Xarici donorların oyuncağa çevirdiyi müxalifətin acı aqibəti
Müxalifət düşərgəsində yeni yaradılan birlik və blokların xarici donorların səyi ilə meydana çıxdığını dəfələrlə bildirmişik. Onların sırf konyunuktur maraqlara görə müəyyən qüvvələrlə işbirliyinə getdiyini, imtiyazlar əldə etmək üçün ermənilərə belə qucaq açdıqlarını cəmiyyətimiz ayrı-ayrı vaxtlarda müşahidə edib. Sadəcə olaraq düşərgə yetkililəri bu günə qədər bu faktları ancaq inkar etməklə kifayətlənərək, əslində, öz bazarlarına uyğun fəaliyyət "proqramı"ndan bir addım da kənara çıxmayıblar. Çünki 20 ilə yaxındır ki, siyasi düşərgədə cəmiyyətin dəstəyindən uzaq qalmalarına görə müxalifət sözçüləri ancaq xarici donorlara borcludurlar. Bir müddət öncə "İctimai palata"ya xarici donor təşkilatların 10 milyon dollar ayırması barəsində ilginc faktların meydana çıxması və ümumilikdə, müxalifətin bir mərkəzdən idarə olunması üçün konkret göstərişin verilməsi barəsində şok olaylar artıq özünün bütün gizlin tərəflərini göstərməkdədir. Müxalifətin bir-birinin ardınca mitinqlər, küçə yürüşləri keçirəcəkləri barəsində qondarma bəyanatlar verməsi də, onların kənardan belə bir göstəriş almalarını isbatlamış olur.
Bütün bunların ardınca isə artıq tarixin arxivinə atılmış "Demokratiya Uğrunda İttifaq"da təmsil olunmuş partiyaların kənar qüvvələrin təkidi ilə qarşı-qarşıya dayanması məsələnin əsil məğzini açmış oldu. Çünki təşkilat buraxılmamışdan öncə, "Azadlıq" partiyasının sədri və Əhməd Oruc "İctimai Palata"nın bir oyun yuvası olduğunu, bunun ancaq kənar təsirlərin səyi ilə meydana çıxdığını bildirmişdi. Lakin nə fayda ki, müxalifətçilərin öz aralarında kiçik və böyük prinsipləri müəyyən kriteriyalara böldüyündən, Ə.Orucun dediyinə əhəmiyyət verən olmadı. Bu prosesdən sonra "DUİ"-nin fəaliyyəti dayandırıldı və bu barədə "KAXCP" sədri Mirmahmud Fəttayev özünü sığortalayan açıqlama verdi. M.Fəttayevin bu bəyanatından sonra isə, hələ də, "DUİ"-nin fəaliyyət göstərdiyini açıqlayan Ə.Oruc müxalifət düşərgəsində sifarişli oyunların oynanıldığını da dilə gətirdi. Ötən gün isə daha ilginc informasiyaları mətbuata ötürən "Azadlıq" partiyasının sədri müxalifət düşərgəsində olan nökərlərin ağı-qaradan seçmək kimi bir problemlə üz-üzə qaldıqlarını bildirib. Qeyd edib ki, "KXCP" ilə "Böyük Azərbaycan Partiyası" "Demokratiya Uğrunda İttifaq"dan öz xoşları ilə çıxmayıblar. "Onlara göstəriş gəldi ki, "DUİ"-dən çıxıb, qurumun buraxıldığını bəyan etsinlər. Onlar da göstərişi yerinə yetirdilər. Lakin "DUİ"-nin sıradan çıxmasına nail ola bilmədilər" deyən Ə.Oruc "DUİ"-nin fəaliyyətini davam etdirdiyini iddia edərək hazırda "qurum"da üç partiyanın olduğunu da bildirib.
Ə.Oruc keçmiş müttəfiqi olan "KXCP"-nin "DUİ"-dən çıxaraq qoşulduğu "İctimai Palata"nın fəaliyyəti haqqında da müəyyən ilginc açıqlamalar verib. Bildirib ki, "İctimai Palata"nın adicə nizamnaməsi belə yoxdur. "Orada kolxoz prinsipi fəaliyyət göstərir. Ötən 20 il ərzində demokratik düşərgənin uğursuzluqlarına səbəb olmuş, millətin uğursuzluqlarından alver eləmiş şəxslərin öncüllük etdiyi qurumdan mən müsbət nəsə gözləmirəm. Orada iştirakımızı da istisna edirik. Biz kabinet inqilablarını da mənasız imitasiya hesab edirik. Ancaq "DUİ"-dəki partiyaların üzvlərindən kimlərsə fərdi şəkildə "İctimai Palata"da iştirak edirsə, buna qadağa da qoymuruq" deyən Ə.Oruc keçmiş müttəfiqlərini açıq şəkildə ittiham edib.