə qarşıdurma yaratmaq işinə başlayıblar.
Bir neçə ay öncə "verbovka" olunmuş dindarları küçələrə çıxarmaqla ölkədə iğtişaş yaratmaq istəyəndə, bizim cəmiyyət vahid mövqe ortaya qoydu və bildirdi ki biz dünyəvi dövlətik, kim dini diktatura hökm sürən ölkədə yaşamaq istəyirsə buyursun İrana, ya da Səudiyəyə.
Amma bunlar getmədilər. Çünki həmin ölkələrdə normal insan kimi yaşamağın mümkün olmadığını yaxşı bilirlər. Demək, bunların davası din davası deyil, dən davasıdır.
Öz aramızdır, bizim müxalifət də ağ eləyib. A balam, o boyda ingilisin pulunu basıb yeyirsiniz, amma düzəməlli bir şou göstərə bilmirsiniz. Ayıb deyilmi, Con əmi pulu yerdənmi yığır? Müxtəxorlar!
Bax, elə yaxşı eləyib son vaxtlar sizdən üz döndəriblər. Görün nə gündəsiniz ki, Ağ Evdəki qara ağaları sizi öz nəzarətlərində olan radikal dini terror təşkilatlarının nəzarətinə verib. Yəni, siz bizim təşkilatlarla görüşmək səviyyəsində deyilsiniz, gedin saqqallı terrorçularla danışın, bəlkə onlar sizə kömək etdilər.
Əgər artıq çirkin planlarınızı həyata keçirmək üçün ümidiniz vəhabilərə, nurçulara, radikal şiələrə, "Hizbullah", "Taliban" kimi terrorçu təşkilatlara qalıbsa, onda ərəblər demiş vay sizin halınıza.
Ərəblər demişkən, indi ağalarınızın bəzi ərəb ölkələrində başladığı təcavüz prosesindən ruhlanıb, elə bilirsiniz siz də burada həyasızlıq salıb ölkəni qarışdıracaqsınız, Con əminiz də gəlib sizi hakimiyyətə mindirəcək? Ay-hay, ölmüşdü Xankişi!
Keçən dəfə 5-10 tələbəni qızışdırıb saldınız ortalığa, şou göstərdilər, amma bu konsert ağalarınızın o qədər də xoşuna gəlmədi, deyəsən. Çünki aksiyaya xalqdan heç kim qatılmadı. Xalq adına bircə jurnalistlər var idi, onlar da öz peşə borclarını yerinə yetirirdilər.
Sadəcə, bəzi qəzetlər çaşıb oraya şou-biznes müxbirlərini yox, reportyorlarını göndərmişdi, o üzdən də bu haqda xəbərlər siyasi bölmədə getdi. Eybi yoxdur növbəti konsertdə (aprelin 2-də keçirmək istədiyiniz icazəsiz həyasızlıq aksiyasını nəzərdə tuturam) bir az maraqlı proqramla çıxış edərsiniz, bəlkə ağalarınız 5-10 dram... ee dollar artıq göndərdi.
Beləliklə, bizim radikal müxalifət liderlərinin seçim qarşısında qalıblar- ya adi insanlar kimi cəmiyyətə xeyirli, səmərəli bir işlə məşğul olmaq, ya da ölkədən çıxıb getmək. Bizim xalqa satqın, sifarişlə ara qatan, hakimiyyət üçün hər şeyə gedən müxalifət lideri lazım deyil. Bu dilemmada düzgün seçim üçün lap az vaxtınız qalıb, buyurun seçin, cənablar və xanımlar!

Digər xəbərlər